Mütaliənin insan həyatındakı tarixi rolu danılmazdır. Eramızdan əvvəl dördüncü əsrdə Menandr belə demişdir: “Oxumağı bacaranlar ikiqat görürlər”.
Texnologiyanın inkişafı, internet, sosial şəbəkələrin imkanları hər gün müxtəlif yazıların, müəlliflərin, yeni-yeni imzaların inkişafına xidmət edir. Bu gözəldir, mədəni inkişafın bir qapısı da ola bilər. Lakin bütün danışa bilənlərin həm də yaza bilmə iddiası, ciddi ədəbiyyat oxucularının və əsl ədəbi tənqidçilərin azlığından qaynaqlanmırmı?!
İnformasiya bolluğu içərisində, zaman məhdudiyyətini də nəzərə alsaq, müasir gənclik, bəzən daha çox nəyi oxuyacağını tam aydın seçə bilmir. Və böyük tələbə auditoriyalarında çoxluq təşkil edən suallardan biri də “Biz nəyi oxuyaq?” dır. Bu suala Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”, əslində, mükəmməl və dolğun bir cavab oldu. Ali təfəkkürlə seçilmiş, məhz gəncliyin şəxsiyyət kimi inkişafına xidmət edə biləcək əsərlər bu siyahıya böyük müdriklik və uzaqgörənliklə daxil edilmişdir.
Ədəbiyyatda belə bir deyim var: “Yazmağı bilmirsinizsə, yazmayın, oxumağı bilmirsinizsə, öyrənin!”
Oxumağı öyrənmək!.. Bir millətin və dövlətin gələcəyi onun ziyalı vətəndaşlarından asılıdır. Ziya isə ancaq oxuyaraq, öyrənərək qazanılır. Mütaliə ilə zənginləşən insan gələcəyin insanıdır. Yalnız o, kütlə arasında fərqlənə bilər.
Nəzərə alsaq ki, müasir ədəbiyyat interferensiyada daha güclü və daha oxunaqlıdır, o zaman müasir yazarların daha məsuliyyətli olması çox mühüm, vacib bir məsələdir. Çünki müasir ədəbiyyat ultramodern hesab olunur və birbaşa təsir gücünə malikdir. Bu isə müasir gənclikdən zəkasını idarə etməyi öyrənməyi tələb edir. Çağdaş yazarların öhdəsinə də məhz oxucunu maarifləndirəcək əsərlər yazmaq düşür.
Qədim şumerlərin “Təbiəti oxumaq” adlı əfsanəsini yada salmaq yerinə düşərdi. Varisini taxta hazırlayan hökmdar onu şəxsiyyət kimi yetişmək üçün böyük ustadın yanına göndərir. Ustad ilk dərs olaraq şagirdini meşəyə göndərir və tapşırır ki, bir il sonra qayıda bilər və eşitdiyi bütün səsləri danışmalıdır. Bir il sonra şagird geri qayıdır və eşitdiyi bütün səsləri – quşların nəğməsindən, yarpaqların xışıltısından, arıların vızıltısından və mehin pıçıltısından danışır. Ustad qane olmur və gənci yenidən meşəyə öyrənməyə göndərir. Meşəyə qayıdan gənc uzun müddət təklikdə təbiəti dinləyir, təfəkkürlə təbiətə fokuslandıqca onu daha aydın anlayır. Vədəsi tamam olanda ustadının yanına qayıdır, daha əvvəl eşitmədiyi səslərdən danışır: çiçək necə açır, kainat necə işıqlanır, qaranlıq işıqdan necə qorxur... təbiəti oxuduğunu anlayır. Ustad razılıqla başını tərpədir – eşidilməyəni eşitmək, təbiəti oxumaq ən böyük hünərdir, – deyir.
Oxumağı bacaranlar bəsirət gözü ilə görürlər. Müqəddəs kitabımız “Qurani-Kərim” də “Oxu, Yaradanın adı ilə oxu!” kəlamı ilə başlamırmı?!
Əgər ədəbi proses – yazmaq və oxumaq prosesi milli və bəşəri ənənələr üzərində təşəkkül tapırsa, deməli, hər bir yazı bəşəriyyətin tarixinə çevrilə bilər. Bu zaman ədəbi proses insanı – həvəskar yazan və ya peşəkar yazar millətin, bəşəriyyətin taleyi üçün məsuliyyət hissini unutmamalıdır. Bu mənada, Ali Məclis Sədrinin oxunması zəruri olan kitabların siyahısı ilə bağlı təsdiq etdiyi sərəncam diyarımızda fəaliyyət göstərən pedaqoji kollektivlərdən və Naxçıvan ədəbi mühitindən mütaliəni istiqamətləndirmək, yeni-yeni zəruri bədii ədəbiyyatların yazılmasına və təbliğinə səfərbər olmağı tələb edir. Artıq bu istiqamətdə aparılan çoxcəhətli işlər Naxçıvan gəncliyinə mütaliə mədəniyyətinin aşılanması, beləliklə də, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması baxımından öz bəhrəsini verməkdədir. Bu, eyni zamanda muxtar respublikada gənclərin milli-mənəvi tərbiyəsi, gələcək cəmiyyətə kamil şəxsiyyət kimi hazırlanmasına xidmət edən məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir.
Ruhəngiz ƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi