25 Dekabr 2024, Çərşənbə

(Oçerk)

Uşaqlıqdan adını tez-tez eşitdiyim, evdə, qonşuda, qohumlar arasında haqqında xoş sözlər  səslənən o həkimlə iş elə gətirdi ki, şəxsən görüşməli oldum.  Bu, uşaqlıqda ayaqlarımdan aldığım xəsarət ucbatından baş verdi.  Palataya düşməmişdən həmin həkim ayağımı  rentgenə saldı. Sonra mənə baxıb, bir az gülümsəyərək dedi: burda nə var ki, bu gün ayaqların sarğılanacaq,  sabah isə evə gedəcəksən. Həkimin sözlərinə xeyli sevindim ki, burada çox qalmayacağam. Ancaq sən saydığını say... Onun dediyi bir gün 3 ay oldu.  Hər 15 gündən bir rentgenə düşməli olurdum.  O həkim də hər dəfə bu sözləri deyəndə bunun bir zarafat olduğunu başa düşür, ancaq yaşamaq həvəsim daha da artırdı. Yadıma Hippokratın bir sözü düşür: “Həkimlik fəaliyyətində üç əsas şərt var: söz, bitki və bıçaq”. Xəstənin sağalması üçün söz digər iki amillə yanaşı, böyük əhəmiyyət daşıyır. Bəlkə də, daha çox... Elə İbn Sina da “həkim” sözünün ən dəyərli dərmandan üstünlüyünün ən yaxşı şəfaverici məlhəm olduğunu söyləyib. Məhz haqqında danışacağım həkim də xəstənin qəlbinə daha çox xoş sözlə yol tapan, onun həyata itmiş inamını qaytaran biri kimi bu gün naxçıvanlıların qəlbində özünə yer tapıb. 

...Onun Qoçəli adlı əmisi oğlu olub. XX əsrin birinci yarısında Şahbuzun “Qızılboğaz” adlı yerində ermənilər tərəfindən öldürülüb. Anası Kərbəlayi Dostuxanım oğluna ağlayaraq deyib: Bu nəsildən oğlan uşaqları dünyaya gələndə Qoçəlinin adını götürün. Elə igid olsun ki, onun adını yaşada bilsin. 1950-ci ildə Şahbuz rayonunun Keçili kəndində dünyaya bir oğlan uşağı gəlir. İsa kişi anasının arzusu ilə oğlunun adını Qoçəli qoyur. Bu gün muxtar respublikanın baş rentgenoloqu Qoçəli Dünyamalıyev bu adı şərəflə yaşadır. O, hər bir xəstəyə loğman həssaslığı ilə yanaşır. Onun diaqnozu dünyanın ən məşhur xəstəxanalarında da təsdiqlənir. Həkimi şəxsən tanımayanlar bilirlər ki, respublikada rentgen sahəsində tanınmış mütəxəssisdir.

Qoçəli Dünyamalıyev cərrahiyyədə, travmatologiyada, terapiyada çalışan həmkarlarının sağ əlidir. Çünki rentgen müayinəsi olmadan düzgün diaqnoz qoymaq çətindir, bəlkə də, mümkün deyil. Elə bu baxımdan rentgen sahəsində çalışan həkimlərin işi daha məsuliyyətlidir. Qoçəli həkim də bunu dərindən dərk edir. İndi yox, bu sahədə fəaliyyətə başladığı bir gündən. Ona görə də o, təcrübəli, bacarıqlı və savadlı bir rentgenoloq kimi gecə-gündüz evinin qapısı döyülən, insanların ehtiyac duyduğu bir həkimdir. 
Onunla həmsöhbət olmaq üçün bu günlərdə xəstəxanaya üz tutdum. Qoçəli həkimin otağının qapısı yenə boş deyildi. Ona görə də gözləməli oldum. O, xəstələrə çox həssaslıqla yanaşırdı. Qoçəli həkimlə görüşüb onun haqqında qəzetimiz üçün yazı hazırlamaq istəyimi bildirdim. Zarafatla: – nə yazacaqsınız? – deyə soruşdu. Sonra stolunun siyirməsini çəkib yazılı bir vərəq çıxarıb mənə uzatdı. Bax, buradan nə lazım olsa, götürərsən, – dedi. Vaxtını almamaq üçün evə qayıdıram. Tərcümeyi-halına baxıram. Hamımız üçün adi olan bir tərcümeyi-hal. Quru rəqəmlər. Hiss edirəm ki, bu tərcümeyi-hal yazı üçün kifayət etməyəcək. Çünki içimdə suallar yaranıb: onda həkimliyə necə maraq oyanıb? Bu qədər nüfuz qazanmasının səbəbi nədir? Bu düşüncələrlə hazırda qonşuluqda yaşayan Qoçəli həkimin qapısını döyürəm. Məni özü qarşılayır. İçəri dəvət edir. Əyləşirik. Zarafatla:
– İndilərdə ayrılmadıqmı? – deyə soruşur. Mən isə gəlişimin səbəbini söyləyirəm. Suallarımı ona ünvanlayıram. Bir qədər fikirləşib söhbətə başlayır:
– Bir gün küçəmizdən keçən dostumla görüşüb hara getdiyini soruşdum. Dedi ki, onu Əbrəqunus kəndindəki internat məktəbində oxumağa göndəriblər. Məktəbə gedir. Onu deyim ki, ibtidai təhsilimizi kənd məktəbində almışdıq. Dostuma qoşulub mən də evdən xəbərsiz onunla yola düşdüm. Gəldik Əbrəqunusa. Bir gün sonra atam bunu eşidib arxamca gəlsə də, məktəb direktoru buradan çıxmağıma icazə vermədi. Bir neçə il burada təhsil aldım. Sonra Ə.Ağayev adına Naxçıvan şəhər internat məktəbində təhsilimi davam etdirdim. 1967- 1968-ci tədris ilində həmin məktəbi gümüş medalla bitirdim. Ən böyük arzum jurnalist olmaq idi. Çox gözəl inşalar yazardım. Məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika ixtisasına təqdim etmək üçün növbəyə dayanarkən atam gəldi. Sənədlərimi əlimdən aldı ki, həkim olacaqsan. Atamın arzusu ilə sənədlərimi Azərbaycan Tibb İnstitutuna verdim, Müalicə-profilaktika fakültəsinə daxil oldum və oranı əla qiymətlərlə bitirdim.
1974-1975-ci illərdə Bakı şəhərindəki 1 nömrəli Klinik Xəstəxanada rentgenologiya üzrə internaturadan keçdikdən sonra Naxçıvana gələn Qoçəli həkim 1975-ci ildən indiyə kimi Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-rentgenoloq kimi fəaliyyət göstərir.
Deyir ki, həkimlik başqa sənətlərə bənzəməz, gərək daim öyrənəsən, tibb elminin son nailiyyətlərini mənimsəyib təkmilləşəsən. Elə ona görədir ki, keçən əsrin 80-ci illərində Bakı şəhərində laboratoriya, USM və endoskopiya üzrə təcrübə keçən Qoçəli həkim daim yenilik axtarışındadır. 1995-ci ildə Türkiyənin Ərzurum şəhərində radiologiya (USM, Rentgen, KT və MRT) üzrə təcrübə keçib. Bu günlərdə yenə bu məqsədlə xarici dövlətlərin birinə gedəcək.
Qoçəli Dünyamalıyevin həkim peşəsi ilə bağlı maraqlı fikirləri var:
– Həkimlik ağır bir peşədir. Bəzən həyatla ölüm arasındakı zaman məsafəsi saatla, dəqiqələrlə deyil, saniyələrlə ölçülür. Belə bir deyim var ki, həkimin təqsirlərini torpaq ört-basdır edir, həkim heç bir cəza almır. Ancaq əksinə, həkimlər vicdanın hökmünə məhkumdurlar. Bundan ağır cəza ola bilməz. Həkimə müraciət edənlər müəyyən dərəcədə fiziki sağlamlığını itirənlərdir. Çox təəssüf ki, bu sağlamlığın bərpasının mümkün olmadığı anlar da olur. Ömür insana əbədi yaşamaq üçün verilmir. İnsan həyata ağlayaraq gəlir. Doğulduğu andan yola salınan hər gün onun ömür ağacından tökülən yarpaqlardır. Tanrı yaratdığı insana əbədiyaşarlıq nəsib etməyib. Zaman-zaman itirilən sağlamlığın son məqamı da olur. Bu ağrılı-acılı anları xəstənin yaxınlarına bildirdikdə ürək­ağrısı duyuram. Düzdür, xəstənin yaxınları onun çəkdiyi əziyyəti görürlər. Biz həkimlər isə o əzablı anları xəstə ilə birlikdə yaşayır, onun çəkdiklərini hiss edirik. O anda tibbin əlacsızlığını bir daha görürük. Bir də rentgen müayinəsi zamanı əlacsız dərdə tutulan xəstəyə istəməsək də yaşamaq ümidi verəndə, yəni yalan danışanda özümü bağışlaya bilmirəm.
Bəli, Qoçəli həkim tibbin ən ağır və məsuliyyətli sahəsini həyat yolu seçib. Özü də dediyi kimi, ən adi diqqətsizlik, məsuliyyətsizlik xəstənin gələcək müalicəsi üçün ağır nəticələr verə bilər. Ona görə də xəstə üzərində müayinə apararkən son dərəcə ehtiyatlı olub dəqiq diaqnoz qoymaq üçün dəfələrlə düşünüb daşınır, xəstənin sonrakı taleyi üçün həlledici, əsas amil olan son qərarını verir.
Deyir ki, oğlanlarım bu sənəti seçəndə onlara bu hisslərlə xeyir-dua vermişəm. Bakı şəhərindəki Onkoloji Mərkəzdə radioloq vəzifəsində işləyirlər. Hər zaman deyirəm ki, xəstəyə pasiyent kimi yox, insan kimi sevərək yanaşsınlar, onların keçirdiyi iztirabları yaşasınlar. Həkimlər nə dərəcədə dərin elmi biliyə, zəkaya malik olsalar da, yüksəkdərəcəli peşə vərdişlərinə, əməliyyat texnikasına düzgün riayət etsələr də, onlar, ilk növbədə, xəstənin qəlbini ovsunlamağı, onda özünə qarşı inam yaratmağı bacarmalıdırlar.
Qoçəli həkimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1986-cı ildə “Əmək igidliyinə görə”, 2000-ci ildə “Tərəqqi” medallarına layiq görülüb. 2010-cu ildə bu mükafatlar sırasına “Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi” fəxri adı da qoşulub. İctimai həyatdakı fəallığına görə üçüncü və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib.
O həm də yaxşı qonşudur. Qapılarımız üz-üzədir. Yuxusuz gecələrinin tez-tez şahidi oluruq. Onun qapısı açılanda bilirik ki, xəstə var.
Sonda ona belə bir sual verirəm:
– Övladlarınız Bakıda yaşayır. Nə yaxşı siz də getməmisiniz?
Qısaca cavab verir:
– Bilmirəm.
Ancaq söhbətimizə qoşulan ömür-gün yoldaşı deyir ki, qoyun bu suala mən cavab verim:
– Həkim Naxçıvana bağlı adamdır. Bakı şəhərindən, hətta xarici dövlətlərdən nə qədər iş təklifləri gəlib. Ancaq heç zaman getmək barədə düşünməyib. Övladlarımız Bakıda yaşadığına görə bir ara ora köçmək istədik. Sonra fikrimizi dəyişdik. Getmədiyimizə görə peşman da deyilik. Biz günü-gündən gözəlləşən şəhərimizlə fəxr edirik.
Son olaraq onu deyim ki, Qoçəli həkim Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının təmirdən sonra istifadəyə veriləcəyi və yeni aparatlarla işləyəcəyi günü səbirsizliklə gözləyir.

Beləcə, Qoçəli həkimlə söhbətim başa çatır. Şirin söhbətin təsirindən qəlbimdə yüksək duyğular oyanıb. O, təcrübəli, savadlı bir həkim olmaqla yanaşı, həm də maraqlı bir müsahibdir. Nədənsə mənə elə gəldi ki, bu nəcib insanla ünsiyyətdə olmağın özü insanda xoş bir ovqat yaradır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR