Avqustun 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Trabzon Dövlət Teatrı tərəfindən hazırlanan “Bu da keçər ya hu” tamaşasına baxış olmuşdur.
Tamaşa başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələr yalnız siyasi və iqtisadi sahədə qurulan əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda mədəniyyət sahəsində də əlaqələr durmadan inkişaf edir. Mədəni sahədə əlaqələrin inkişafında teatrların mühüm rolu vardır. Çünki teatrlar hər bir xalqın mədəniyyətini yaşadan, inkişaf etdirən, təbliğ edən sənət ocaqlarıdır.
Qeyd olunmuşdur ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Naxçıvan teatrının Türkiyə teatrları ilə sıx əlaqəsi qurulmuşdur. Trabzon Dövlət Teatrı tərəfindən hazırlanan “Bu da keçər ya hu” tamaşasının Naxçıvan teatrının səhnəsində göstərilməsi Naxçıvan teatrı ilə qardaş ölkənin sənət ocaqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində və yaradıcılıq axtarışlarının artırılmasında mühüm əhəmiyyətə malik olacaqdır. Sarvan İbrahimov teatrın kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulamış, onları 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı münasibətilə təbrik etmişdir.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Cenk Ünal çıxış edərək demişdir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Naxçıvan Muxtar Respublikası ilə də bütün sahələrdə qurulan uğurlu əməkdaşlıq dərin köklərə malikdir. Trabzon Dövlət Teatrının kollektivinin Naxçıvana səfər etməsi də mədəniyyət sahəsindəki əlaqələrin inkişafının daha bir təzahürüdür. Cenk Ünal teatrın kollektivinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Sonra tamaşaya baxış olmuşdur.
Trabzon Dövlət Teatrının aktyorlarından Fatih Dokgöz, Birkan Görgün, Fatih Topçuoğlu, Banu Manioğlu, Utku Ölmez və digərlərinin rol aldığı ikipərdəli tamaşaya Barış Erdenkin rejissorluğunda quruluş verilmişdir. Uğur Saatçının eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərində Osmanlının süqutu və Türkiyənin işğala məruz qaldığı bir vaxtda İstanbulda baş verən hadisələr canlandırılır. Tamaşada türk xalqının işğalçılara qarşı apardığı milli mübarizəyə öz imkanları daxilində dəstək verən Süha, Kəmal, Kadriyə, Falih obrazları özünəməxsus təbiiliklə canlandırılmışdır. Əsas süjet xəttinin milli mübarizə motivləri üzərində qurulması və yumoristik çalarlarla tamaşaçıya çatdırılması səhnə əsərinin bədii gücünü daha da artırmışdır.
Tamaşadan sonra Trabzon Dövlət Teatrının yaradıcı heyəti ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından kollektivi salamlamış və uğurlu tamaşaya görə təbrik etmişdir.
“Şərq qapısı”