22 Dekabr 2024, Bazar

Artıq 2019-cu ilin sonundayıq. Bu il də muxtar respublikamızda müxtəlif sahələrdə çalışan və fəaliyyətləri ilə seçilən insanların əməyi yüksək qiymətləndirildi. Biz də onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq.
Bacarığı, işgüzarlığı ilə seçilən “Zümrüd” Tikiş, “Zümrüd” Geyim Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktoru Mehrəngiz Əkbərova bu ili öz zəhməti, əzmi ilə uğurla başa vuran sahibkar qadınlarımızdandır.

Müsahibim qeyd edir ki, sahibi olduğu müəssisə 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi 10-12 ədəd, özü də Rusiya istehsalı olan avadanlıqlarla fəaliyyətə başlayıb. Hazırda ümumi ərazisi 700 kvadratmetr olan “Zümrüd” Tikiş MMC daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verilib. 2013-cü ildə müəssisədə yeni – köynək istehsalı sahəsi yaratmağa nail olduq.
Mehrəngiz xanım dövlət dəstəyindən yararlanaraq ötən il yeni bir uğura da imza atıb. “Zümrüd” Geyim Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında yeni istehsal sahəsi yaradıb. Müəssisədə gündəlik 800-1000 dəst alt paltarları istehsal olunur. Burada 10-15 işçi üçün də iş imkanı yaradılıb.
Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Mehrəngiz xanım bu il Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Onu da bildirək ki, müəssisə rəhbərinin uğurları bununla bitmir o, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub, “Biznesdə uğur” mükafatına layiq görülüb.
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Xanım Rüstəmzadə deyir: – Hazırda Xəbərlər redaksiyasında müxbir vəzifəsində çalışıram, eyni zamanda tele­viziyada xəbər aparıcısıyam. Çalışdığım müddətdə mənə digər redaksiyalara keçmək üçün təkliflər də olub. Ancaq xəbər məni “mən” edəndir. Xəbər mənim özümü tapdığım, ifadə etdiyim televiziya janrıdır. Bunu nəzərə alaraq digər redaksiyalarda çalışmağı düşünməmişəm. Ürəyim artıq 9 ildir ki, xəbərlə döyünür. Onu da deyim ki, bizim işimiz çox məsuliyyətlidir. Çünki telekanalın əsas siması xəbər aparıcısıdır. Bu işdə aparıcının diksiyası, səs tembri, peşəkarlıq və istedadı mühüm əhəmiyyət daşıyır. Fikrimcə, aparıcı istər efirdə, istərsə də efirdən kənarda yaratdığı və təqdim etdiyi obrazın səmimiyyətini qorumalıdır. Mən də bunun üçün çalışıram. Çalışıram ki, həmişə sərbəst və ünsiyyətcil olum, tamaşaçı ilə danışım, bununla da onların rəğbətini qazana bilim. Məhz bu gün mənim üçün ən böyük uğur da hazırladığım hər reportajdan, süjetdən sonra tamaşaçıların müsbət rəylərini almaqdır.
Qeyd etmək istəyirəm ki, 2019-cu il xoş anlarla yaddaşımda qaldı. 22 iyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə “İlin ən fəal mətbuat işçisi” adına layiq görüldüm və diplomla təltif olundum. Builki ən böyük uğurum isə Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsində “Naxçıvanın dünəni ilə bu günü” adlı hazırladığım videomaterialla ikinci yerə layiq görülüb diplom və pul mükafatı ilə təltif edilməyim oldu. Bunun üçün çox sevincli və qürurluyam. Bu biz gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Mən bundan sonra da öz fəaliyyətimlə təkcə muxtar respublikamızın deyil, ölkəmizin ictimai-siyasi, mədəni həyatında seçilməyə və öz işimlə qədim diyarımızı layiqincə təbliğ etməyə çalışacağam.
Son illərdə Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının yaradılmasına və inkişafına xüsusi diqqət göstərilir, onlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Bu qayğıdan qadınlarımıza da pay düşüb. Qabaqcıl qadın ailə təsərrüfatçılarından biri də Sədərək rayon sakini Mehparə Hüseynovadır. Onu nəinki kənddə, muxtar respublikada fəal ailə təsərrüfatçısı kimi tanıyırlar. Əkib-becərmək zəhmət tələb edən iş olsa da, bu çətinliklər onu qorxutmayıb, əksinə, torpağa daha möhkəm tellərlə bağlanıb. O, zəhmətdən çəkinməyib, buna görə də uğura gedən yolda irəliləyə bilib. Təsərrüfat qurmağa başladığı gündən dövlətimizin diqqət və qayğısı sayəsində bütün çətinliklərə sinə gərib. Hətta ətrafına 10-a yaxın qadın da toplayıb, onların köməkliyi ilə bir çox çətin işin öhdəsindən gəlib. Mehparə deyir ki, bu il yayda, payızda bağlardan, əkin sahələrindən topladıqları məhsullardan 158 adda 5 min məhsul qablaşdırıblar. 2018-ci ildə “Ailə təsərrüfatı məhsulları” festivalında üçüncü, 2019-cu ildə “Kətə” festivalında ikinci, “Ailə təsərrüfatı məhsulları” festivalında isə birinci yerlərə layiq görülüb. Bu gənc qadının çəkdiyi zəhmətin müqabilində qazandığı uğurlar kənd yerlərində yaşayan bütün qadınlarımıza nümunədir.
Muxtar respublikamızda diqqətdə saxlanılan sahələrdən biri də gənc idmançılar nəslinin yetişdirilməsidir. Hər zaman Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandıran, Naxçıvanın idman ənənələrini layiqincə təmsil edən idmançılardan biri də Vüsal Seyidovdur.
2004-cü il oktyabr ayının 30-da Babək rayonunun Vayxır kəndində dünyaya gələn Vüsalda karateyə maraq və sevgi lap uşaqlıqdan başlayıb. Bunu görən məşqçilər qısa vaxt kəsiyində onu Naxçıvanın əsas komandasına dəvət ediblər. O, ilk məşqçisi Nəriman Quliyevin rəhbərliyi altında keçirilən yarışlarda uğur qazanmaqla göstərilən etimadın yanlış olmadığını bir daha nümayiş etdirib. İstedadı, təmkini və tatamidəki ustalığı ilə seçilən Vüsal Seyidov İran İslam Respublikasının Astara şəhərində keçirilən karate üzrə IV Beynəlxalq turnirində və Qara dəniz və Xəzəryanı ölkələrin beynəlxalq turnirində gümüş medal qazanıb. Bakı Open – 2019 Beynəlxalq karate turnirində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” beynəlxalq turnirində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Makedoniyanın Skopya şəhərində karate üzrə keçirilən XI Avropa çempionatında isə qitənin ən güclü idmançısı adını qazanıb və Vətənə qızıl medalla qayıdıb.
Cari ilin son ayında Bakı şəhərində Dünya Şotokan Federasiyasının baş təlimatçısı Hitosi Kasuyanın keçdiyi seminarda Vüsal Seyidov ustalıq nümayiş etdirərək I dan qara kəmərə layiq görülüb.
2019-cu ildə muxtar respublika üzrə “İlin ən gənc idmançısı” nominasiyasında qalib olan Vüsal deyir ki, bu gün Naxçıvanda biz idmançıların uğur qazanması, beynəlxalq turnirlərdə bayrağımızın dalğalanması, məhz göstərilən diqqətin qələbəsidir. Muxtar respublikada ilin ən yaxşı gənc idmançılarından biri seçilməyim Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının da uğurudur. Çünki federasiya hər zaman bizə dəstək olur, bütün yarışlarda iştirakımızı təmin edir. Naxçıvanda gənc idmançılara yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildirir və əmin edirik ki, qarşıdakı yarışlarda, turnirlərdə daha böyük uğurlar qazanıb ölkəmizi layiqincə təmsil edəcəyik.
Sevinci, kədəri ilə həyatımızda izlər qoymuş növbəti bir il geridə qalır. Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar iki mühüm hadisəni bayram edirlər. Yeni ilin gəlişini və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü. Həmrəylik mənaca böyük bir məfhumdur. Bəli, nə qədər ki bizlər birik, nə qədər ki bir-birimizə arxayıq, həmrəyik, həmişə güclü olacağıq.

- Ramiyyə ƏKBƏROVA
- Ceyhun MƏMMƏDOV
- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR