Muzeylər mədəniyyət, elmi-tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni irsi toplayır, öyrənir və mühafizə edir. Bununla da əhalinin mədəni şüur səviyyəsinin yüksəlməsinə, cəmiyyətin mənəvi inkişafına, bütövlükdə, dövlətin tərəqqisinə çalışırlar. Muzeylərin yaranma tarixinin eramızdan əvvələ təsadüf etdiyini nəzərə alsaq, belə mədəniyyət müəssisələrinin inkişaf yolunu da göz önünə gətirmiş olarıq.
Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, ulu öndərin hakimiyyəti illərində Azərbaycanda 111 müxtəlif profilli muzey yaradılıb. Hazırda onların sayı 200-dən çoxdur.
Muxtar respublikamızda da dövlətin və millətin maddi və mənəvi sərvətinin toplanması, qorunması, təbliğ olunması və gələcək nəsillərə çatdırılması işi diqqət mərkəzində saxlanılır. Fəaliyyət göstərən hər bir muzey və muzey əməkdaşları Vətənə, dövlətə, xalqa xidmət kimi tarixi vəzifələrini dərk edir, bu işin öhdəsindən məsuliyyətlə gəlməyə çalışırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılan Bəhruz Kəngərli Muzeyi XX əsrin əvvəllərində baş verən tarixi, ictimai-siyasi hadisələri təsviri sənətin qüdrəti ilə özündə əks etdirən mədəniyyət ocaqlarındandır. Belə ki, muzeydə qorunan və nümayiş etdirilən Bəhruz Kəngərlinin “Qaçqınlar” portret silsiləsi, həmçinin rəssamın yaratmış olduğu etnoqrafik rəsm əsərləri xalqımızın milli mədəni sərvəti, qiymətli sənət əsərləridir. Ümummilli lider Heydər Əliyevin açılışında şəxsən iştirak edərək xeyir-dua verdiyi bu muzey hərtərəfli dövlət qayğısından yararlanaraq fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Onu da qeyd edək ki, artıq muzeylərə yeni baxış formalaşıb, muzey işinə innovativ yanaşma gözə çarpır. Bir çox dünya muzeyləri mədəni fəaliyyətin yeni növ və formalarını axtarır və inkişaf etdirirlər. Dünya muzeylərinin təcrübəsində interaktiv oyunlardan, viktorinalardan, səhnəciklərdən, müxtəlif profilli sərgilərdən, tarixi və əlamətdar günlərlə bağlı açıq dərslərdən geniş istifadə olunur. Bu mənada, muxtar respublikamızdakı muzeylər şəbəkəsi tamamilə dünya standartlarına cavab verir.
Kompüter texnikasının və internetin inkişafı ilə diyarımızda da muzey sahəsində yeniliklər yaranıb. Məsələn, bu gün dünyada virtual muzeylər fəaliyyət göstərir. Bu da uğurlu muzey layihələrindən biridir. Zamanın tələbindən yaranıb özünü doğruldan bu yeniliklərin tətbiqi məqsədilə Bəhruz Kəngərli Muzeyinin behruzkengerli.nakhchivan.az saytında da virtual səyahət bölməsi yaradılıb. Həmin bölməyə daxil olan bütün izləyicilər dünyanın istənilən yerindən bu mədəniyyət müəssisəsi ilə virtual tanış ola bilərlər.
Muzeylər xalqın milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürməklə bərabər, həm də maarifləndirici və tərbiyəedici kimi funksiyaların daşıyıcısıdır. Bu mədəniyyət ocaqları insanlarda milli-mənəvi dəyərlərə sədaqət, Vətənə məhəbbət, onun tarixinə, adət-ənənələrinə hörmət hissləri aşılayır. Muzeylərdə keçirilən mədəni-kütləvi tədbirlər isə bu işlərə təkan verir.
Muzey xüsusi elm, tədris mühitidir. Bu mədəniyyət ocaqlarının əsas missiyalarından biri onun tədris fəaliyyətidir. Müdriklər deyiblər ki, ağıllı valideyn kapitalı övladına qoyur. Yəni onun təhsilinə, tərbiyəsinə, ümumən, səviyyəsinin yüksəldilməsinə sərf edir. Bu gün dövlətimiz də bu mühüm məramı bir valideyn həssaslığı və qayğısı ilə layiqincə icra edir. Muxtar respublikada milli dəyərlərimizin yaşadılması, mədəni irsimizin təbliği istiqamətində görülən çoxşaxəli işlər sırasında ayrı-ayrı görkəmli sənətkarların həyat və yaradıcılığının gənc nəslə təqdim olunması başlıca yer tutur.
Görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir... Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir”.
Bu gün Naxçıvanda həyata keçirilən maarifləndirmə siyasəti və bu siyasətin nəticəsi olaraq muzeylərdə distant və açıq dərslərin keçilməsi gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Əgər bu gün şagirdlər muzeylərdə istər tariximiz, istərsə də ədəbiyyatımız, incəsənətimiz ilə bağlı nə isə öyrənə bilirlərsə, bəhrələnirlərsə, bu, gələcəyin milli ziyalısının yetişdirilməsi istiqamətində mühüm addım deməkdir. Eyni zamanda illər sonra Vətənə və xalqına qulluq edəcək kadrın zəngin dünyagörüşünün təməlinin bu gün möhkəm qoyulması deməkdir.
Bəhruz Kəngərli Muzeyi ilə əlaqə də şagirdlərdə milli dəyərlərimizə bağlılıq yaradır, o bağı möhkəmləndirir, şagirdlərin milli şüurunu formalaşdırır. Onlarda şəxsiyyət, zövq, düşüncə tərzi formalaşır. Məktəblilər əyani surətdə gördükləri bir rəsm əsərinə, tarixi bir əşyaya öz düşüncə tərzi ilə yanaşırlar. Muxtar respublikada gələcək nəsillərin daha da dünyagörüşlü, məntiqli, millətpərvər böyümələri, sərbəst fikrə sahiblənmələri, cəsarətli olmaları və öz düşüncə tərzlərini irəli sürmələri üçün muzeylərdə açıq dərs ənənəsinə xüsusi önəm verilir. Muzey ekspozisiyası şagirdlərə emosional təsir göstərir, onları mənən inkişaf etdirir. Bu proses həm də uşaqlarda məntiqin inkişafına stimul olur, mənəvi tərəqqiyə təkan verir, tarixi yaddaşı möhkəmləndirir. Bu mənada, açıq dərslərə cəmiyyəti düzgün istiqamətləndirməyə xidmət edən ideoloji bir proses kimi baxmaq lazımdır. Belə dərslər muxtar respublikamızda təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da bunu dərindən dərk edərək açıq dərslərin səmərəli təşkilinə məsuliyyətlə yanaşırlar.
Vətənpərvərlik hər bir insanın əməlləri ilə ölçülür. Bəhruz Kəngərli də əsl vətəndaş kimi Vətənlə bağlı heç bir hadisəyə laqeyd qalmayıb. O gah vətəndaşlıq mətanəti göstərərək “Qaçqınlar” portret silsiləsini yaratmaqla tarixin ağrı-acılarını gələcək nəsillərə ötürüb, gah yurdunun gözəl təbiətini böyük məhəbbətlə tərənnüm edib, gah da çoxəsrlik keçmişdən yadigar qalan tarix və mədəniyyət abidələrinə öz ehtiramını bildirib. Bununla da xalqın tarixini, mədəniyyətini, sənətkarlıq qabiliyyətini vəsf edib.
Bəhruz Kəngərli yaradıcılığının ana xəttini milli təəssübkeşlik təşkil edir. Görkəmli realist rəssamın mövzusundan asılı olmayaraq, bütün əsərlərində milli təəssübkeşlik özünü açıq-aydın büruzə verir. Məlumdur ki, Bəhruz Kəngərli çox zəngin portret qalereyası yaradıb. Bir çox müasirlərinin portretlərini çəkib, hətta bu istiqamətdə sifarişlər qəbul edib. Tanınmış fırça ustasının muzeydə də sərgilənən “Qaçqınlar” silsiləsinə daxil olan əsərlərinə isə qətiyyən adi portret kimi yanaşmaq olmaz. Bu əsərləri rəssam bütöv bir xalqın həqiqətlərini var qüvvəsi ilə hayqıraraq gələcək nəsillərə ötürmək məqsədilə, özü də böyük vətənpərvərlik yanğısı ilə yaradıb.
Bəhruz Kəngərli muzey ekspozisiyasında da xüsusi maraqdoğuran “Qaçqınlar” silsiləsində bu gün Ermənistan adlandırılan, əsl həqiqətdə isə qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycandan – öz doğma yurdlarından mənfur ermənilər tərəfindən didərgin salındıqları üçün Naxçıvana pənah gətirmiş insanları – qaçqınları təsvir edib. Bu, baş verən ədalətsizliyə qarşı bir sənətkar – vətəndaş, ziyalı etirazıdır. Həmin əsərlərdəki insanlar nə qədər məğrurdurlar. Hüzn, kədər, iztirab bu portretlərin qəhrəmanlarının simasında mükəmməl şəkildə təsvir olunub. “Canfəda kəndindən qaçqın oğlan”, “Yaycı kəndindən qaçqın oğlan Cümşün”, “Avşar kəndindən qaçqın qız”, “İki qaçqın qız”, “Ağ ləçəkli qaçqın qız” əsərlərindəki kədər fərdi kədər deyil, ümumxalq kədəridir. Bu insanlar qəmli ola bilərlər, çünki onlar torpaq itiriblər, yurd itiriblər. Lakin nə qədər də məğrur tuturlar özlərini. Ekspozisiyadakı bu əsərləri seyr etdikcə bir daha düşünürsən: rəssamın peşəkarlığıdır ki, bu insanların daxili sarsıntılarını təsvir edə bilib bu portretlərdə, onların simasına hopan təlatümlü daxili aləmlərini göstərə bilib. Rəssam “Ayaqyalın qadın”, “Qaçqınlar”, “Əyləşmiş qaçqın oğlan”, “Qaçqın İmran çanta ilə”, “Qaçqınlar arabada” əsərlərini yaratmaqla bir amala xidmət edib. Bu da ondan ibarətdir ki, vətənpərvər rəssam kimi tarixi həqiqətləri gələcək nəsillərə çatdırsın, əsərlərini sübut olaraq tarixi sənəd kimi ortaya qoysun. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir. Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam pul qazanmayıb. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edirdi. Əsl Vətən oğlu adlandırılmağa layiq olan görkəmli rəssamımız çox gözəl anlayırdı ki, hər bir vətəndaşın ilk vəzifəsi xalqının, millətinin istiqbalıdır. Rəssam bütün varlığı, milli təfəkkürü ilə düşünürdü ki, Vətənin dərdinə biganə qalmaq olmaz, çünki biganəlik milləti çökdürər. Bəhruz Kəngərlinin yaradıcılığına daha yaxından bələd olduqca insanı bir sual düşündürür: – Bəs biz Bəhruz Kəngərlinin vətənpərvərliyindən dərs götürə bilirikmi?
Adını bu gün fəxarətlə çəkdiyimiz milli ruhlu sənətkarımız yaşadığı qısa ömründə vətənpərvərliyin ən gözəl nümunəsini nümayiş etdirib. Bu vətənpərvərlik duyğusu muzey əməkdaşlarının fitrətinə hopub, muzeyin fəaliyyətinə yansıyıb. Xalqımızın millətpərvər oğlunun adına layiq keçirilən hər bir mədəni-kütləvi tədbirin ana xəttini millilik və vətənpərvərlik təşkil edir, rəssamın Vətən sevgisi hər kəsə nümunədir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey işində peşə vərdişləri formalaşdırılması məqsədilə fond mühafizləri, bələdçilər üçün mütəmadi olaraq keçilən təkmilləşdirmə kursları, seminar-treninqlərdə, təşkil olunan dəyirmi masalarda Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da fəal iştirak edirlər. Diyarımızda muzey işi sahəsində istər düzgün kadr siyasətinin aparılması, istərsə də peşəkarlığın artırılması istiqamətində görülən bu tədbirlər muxtar respublikada muzeyşünaslığın inkişafına sanballı töhfələrini verməklə yanaşı, kollektivimizi də mədəni irsimizin daha dolğun, planlı şəkildə təbliğinə səfərbər olmağa sövq edir.
Səbinə Əlincəli
Bəhruz Kəngərli Muzeyinin direktoru