Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Qarabağlar Türbə Kompleksində olublar. Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.
Bildirilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalan kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Qülləvarı xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.
Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov əcnəbi tələbələrə Naxçıvanın tarixi, mədəniyyəti haqqında məlumat verib. Bildirilib ki, bu qədim diyar olduqca zəngin tarixə malikdir. Bu ulu torpaq tarixi-mədəni abidələri ilə öz qədim keçmişindən xəbər verir. Vurğulanıb ki, qədim tarixi özündə əks etdirən memarlıq tikililərinə malik olan Naxçıvan bəşəriyyətin beşiyi, sivilizasiyanın məskənidir.
Xarici tələbələr üzrə dekan Ceyran Quliyeva diqqətə çatdırıb ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Bu da universitetdə xarici tələbələrə göstərilən yüksək dövlət qayğısı ilə birbaşa bağlıdır. Tariximizin tanıdılması istiqamətində, xarici tələbələrin asudə vaxtlarının səmərəli təşkilində bu cür ekskursiyaların əhəmiyyəti vurğulanıb.
Ekskursiyanın sonunda əcnəbi tələbələr üçün “Görüş yeri” kafesində çay və yemək süfrəsi təşkil edilib. Banqladeşli tələbə MD Tanvir Rahman, nigeriyalı tələbə Rotimi Adekunle qeyd ediblər ki, Naxçıvanda onlar təhlükəsizlik cəhətdən özlərini rahat və güvəndə hiss edirlər. “Sizin qonaqpərvərliyiniz bizim üçün ideal bir örnəkdir”, – deyən tələbələr onlara yaradılan şərait üçün minnətdarlıqlarını ifadə ediblər.
Səadət ƏLİYEVA