22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətli poçt markalarının da yer aldığı “Naxçıvan” adlı albom nəşr edilib. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Caspigroup”mətbəəsində 2 min ədəd tirajla nəfis şəkildə tərtib edilən albomun üz qabığında Möminə xatın türbəsindən fraqment təsvir olunub.

Albomun layihə rəhbəri Leyla Gül­əliyevadır, dizaynı Fəxriyyə Məmmədovaya, markaların dizaynı isə Anar Mustafayevə məxsusdur. Albomdakı fotoların müəllifi ixtisaslaşmış fotoqraf Emil Xəlilovdur. Burada Naxçıvanın təbii landşaftlarının müxtəlifliyi, tarixi abidələri, insanlarının həyatı və mədəniyyət ənənələri, etnoqrafik süjetlər fotolarla ətraflı şəkildə təqdim edilir. Albomda Naxçıvanın təbiəti, memarlığı, ziyarətgahları, Gəmiqaya petroqliflərinin öz əksini tapdığı 20 marka, ümumilikdə, 135 foto vardır. Hər bir foto və markanın aşağısında verilən Naxçıvan haqqında kiçik informasiyalar albomu daha da maraqlı edir: “…Yerli sakinlərin arasında dolaşan əfsanəyə görə, Nuhun gəmisi bir vaxtlar məhz elə bura yan alıb. Bax ora, bazalt dağ yüksəkliyinə – bu günə qədər də buranı Gəmiqaya adlandırırlar. Gözəl əfsanədir. Elə axşamçağı – şairlərin qafiyələrin axınından nəfəsini dərə bilmədiyi, fotoqrafların bu anı yaddaşlara köçürmək, onu saralmış payız yarpağı kimi çayın axını ilə aşağı aparmağa çalışan zamanın axarından xilas etmək üçün obyektivləri ilə can atdıqları bir vaxtda sulu boyalı səmanın fonunda qaralan Gəmiqaya kimi gözəl…” Albomdakı mətnlərin müəllifi Nigar Musəvidir.
Qeyd edək ki, “Naxçıvan” adlı albom ötən il bu qədim diyarımızın muxtariyyətinin təntənə ilə qeyd olunan 95 illiyinə qiymətli töhfə, geniş oxucu kütləsi üçün də nəfis ərməğandır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR