Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə fiziki imkanları məhdud vətəndaşların və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsi keçirilib.
Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilən bədii yaradıcılıq müsabiqəsində musiqi alətlərinin və mahnıların ən yaxşı ifaçıları münsiflər qarşısında bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqənin sonunda münsiflər heyətinin rəyinə əsasən, musiqi alətlərində ən yaxşı ifaya görə Babək rayon sakini Vəli Vəliyev (saz) birinci yerə layiq görülüb. Müsabiqəyə Şərur rayonundan qatılmış Şəbnəm Ağayeva (pianino) ikinci, Rəşadət Həsənov (tar) üçüncü yerə layiq görülüblər.
Mahnı ifaçıları arasında isə Sədərək rayon sakini Teymur Cəlilovun ifası münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilib və o, bu nominasiyada müsabiqənin qalibi olub. Culfa rayonundan Eldar Quliyev ikinci, Babək rayonundan Yeganə Hacıyeva üçüncü olublar.
Müsabiqənin qalibləri və digər iştirakçılar mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti