Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist, yaxın dostum Hüseyn Əsgərov çapdan yeni çıxmış “Mirzə Cəlilin satira desantları Naxçıvanda” kitabını mənə təqdim edəndə ilk ağlıma gələn o oldu ki, əvvəlki kitablarında gördüyüm kimi, bu yeni nəşrdə də ona məxsus olan qeyri-adi (daha dəqiq desək, təbii) yanaşmalarla rastlaşacağam və belə də oldu. Yəni müəllifin, bütövlükdə, Mirzə Cəlil və Mirzə Cəlil yaradıcılığına baxışlarındakı müəyyən məqamları kitabda görməyimə əmin idim və gördüm.
Öncə onu vurğulayım ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş “Molla Nəsrəddin” jurnalının yeni nəşrinin 8-ci cildində Naxçıvan mövzusu özünə geniş yer tapıb. Hüseyn Əsgərovun qələmə aldığı yeni nəşr də onun bu cilddən aldığı təəssüratlara bir vətəndaş, bir ziyalı baxışının ifadəsidir və kitabın çapa hazırlanması onun dahi mütəfəkkirin 150 illik yubileyinə böyük töhfəsi kimi dəyərləndirilməlidir. Bir məsələni də diqqətə çatdırım ki, bütün yaradıcılığı boyu Hüseyn müəllim bu böyük yazıçı haqqında onlarla dəyərli yazı ərsəyə gətirib, həmin yazılar müxtəlif mətbuat orqanlarında işıq üzü görüb. Bununla da Mirzə Cəlil dünyasının açılmayan qatları ilə mirzəcəlilsevərlər tanış olmaq imkanı qazanıblar. Həmin yazıların təməlindən bir qırmızı xətt keçir: Böyük ustadın yaradıcılıq dünyası əbədiyaşardır, bu gün üçün də aktualdır, sabah üçün də. Bu əbədiyaşarlığı Mirzə Cəlilə qazandıran isə onun əsərlərindəki Vətən, millət, dil yanğısıdır. Və bu yanğı dünyasının coğrafiyası da, təəssüf ki, genişdir. Onu da deyim ki, həmin yazılar mirzəcəlilsevərlər tərəfindən yüksək qarşılanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Cəlil Məmmədquluzadə irsi Hüseyn Əsgərovun təkcə stolüstü kitabı yox, onun mənəvi silahdaşıdır.
Hörmətli oxucu! Hüseyn Əsgərov mirzəcəlilşünas, onun yaradıcılığının tədqiqatçısı deyil; o, bütövlükdə, Mirzə Cəlil həqiqətlərinin müdafiəçisi, tərcümanı, təbliğatçısıdır. Hüseyn Əsgərov Mirzə Cəlilin xalqın özünüdərk ideyalarının daşıyıcısıdır; Vətən, xalq, dil yolunda, inkişaf və tərəqqi uğrunda Mirzə Cəlil ideallarını, bu yolda Vətən, millət yanğısını özündə yaşadanıdır.
Mirzəcəlilsevərlər bu dahi yazıçı, dramaturq və ictimai-siyasi xadimin, kiçik hekayələr ustası və satirik jurnalistin – ən böyük Azərbaycanşünasın təkcə ölkəmizdə deyil, bütöv Türk dünyasında yüzlərlə tədqiqatçısı olduğunu, onun yaradıcılığının müxtəlif yönlərdən tədqiq edildiyini, həmin tədqiqatların ədəbiyyatşünaslıq elminin sərvətinə çevrildiyini bilməmiş deyillər və mən yenə xatırlatmaq istəyirəm ki, Hüseyn Əsgərov onun tədqiqatçısı deyil. Ancaq Mirzə Cəlil haqqındakı bu kitab elm adamlarımıza yeni tədqiqat obyekti vermək baxımından böyük əhəmiyyətə malikdir. O mənada ki “Mirzə Cəlilin satira desantları Naxçıvanda” adlı yeni nəşrə, yuxarıda da dediyim kimi, məşhur Azərbaycanşünaslıq kitabımız olan “Molla Nəsrəddin”də sırf Naxçıvan və onun bölgələri ilə bağlı dərc edilmiş məqalə və felyetonlar daxildir. Hüseyn Əsgərov əsl vətəndaşlıq, ziyalılıq prizmasından Naxçıvanla bağlı bu yazılarda oxuculara çatdırılan həqiqətlərə münasibətini bildirib. Bu münasibətdə diqqəti ilk çəkən məqamlardan biri Hüseyn müəllimin, ümumiyyətlə, yaradıcılığına xas olan səmimiyyətdir. “Hacı Məhəmməd qurdun ağzını necə bağlatdırdı?” adlı yazı buna ən gözəl nümunədir: “ ... O zaman bu yerlərdə jurnalın yüzlərlə oxucusu Molla əmini sevir, jurnalın hər nömrəsini intizarla gözləyirdilər. Lakin bununla belə, “Molla Nəsrəddin”i ən çox sevən vilayətlərdən biri, bəlkə də, birincisi Naxçıvan idi. Amma sevməyənlər də vardı. Jurnalın 1927-ci ildə çıxan 33-cü nömrəsində taziyanə ilə qeyd olunduğu kimi, onlar “Molla Nəsrəddin”i oxuyub lənət altında qalmaq istəmirdilər.
“Molla Nəsrəddin”in Naxçıvan müxbirləri jurnalın sınaqlardan çıxmış mütərəqqi ənənələrini yeni dövrdə də davam etdirirdilər. Əvvəlki kimi, yenə də bu yazılarda satirik gülüş hakim idi. Amma bu gülüşün hədəfləri də, mahiyyəti də, ruhu da əsaslı şəkildə dəyişmişdi”.
Elə digər yazılarda da belə səmimiyyətin və düzgün qənaətin şahidi oluruq. Bu da yeni nəşrin dəyərini artıran amillərdən biri kimi diqqəti çəkir.
İkinci bir məqam isə Hüseyn Əsgərovun “Molla Nəsrəddin”də dərc olunmuş yazılara zaman prizmasından yanaşması və dəqiq müqayisələr aparmasıdır. Burada daha bir nüansa diqqət yetirilməlidir: hardasa əsrə yaxın bir zaman kəsiyindən əvvəl qələmə alınmış yazılar, həmin yazılarda ortaya qoyulan problemlər barədə Hüseyn Əsgərov o dövrü görmüş və yaşamış şahid kimi yox, hadisələrin içində olmuş iştirakçı kimi danışır; daha doğrusu, danışmır, o dövrün yaşantılarını təhlil edir, oxucu da o yaşantıları yaşayır, düşünür.
Bu yerdə müəllifin daha bir qənaətini də oxuculara təqdim etməyi lazım bilirəm: “Mirzə Cəlil bəzən öz yaradıcılığında işlətdiyi bədii boyaları qatılaşdırır, vəziyyəti, bəlkə də, olduğundan daha çirkin, daha ağır, daha naqis göstərirdi. Lakin onu belə hərəkətə vadar edənin özü də müasir vəziyyət, o vaxtın ümumi siyasi və ictimai şəraiti, mübarizənin xüsusiyyəti idi. Bununla belə, Mirzə Cəlil heç də xalqını alçaltmırdı, əksinə, xalqını yüksək tutduğu, onun parlaq keçmişinə və işıqlı gələcəyinə dərindən inandığı, həqiqi vətənpərvər olduğu üçün belə hərəkət edirdi. Çünki xalqının böyüklüyünü, istedadını, iradəsini, qeyrət və hümmətini təsdiq etməyən, ehtiraslı vətənpərvər olmayan ədib bu dərəcədə şiddətli satira işlədə bilməz”.
Ustad Mirzə Cəlilə böyük sevgi və ehtiramın ifadəsi olan bu kitabda Hüseyn müəllimin jurnalist qələminin gücü ilə ərsəyə gələn yazılar haqqında geniş söhbət açmaq olar. Ancaq istərdik ki, oxucu özü birbaşa yeni nəşrlə təmasda olsun. Bu kitabda Mirzə Cəlil işığı elə ilk sətirlərdən onu öz sehrinə salacaq, iç dünyasına səyahətə aparacaq. Oxucu onu da görəcək ki, bütün zamanlar üçün aktual olan Mirzə Cəlili olduğu kimi təqdim etmək bacarıq, cəsarət, istedad tələb edir və Hüseyn müəllimin qələminin gücü də ondadır ki, o, bunu bacarıb.
Əziz oxucu! Sizi də bu səyahətə dəvət edirik.
Və son olaraq əziz dostumu, mətbuatımızın, jurnalistikamızın cəfakeş nümayəndəsini yeni uğuru münasibətilə təbrik edir, ona bizə yeni kitablarının sevincini yaşatmağı arzulayıram.
Muxtar MƏMMƏDOV