Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “20 Yanvar faciəsindən 30 il ötür” adlı rəsm sərgisi açılıb.
Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Faciənin 30 illiyi ilə bağlı təşkil olunan növbəti sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov, Həmzə Sadiqov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qəhrəman Tağıyev, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, dosent Ələkbər Qasımov çıxış ediblər.
Sonra sərgiyə baxış olub. “Ümummilli lider Şəhidlər xiyabanında”, “Şəhidlər xiyabanı”, “Şəhid anası”, “20 Yanvar şəhidləri”, “20 Yanvar”, “Silahdaşın yanında” və digər əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bir həftə davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 20 rəssamın 30 əsəri nümayiş etdirilir.
Pərviz HACILI