22 Dekabr 2024, Bazar

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqvimində dövrlərə – çillələrə bölünür. Azərbaycan ərazisində bəzi təsəvvürlərdə qış qoca qarı şəklində də təqdim olunur. Belə deyərlər ki, qış Böyük çillə, Kiçik çillə və Boz ay adlarında üç oğlu olan qoca qarıdır. Dekabr ayının 20-də daxil olan Böyük çillə yanvar ayının 31-i gecəsi öz yerini Kiçik çilləyə verir. Fevral ayının 1-dən etibarən Kiçik çillə, necə deyərlər, öz hökmünü göstərməyə başlayır. Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq arasında da deyilir: “Əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə. Bu vaxt hava çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlər uzanır”.

Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir. Maraqlı cəhətlərdən biri də odur ki, xalq özünün şərə, pisliyə münasibətini də milli təfəkküründəki Kiçik çillə ilə bağlı poetik tərzdə ifadə edir. Bəzi informatorlar belə deyərlər ki, evin, ailənin kiçik övladı kimi, Kiçik çillə də öz ərköyünlüyünü nümayiş etdirir. Bu ərköyünlüyü poetikləşdirən xalq ona animist yanaşmasını belə ifadə edir:
Kiçik çillə...
Boyu bir belə...
Hikkəsi bir belə...
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...
Kiçik çillənin ilk onuncu günü Xıdır Nəbi mərasimi qeyd olunur. AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin də etnoqrafik tədqiqatlara əsasən qeyd etdiyi kimi, Naxçıvan ərazisinin bir sıra kənd­lərində və Naxçıvan şəhərində fevral ayında, yəni “qışın oğlan çağında”, “Kiçik çillə tüğyan edən” vaxt “Xıdır Nəbi” adı ilə bilinən mərasim çox təntənə ilə qeyd edilir.
Toplanmış etnoqrafik materiallara əsaslanaraq demək olar ki, bayram Xızır Peyğəmbərin şərəfinə keçirilir. Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən üç gün əvvəl, üç gün də sonra yel əsər. Bu yel “Xıdır yeli” adlanar, çox da güclü olar. Yel əsməyə başlayanda hər tərəf toz-torpağa bürünər. Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atını çapmasından qopan tozdur. Xıdır öz gəlişini belə bildirər. Üç gün sonra əsən yel Xıdırın getdiyini bildirər. Yenə hər tərəf toza, dumana bürünər. Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır özü yaşıl geyimli, atı isə boz rəngdədir.


Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində Xıdır Nəbi mərasimində ən çox sevilən nemət buğda qovurulmuşudur. Bu, xalq təqvimi dövrünün simvolik yeməyi kimi məşhur olan qovutun hazırlanması mərasiminin özəlliyini vurğulayır. Undan və şərbətdən hazırlanan qovut istilikyaradan yemək kimi ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. Bu da insanların “ərköyün və ziyankar” Kiçik çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir. Havaların olduqca soyuq keçməsindən ehtiyatlanan etnos təbiətin ona xoş davranması üçün qurbanvermə, itaət­etmə rituallarını həyata keçirirdi. Bu ritual­ların müəyyən elementləri hazırda qovutun hazırlanması mərasimində özünü qoruyub saxlamaqdadır.
Qovut hazırlayan qadınlar Kiçik çillə girəndən buğda tədarükünü aparırlar. Beləliklə, buğda qovurulur. Qovurulan buğda əl dəyirmanında döyülür. Döyülən buğda una çevrilsə də, iri dənələrin qalması qovutu daha dadlı edər. Bu unun üzərinə yağ, şərbət də əlavə olunar, əldə sıxılmaqla balaca kündə və oval şəklində forma verilər. Əvvəllər qovut üçün seçilən buğda şirin buğda növündən olardı və ona şərbət əlavə edilməzdi. Belə qovut daha dadlı olardı. Hazırlanan qovut kiçik qablarda evin dörd küncünə qoyulur. Etiqada görə, Xıdır Nəbi gecə gəlib qovuta barmaq basa. Onun üzərinə barmağını basdığı qovutu gələn ilə saxlayarlar. Bu, bərəkət rəmzi hesab olunmaqla Xıdırın həmin evə ruzi, bolluq arzusunu ifadə edən inancdır. Bu baxımdan xalq arasında bərəkətli olan ruzi, tükənməz var-dövlət haqqında belə deyərlər: “Buna Xıdırın əli dəyib”.
Əvvəllər Xıdır Nəbi bayramı yalnız qadınlar tərəfindən icra edilərdi. Naxçıvan Muxtar Respublikası ərazisində bu bayramın əsas icraçıları indi də qadınlardır. Belə ki, mərasimin xoş keçməsini, ilin bərəkətli, xeyirli olmasını arzulayan qadınlar evlərdə təmizlik işləri aparar, qonşu və qohumlarda olan qadınlar bir evə toplaşıb nəğmələr oxuyar, şirniyyatlar bişirərlər. İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar. Həm də həmin mərasim dönəmində insanlar bir-biri ilə mehriban münasibətdə olmalıdır.
Türk xalqlarında olan mifik inanca görə, Xıdır Nəbinin iki qardaşı da var. Yəni Xıdır Zinda, Xıdır İlyas və Xıdır Nəbi üç qardaşdırlar. Xıdır Zinda çətinlikdə olanlara Tanrıdan aman, rəhm diləyər. Xıdır İlyas sudan insan üçün təhlükə yarananda köməyə çağırılar. Xıdır Nəbi isə qıtlıqdan, kasıblıqdan əziyyətə düşənə Tanrıdan kömək istəyər. Həmin mifik inancın qalıqları bu gün də yaddaşlarda qorunan bir kəlamda belə ifadə olunur: “İşlərin çətinlikdədirsə, Xıdır Zindanı çağır. Suda boğulanda, ya da susuzluqdan əziyyət çəkəndə Xıdır İlyası, kasıbsansa, ruzin yoxsa, Xıdır Nəbini səslə”. Təsadüfi deyil ki, bəzi türk xalqları tərəfindən, eləcə də Azərbaycanın müəyyən bölgələrində Xıdır Nəbi mərasimi “Xıdır­əlləz” də adlandırılır.
Muxtar respublikamızın ərazilərindən topladığımız inanc nümunələrinə əsasən Xıdır Nəbi mərasiminin fevral ayının 10-na qədər mövcud olan ilk cümə axşamında qeyd olunmağı məqbul sayılır. Bu da dini faktorların xalq mərasimlərinə, mərasim yaddaşına təsirinin nəticəsidir.
Ümumiyyətlə, Xıdır mifik türk təfəkkürünün məhsulu olan obrazdır. Kiçik çillənin gətirdiyi soyuq havadan, şaxta-borandan qorxu, onun qarşısını almaq üçün qədimdən indiyədək gəlib çıxan ayinlərin icrası, yaşıllıq, istilik, bolluq gətirən Xıdıra xoş münasibət arxaik təsəvvürlər sisteminin müasir dövrdə yaşayan izləridir. Bütün bunlar da qədim türk dünyagörüşünün ifadəçisi kimi böyük mahiyyət kəsb etməkdədir. Sevindirici haldır ki, qədim diyarımızın sakinləri xalqımızın zəngin adət-ənənələrinə, milli dəyərlərinə hər zaman həssaslıqla yanaşdığı kimi, xeyirxahlıq, ruzi-bərəkət, əmin-amanlıq diləkli Kiçik çillə və Xıdır Nəbi mərasimini də əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürərək qoruyub yaşatmağa müvəffəq olmuşlar.


Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR