Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən noyabr ayında konsert proqramları təşkil edilmiş, sərgilər nümayiş olunmuş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmişdir.
Ötən ay “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri olmuş, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə təşkil edilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır. Artıq ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilmiş, bu mədəniyyət müəssisələrinə 135 yeni eksponat daxil olmuş, muxtar respublika muzeylərini 63 min 504 tamaşaçı ziyarət etmişdir. Onlardan 12 min 90-ı əcnəbi vətəndaş olmuşdur.
Muxtar respublikada fəaliyyət göstərən kitabxanalarda yeni oxucu sayı 340, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15 min 739 nüsxə olmuş, elektron kitabxanadan 428 oxucu istifadə etmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində Azərbaycan filmləri nümayiş olunmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlər göstərilmişdir.
Hesabat dövründə nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqləri aparılmış, Sədərək, Şərur və Ordubad rayonlarında “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilmişdir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirmiş, 11 tamaşa ilə teatrsevərlərin qonağı olmuşdur. Naxçıvan Dövlət Uşaq Teatrında “Mavi işıq” tamaşası hazırlanmış, Naxçıvan Şəhər Xalq Teatrı “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı “Tamahkar”, Şərur Rayon Xalq Teatrı “Lənkəran xanının vəziri”, Ordubad Rayon Xalq Teatrı isə “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.
Ötən ay nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrdə çalışan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunmuş, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti