AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Latviyada Azərbaycan və rus dillərində nəşr olunan kitab milli ədəbiyyatımızın, söz sənətimizin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, aktual bir mövzuya həsr edilən nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ətraflı nəzər salıb, onun romanlarındakı Avropa mühitinin əksinin, habelə Şərq və Qərbin müqayisəsinin elmi-nəzəri təhlilini aparıb. Gənc tədqiqatçı monoqrafiyada bu ədəbi əsərlərdəki Şərq-Qərb dialoqunu, Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsini yığcam şəkildə işıqlandırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda məruzəsi dinlənilib.
Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.
Sonda yeni nəşrin müəllifi Nərgiz İsmayılova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi