22 Dekabr 2024, Bazar

İnsan mənəviyyatının zənginləşməsində mühüm rol oynayan güclü estetik təsir vasitələrindən biri də musiqidir. “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”, – deyən Konfutsinin bu sözləri musiqinin insan həyatındakı əhəmiyyətini, bir xalqın milli dəyərlər sisteminin formalaşmasındakı rolunu təsdiqləyir. Təbiidir ki, musiqi öz-özünə yaranmır, onu böyük sənətkarlar yaradır və əsrlərlə yaşayacaq əsərlərə, mahnılara çevirir. Həmin sənət adamları zamanın fövqündə dayanaraq yaratdıqları musiqi nümunələri ilə daim yaşayır və dərin ehtiramla yad edilirlər.

Tarixən mədəniyyətin, incəsənətin, ədəbiyyatın beşiyi olan ölkəmizdə, eləcə də onun dilbər guşəsi olan Naxçıvanda musiqi mədəniyyəti daim inkişaf edir. Bu diyar yetirdiyi görkəmli incəsənət adamları ilə günümüzdə də inkişafın zirvəsində dayanır. Əminliklə qeyd edə bilərik ki, bu inkişafın əsasını həmin sənətkarların yaratdıqları mədəni irs təşkil edir. Belə sənətkarlardan biri də ötən əsrin keşməkeşli illərində ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var qüvvəsi ilə çalışan, böyük sevgi və həvəslə sənətini yaşadan mərhum bəstəkar, dirijor Məmməd Məmmədovdur.
Bəstəkar Məmməd Məmmədov 1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində dünyaya göz açıb. O, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Bu istedadlı gənc texnikumda oxuduğu illərdə musiqiyə də böyük maraq göstərir. Onun həvəslə bu sahəyə can atması gəncliyini və gələcəyini həsr edəcəyi musiqi dünyasına yönəlməsi, öz həyatını truba nəfəsli aləti ilə bağlaması ilə nəticələnir.

Truba xalq çalğı aləti olmasa da, bəstəkar milli musiqi nümunələrini bu alətdə məharətlə ifa etməyi öyrənir. O, həmin əsərləri yoldaşlarına da öyrədir, melodik ifa tərzi ilə onları heyran edir. Qısa zamanda gənc musiqiçi peşəkar ifaçıya çevrilir. Bu da səbəbsiz deyildi. Çünki o, bu aləti ona sevdirən, musiqini həyatının ayrılmaz hissəsinə çevirən, Naxçıvanda nəfəsli alətlər üzrə tanınmış ifaçı, gözəl musiqiçi, pedaqoq Məmməd Kəngərlinin şagirdi idi. Musiqişünas Nazim Quliyevin bəstəkar Məmməd Məmmədov haqqında yazdığı monoqrafiyada bəstəkarın ilk müəllimi barədə xatirələri belə qələmə alınıb: “İlk müəllimim Məmməd Kəngərli gözəl insan, istedadlı musiqiçi, pedaqoq idi. O, riyaziyyat müəllimi kimi fəaliyyət göstərdiyi orta məktəbdə çox əziyyətlərə qatlaşaraq ictimai əsaslar üzrə nəfəsli alətlər orkestri yaratmışdı. Mən də həmin orkestrin üzvü idim. İlk dəfə trubada ifa etməyi də məhz bu orkestrdə Məmməd Kəngərlinin köməkliyi ilə öyrəndim. Müəllimimlə birlikdə 1938-ci ildə muxtar respublikamızda ilk dəfə qızlardan ibarət nəfəsli alətlər orkestri yaratmağa nail olduq. Həmin orkestrin çıxışları mənim yaddaşımda silinməz izlər buraxıb”. İlk müəllimini ömürboyu unutmayan bəstəkar özü də tələbələri tərəfindən unudulmadı, xatirəsi onu sevənlərin qəlblərində əbədiləşdi.

İstedadlı gənc həyatını musiqisiz təsəvvür edə bilmirdi və bu onun gündəlik mənəvi tələbatına çevrilmişdi. Musiqiyə olan sonsuz həvəsi onu Bakı şəhərinə – ozamankı Musiqi Texnikumuna aparır. O, burada nəfəsli alətlər şöbəsində təhsil alır. Məmməd Məmmədov texnikumdakı təhsil illərində böyük sənətkarlardan, xüsusilə də dahi bəstəkarımız Üzeyir Hacıbəylidən dərs alır. Ömrünün xoşbəxt çağlarını yaşayan bu gənc təhsil illərində bərk xəstələnir. Bakı şəhərində tənha yaşayan Məmməd Məmmədovun köməyinə yalnız dahi bəstəkar deyil, həm də millətpərvər ziyalı, böyük insan olan bəstəkar Üzeyir Hacıbəyli yetişir. Onunla şəxsən maraqlanır, maddi-mənəvi dəstəyini əsirgəmir. Lakin maddi çətinliklər musiqiçini Naxçıvana qayıtmağa məcbur edir və beləcə, bəstəkarın Bakıdakı təhsili yarımçıq qalır.
Naxçıvana qayıdan gənc Məmməd öz üzərində daha böyük səylə çalışır. İfaçı kimi çıxışlar edir, muxtar respublikanın musiqi həyatında tanınmağa başlayır. Məharətli ifaçı kimi seçilən Məmməd Məmmədov nəfəsli alətlər üçün kiçik pyeslər, marşlar və xor üçün kütləvi mahnılar bəstələyir. Bu illərdə gənc musiqiçi artıq bəstəkar kimi də püxtələşir. Onun bu sahədəki ilk böyük məsuliyyəti 1940-cı ildə Bakı şəhərində keçiriləcək idman bayramının musiqisinin sifarişini qəbul etməsi olur. Çoxlarını heyran edən şən musiqinin dirijoru isə XX əsrin məşhur sənətkarı maestro Niyazi idi. Onun kimi dahi sənətkarın bu əsərə dirijorluq etməsi artıq Məmməd Məmmədovun uğurlu yaradıcılıq yoluna qədəm qoymasından xəbər verirdi.
Bəstəkarın coşqun sənət axtarışlarında olduğu günlərdə İkinci Dünya müharibəsinin başlandığı xəbəri yayılır. Məmməd Məmmədov da o odlu-alovlu günlərdə Vətənin müdafiəsi üçün cəbhəyə yollanır. Müharibənin ağır vaxtlarında gənc musiqiçi əlində silah tutsa da, sənətindən də uzaqlaşmır. Orduda yaradılan orkestrin tərkibində də çıxışlar edir. Doğma elindən, obasından uzaqlarda Azərbaycan xalq mahnı və rəqslərini ifa edərək həmyerlilərinin könlünü oxşayır, onlara Vətən həsrətini az da olsa, unutdurur.
Müharibənin dəhşətli illərinin şahidi olan bəstəkar yaradıcılığının böyük hissəsini məhz həmin vaxtlara həsr edib. Hələ də öz dəyərini itirməyən “Dostluq mahnısı”, “Ana Vətən” və “Azərbaycanım” mahnıları bu gün də ifa olunarkən həmin illəri yada salır.
Müharibə başa çatır, qələbə ilə öz doğma diyarına qayıdan Məmməd Məmmədov yaradıcılıq axtarışlarını davam etdirir. Bu illərdə o, muxtar respublikanın musiqi həyatında əvəzsiz rol oynayır. Belə ki, 1950-1960-cı illərdə keçirilən “Mahnı və çiçək”, “Məhsul” bayramlarında onun rəhbərliyi ilə hazırlanan musiqi kompozisiyaları Naxçıvan sakinlərinin qəlbində silinməz izlər buraxıb.
Məmməd Məmmədov 1961-ci ildə ozamankı Moskva Xalq Musiqi İnstitutunu Dirijorluq ixtisası üzrə bitirir. Bu illər orta məktəblərlə yanaşı, Naxçıvan pioner və məktəblilər evi də bəstəkar, dirijor, pedaqoq üçün yaradıcılıq “laboratoriya”sına çevrilir. Onun 1956-cı ildə burada yaratdığı və uzun müddət rəhbərlik etdiyi “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının fəaliyyəti Naxçıvan musiqi mədəniyyəti tarixinin zəngin səhifələrini təşkil edir, – desək yanılmarıq. Təsadüfi deyil ki, konsertlərdəki ifalardan sonra görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının fəaliyyətini qiymətləndirərək onları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının layiqli davamçısı adlandırmışdı. Həmin ansamblın yetirmələrinin adlarını çəksək dediklərimiz öz təsdiqini tapar: Nazim Kazımov, Nazim Quliyev, Rəfail Kərimov, Elbrus Mehdiyev...
Bəstəkarın yaradıcılıq yolu həm də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlıdır. Belə ki, Məmməd Məmmədov Naxçıvan teatrı səhnəsinə qoyulan 30-dan artıq müxtəlif janrlarda yazılmış tamaşalara musiqi bəstələmiş və bir çox əsərlərə musiqi tərtibatı vermişdir. O, Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Hüseyn Cavidin “Səyavuş”, Bəxtiyar Vahabzadənin “Ədalət”, Lope de Veqanın “Seviliya ulduzu”, Andrey Qlobanın “Dağılmış piyalə”, Hüseyn Razinin “Arxalı dağlar”, Əliyar Yusiflinin “Vicdan əzabı”, Əşrəf Qənbərovun “İlan yuvasında fırtına”, Həmid Arzulunun “İnam” pyeslərinə və digər səhnə əsərlərinə musiqi bəstələmişdir. Bu tamaşaların musiqiləri sonralar da konsert salonlarında ifa edilərək dinləyicilərin rəğbətini qazanmışdır.
Bəstəkarın yaradıcılığında mahnı janrı da mühüm yer tutur. Onun bəstələdiyi “Azərbaycanım”, “Gənclik mahnısı”, “Dostluq mahnısı”, “Olaydım mən”, “Ana Vətən”, “Nəğmə çalır ürəyim” və digər mahnıları bu gün də populyarlıqlarını itirməyib və müğənnilərin ifasında sevə-sevə dinlənilir.
Məmməd Məmmədovun çoxşaxəli yaradıcılığı bununla bitmir. O, kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər bəstələyib. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün “Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün “Miniatürlər”, “Qaytağı”, truba və fortepiano üçün “Lirik rəqs”, “Vals”, xor üçün əsərlər, mahnı və romanslar onun yüksək sənətkarlığından xəbər verir.
Bəstəkar-musiqişünas Məmməd Məmmədovun yaradıcılıq irsi zəngin olsa da, çox təəssüf ki, ötən əsrin 80-ci illərinin sonlarında sənət adamlarına qarşı olan etinasızlıq ucbatından əsərlərinin bir çoxunun notları, lent yazıları qorunub saxlanılmayıb.
Pedaqoji fəaliyyətinə orta məktəbdə başlayan bəstəkar sonralar Naxçıvan Pedaqoji Texnikumunda çalışmış, bununla yanaşı, Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində gənc musiqiçilər yetişdirmişdir. Ömrünün son günlərinə qədər musiqidən ayrılmayan sənətkar 1987-ci ildə dünyasını dəyişmişdir. Muxtar respublikamızda xor kollektivlərinin, vokal ansamblların, nəfəsli alətlər orkestrinin yaradıcısı, musiqi məktəblərində truba və akkordeon siniflərinin açılmasının səbəbkarı, musiqi kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olan bəstəkar, dirijor, pedaqoq Məmməd Məmmədovun xidmətləri daim qiymətləndirilib. Belə ki, o 1964-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Naxçıvanda ilk dəfə fəaliyyətə başlayan, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yadigarı, bəstəkarın müəllim kimi fəaliyyət göstərdiyi 1 nömrəli uşaq musiqi məktəbi bu gün Məmməd Məmmədovun adını daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yanvarın 28-də “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam sənətkarın yaradıcılığına verilən ən yüksək dəyərdir. Əminliklə qeyd edə bilərik ki, həmin sərəncam ömrünü Naxçıvan musiqi mədəniyyətinin çiçəklənməsinə həsr edən bəstəkarın yaradıcılığının dərindən araşdırılıb öyrənilməsinə və təbliğ olunmasına geniş imkanlar açacaq.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR