22 Dekabr 2024, Bazar

Dekabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində konsert təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda təməli görkəmli müğənnimiz, Şərq və Qərb klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaratmış Bülbül tərəfindən qoyulan vokal sənəti böyük inkişaf yolu keçib. Azərbaycan vokalçıları dünyanın böyük səhnələrində, mötəbər festival və müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər.
Bu gün qədim diyarımızda da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bunun nəticəsində muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənəti də inkişaf edir. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının və Aşıqlar Birliyinin fəaliyyəti təmin edilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrol səfərləri təşkil edilir. Görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.
Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində ­vokal sənəti ixtisası üzrə kadrlar hazırlanır. Opera sənətinin inkişaf etdirilməsi, tələbələrin vokal musiqi formalarına daha dərindən yiyələnmələri məqsədilə Naxçıvan Dövlət Universitetində Tələbə Opera Studiyası da fəaliyyət göstərir. Həmin studiya hazırladığı operettalarla bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin, Asəf Zeynallının və Rauf Hacıyevin əsərlərindən parçalar ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Mübariz Əsgərovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin, həmçinin gənc ifaçılar Rahim Əsgərzadə və İlkin Abdullayevin çıxışları alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR