22 Dekabr 2024, Bazar

Hər bir ölkənin müstəqilliyi vətəndaşlarının milli birliyi və həmrəyliyinin təcəssümü nəticəsində mümkündür. Çünki milli birlik olmadan, ümumi vətəndaş mövqeyi ortaya qoyulmadan bir dövlətin müstəqilliyini əldə etmək və qorumaq olmaz. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün hər zaman liderlərə ehtiyac duyulub. O liderlər ki böyük ideyaları, yorulmaz fəaliyyətləri ilə xalqa yumruq kimi birləşməyin, bir amal uğrunda mübarizə aparmağın yolunu göstərmişlər. 

 Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin qəbul etdiyi tarixi qərarlarla mövcudluğunu qorumuş, öz müstəqil dövlətinin sahibi olmuşdur. Məhz xalqımızın ümummilli liderinin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması ilə dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının əsası qoyulmuşdur. Həmin sessiyadakı çıxışında ulu ­öndərimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin ulu öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
Ulu öndər Heydər Əliyevin xalqımızın milli həmrəyliyi yolunda atdığı addımlar görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişlənmiş, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılmışdır. Dahi şəxsiyyətin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri olmuşdur.
Bu sahədə ən böyük dönüş görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, fərqli ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini vermişdir. Ümummilli lider qurultayda proqram xarakterli çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən bu qurultay Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda atılan böyük addım idi. Buna görə də qurultay müstəqil Azərbaycanın, eləcə də dünya azərbaycanlılarının həyatında mühüm ictimai-siyasi hadisə kimi yaddaşlara yazılmışdır. Bu tarixi hadisədən sonra xaricdə yaşayan azərbaycanlıların diaspor quruculuğu sahəsində canlanma yaranmış, onları birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başlamışlar. Görülən işlərin nəticəsidir ki, hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətində Azərbaycançılıq ideyalarının inkişaf etdirilməsi, təbliğ olunması hər zaman ön planda olmuşdur. Bunun üçün hələ ölkəmizə rəhbərliyinin ilk vaxtlarından başlayaraq dahi şəxsiyyətin milli dil, təhsil, tarix, mədəniyyət və incəsənətimizlə bağlı atdığı böyük addımlar Azərbaycanın gələcək müstəqilliyini təmin etməklə yanaşı, həm də Azərbaycançılıq ideologiyasının formalaşmasına öz töhfəsini vermişdir. Azərbaycanın müasir inkişaf təməli də məhz həmin illərdə qoyulmuş, ölkəmizin tərəqqisi alternativi olmayan Heydər Əliyev siyasi yolunun uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Bu il ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “…Ulu öndər tarixin sınağından çıxmış idarəçilik üsulları, eləcə də müasir bəşəri dəyərləri və prinsipləri mənimsəyərək, özünəməxsus dövlət idarəçiliyi modelini yaratmağa müvəffəq olmuşdur. Bu modelin səciyyəvi cəhətləri – dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik, xalqın etimadına arxalanmaq, milli mentaliteti nəzərə almaqla güclü nizam-intizamın, daxili siyasi sabitliyin və sosial tarazlığın təmin edilməsi, demokratiya və humanizm prinsipləri ilə ciddi idarəetmə üsullarının uzlaşmasıdır. Milli liderimizin canından əziz sevdiyi müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyev yolu ilə gedərək yaşayır, gündən-günə inkişaf edir, tərəqqiyə qovuşur və Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri bu gün də yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli İlham Əliyev davam etdirir”.
Bəli, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf etməklə yanaşı, ölkəmizin nüfuzu da dünyada durmadan artır. Eyni zamanda müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələri də möhkəmlənir. Təbii ki, ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində keçirilən qurultayların da rolu az deyil. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi yeni minillikdə diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan vermişdir. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirilmişdir. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkə-lərdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları geniş tərkibdə iştirak etmişlər. Qurultaylar xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların növbəti birlik və həmrəylik bayramına ­çevrilmişdir.

Bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi xaricdə yaşayan həmvətənlərimizi də sevindirir, onları ümummilli maraqlar naminə daha sıx birləşməyə, həmrəy olmağa ruhlandırır. İndi azərbaycanlıların həmrəyliyi həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 25-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram”.


“Şərq qapısı”

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR