Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqənin yekun tədbiri olub.
Əvvəlcə festival-müsabiqənin keçirilmə qaydaları haqqında məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, artıq yekunlaşan festival-müsabiqə Naxçıvanda teatr sənətinin inkişafına növbəti töhfə olacaqdır.
Mədəniyyət naziri qalib olmuş tələbə teatr studiyasının üzvlərini təbrik edərək uğurlar arzulayıb, muxtar respublikada yaradıcı gənclərin formalaşmasına, elecə də teatr sənətinin yaşadılmasına və inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək belə layihələrin tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda bədii zövqün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və tələbələrdə teatr sənətinə maraq yaradılması baxımından əhəmiyyətindən bəhs edib.
Sonra festival-müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası 1-ci, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası 2-ci, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası 3-cü dərəcəli diploma, “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə Teatr studiyaları həvəsləndirici diplomlara layiq görülüblər.
Tədbirin bədii hissəsində festival-müsabiqənin qalibi olan Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası hazırladığı tamaşanı təqdim edib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti