22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir,  tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral  tarixli  Sərəncamı elə bu qiymətli milli sərvətimizə böyük ehtiramın ifadəsi kimi dəyərləndirilir. Sərəncam xalq yaradıcılığının  müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açıb. Sərəncamda digər sahələrlə yanaşı, yallı rəqsləri barədə də deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün  təzahür forması olan  folklorun,  musiqi və rəqs sənətinin ən qədim  qaynaqları  eramızdan əvvəl  IV-I minilliklərə aid  Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi  qədim qaynaqlarda öz əksini  tapmışdır. Dünyanın ən qədim  kollektiv ifa  növlərindən  olan  Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”. 

 Yallılar uzun bir inkişaf yolu qət edib, zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilərək gözəllik və incəliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olub, ruhumuzu oxşayan digər çalarlarla  zənginləşib.

Tədqiqatçıların fikrincə, yallı rəqslərinin tarixi yaranma tarixi əlifbanın,  yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. Aparılan araşdırmalara görə, ilkin yallı oyunları oda, atəşə pərəstiş dövründə  formalaşıb. O, od-ocaq ətrafında  toplanan  mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin başlıca məşğuliyyət sahəsi çevrilmiş  ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə  and vermək istəyənlər  özlərinin bu münasibətlərini mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yallılarda  mərdlik, birlik, çağırış, sevgi  və qabiliyyət hissləri xarakterizə edilir. Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı “Kitabi-Dədə Qorqud” dastanlarında  sözlə-fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü xüsusi məna və məzmun daşıyıb.  Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını  həmişə haqq-ədalətə və sülhə can atmasını özündə yaşadıb. Bununla bağlı Qobustan və Gəmiqaya qayaüstü  rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında müəyyən təsvir və məlumatlara rast gəlinir. Azərbaycanın tanınmış  musiqiçisi, xalq artisti Əminə Dilbazi deyirdi ki, yallılar qədər  ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur: “Söz demədən o xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir”. O, bu mənada Şərur yallılarını birinci sırada görür. Çünki Şərur yallılarının tarixi, ruhi-mənəvi qaynaqları, bədii-estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin  rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında  deyiləsi fikirlərə  bu gün böyük ehtiyac  vardır.

Qürurvericidir ki, Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar  Naxçıvan  Muxtar Respublikası  Ali Məclisi Sədrinin  2018-ci il 24 dekabr  tarixli  Sərəncamına əsasən Tədbirlər Planı təsdiq edilib.

Muxtar respublika rəhbərinin qayğısı ilə yallı sənətinin inkişafı sahəsində məqsədəuyğun addımlar atılıb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı  nəşr olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Şərur yallılarının  reyestri”nə daxil edilməsi nəzərdə tutulan yallılara dair  məlumatlar haqqında ötən ilin 21 dekabr tarixli Qərar qəbul edilib. Qərara əsasən “Köçəri”, “Göyçəməni”, “Tənzərə”, “Baharı”, “Xələfi”, “Qaleyi”, “Nareyi”, “Xəlili”, “Bəndil”,”Gilanı” və sair yallıların  adları “Şərur yallılarının  reyestrinə daxil olunub.

Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox  növü olub. Onların bir qismi  toy mərasimlərində, el şənliklərində yaşadılaraq  bu günə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması və təbliğində “Şərur” yallı ansamblının mühüm rolu olub.

Ansamblın əsası 1924-cü ildə qoyulub. 30-cu illərin ortalarından “Staxanov kolxozçularının rəqs ansamblı” adı ilə  fəaliyyətə başlayıb. Ölkəmizdə mədəniyyətə,  onun ayrılmaz qolu olan  incəsənətə  göstərilən qayğı və diqqətdən bu kollektiv də nəsibini alıb. Ötən əsrin 70-ci illərindən “Şərur yallısı” el-el, oba-oba gəzib, dolaşıb. Kollektiv dünyanın  bir çox  ölkələrində keçirilən festivallarda  iştirak edərək diplom  və mükafatlara layiq görülüb. 1970-ci illərdə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər  sırasında  bu ansamblın çıxışları alqışlarla qarşılanıb. Respublika Sarayındakı  yekun tədbirdə  iştirak edən  ulu öndər Heydər Əliyev  konsertdən sonra  səhnə arxasında  ifaçılarla söhbət edərkən onların çıxışından  razı qaldığını bildirib, tövsiyyə və tapşırıqlar verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını  qoruyub saxlayın. Bu Naxçıvanın tacıdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  tapşırığına əsasən Azərbaycan  Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar apararaq bu irsin  UNESCO səviyyəsində qorunması sahəsində tədbirlərin  həyata keçirilməsi, “Şərur” Xalq Yallı Ansamblının  fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi bu sənət sahəsinə nə qədər böyük diqqətin olduğunu bir daha təsdiqləyir.

Xalqımızın qəhrəmanlıq salnaməsinin bir parçası, birliyin, həmrəyliyin ən xoş gündə, çətin anda, dar zamanda göstəricisi olan yallılar el coşqusu ilə ifa edilib. İgidlər döyüşə yallı sədası altında yollanıblar. Buna görə də hər bir obada, oymaqda, kənd-kəssəkdə indi də bir xeyir iş olanda səsindən dağlar, daşlar  lərzəyə gələn qara zurnanın müşayiəti ilə yallılar  elə bir həvəslə  ifa olunur ki, hətta yallı getməyi bacarmayanlar belə  sıraya qoşulur. Yallılar  xalqımızın  tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu  kimi  çatdırmaq bizlərin vətəndaşlıq borcudur. 

Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR