22 Dekabr 2024, Bazar

Buludları gözü yaşlı qoyma, gəl,
Bağ-bağçanın camalına qıyma, gəl,
Nə tufana, nə küləyə uyma, gəl –
Könülləri fəğan etmə, payızım!
Gəl dərdləşək, küsüb getmə, payızım!

Sən gedərsən, ömrə qarlı qış gələr,

Qocalaram, yaş üstünə yaş gələr,
Qış yerinə bir də bahar kaş gələ.
Vermə ömrü xəzan yelə, payızım!
Bir ümidim vardır hələ, payızım!

Susma, danış, səsindən ilham alım,
Baxım gözlərinə, xəyala dalım,
Tufanla kükrəyim, çənlə ucalım,
Hüsnünü doyunca görüm, payızım!
Sənə sözdən çələng hörüm, payızım!

Musiqisən, sənət idealısan,
Pak şeirsən, rənglərdən də halısan,
Çün xilqəti-aləmə sevdalısan,
Şair, rəssam təbiətli payızım!
Qəlbi təmiz məhəbbətli payızım!

Yaradıcı insanlar aşiq sənə,
Hər bənzətmə deyildir layiq sənə,
Hətta qibtə eyləyir natiq sənə,
Bir baxışı yüz nişanə payızım!
Hər cavabı dahiyanə payızım!

İllərin həsrətisən, hicranısan,
Ömür baharının axır anısan,
Tənha bir qocanın son gümanısan,
Yandır ümid çırağını, payızım!
Vermə qışın sorağını, payızım!

Dağlar sinəsinə çəkir ağ yorğan,
Şiş qayanı döyəcləyir sərt boran,
Var-dövlətli meşələr qalır üryan,
Acıqlanır, tərs-tərs baxır payızım!
Getmək vaxtı artıq çatır payızın!

Çoxu kövrək qəlbini hiss etməyir,
Sən getsən də xoş xəyalın getməyir,
Hüsnünün vəsfinə sözüm yetməyir,
Əldə qələm aciz qalıb, payızım...
Sən qazandın, sənsən qalib, payızım!

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR