22 Dekabr 2024, Bazar


Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir.

Şərqin qapısı sayılan qədim Naxçıvanın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, keçdiyi müasir inkişaf yolu, dillər əzbəri olan sabit, firavan və təhlükəsiz həyat şəraiti öz başlanğıcını muxtar respublika Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş cənab Vasif Talıbov dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi quruculuq və inkişaf yolu ilə gedərək blokada şəraitində yaşamağın və inkişaf etməyin Naxçıvan nümunəsini ortaya qoydu.Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm, – deyən muxtar respublika rəhbəri ötən illər ərzində vətəni sevməyi, vətən yolunda yorulmaz fəaliyyət göstərməyi, doğma torpağa sonsuz vurğunluğu əməli işində göstərdi. Ali Məclis Sədrinin fəaliyyət proqramı sayəsində bu gün qədim diyar özünü dünyaya müasirlik, inkişaf, sabitlik və tərəqqi adası kimi təqdim edir.

Tarixə bir nəzər..

Fikrimcə, Naxçıvanın bugünkü inkişafını daha dərindən dərk etmək, görülən işləri təhlil etmək və qiymətləndirmək üçün muxtar respublikanın dünəninə güzgü tutmalı, ekskursiya etməliyik. Hər kəs bilməlidir ki, bu gün barəsində ağızdolusu danışdığımız, indi naxçıvanlıların analarının ağ südü kimi halalı olan inkişaf durduq yerə əldə edilməyib və yaxud onu bizə kimsə verməyib. Bunun üçün muxtar respublikanın inkişaf dinamikası, yol xəritəsi işlənib hazırlanıb, naxçıvanlılar dövlətə, rəhbərə, dövlətçiliyə dərin sədaqət göstərərək daim sabitlik və əmin-amanlığı, tərəqqi yolunu dəstəkləyiblər. Ötən əsrin 90-cı illərində mənfur ermənilərin apardığı işğal siyasətinə görə muxtar respublikanın düşdüyü ağır blokada, ölkəmizin əsas nəqliyyat dəhlizindən kənar düşməsi, ərzaq və enerji böhranı, sərhədlərində yaşanan işğal təhlükəsi Naxçıvanı tarixi sınaq qarşısında qoymuşdu. Həmin vaxt Babək rayonunun sərhəd kəndləri olan Aşağı və Yuxarı Buzqovda, Gərməçataqda da qanlı döyüşlər gedirdi. Şəhərdə fasilələrlə verilən işığa kənd yerlərində bəzən insanlar günlərlə, aylarla həsrət qalırdı. Bərəkətli torpaqlar “ağzıgünə yatır”,  insanlar bir parça çörəyi əldə etmək üçün gecənin qaranlığında gəlib mağazaların qarşısında növbə tutmalı olurdular. Təhsil, səhiyyə, mədəniyyət, gəncliyin gələcəyə hazırlanması demək olar ki,yaddan çıxmışdı. Axı, sərhədlərində müharibə gedən bir məkanda hansı təhsildən, mədəniyyətdən, səhiyyədən danışmaq olardı?.. Naxçıvanı məhz belə bir tarixi situasiyadan çıxarıb bütün sahələri canlandırmaq, inkişaf etdirmək sözün həqiqi mənasında, böyük bir hünər, qətiyyət, iradə və əqidə birliyi,eləcə də vətənpərvərlik nümunəsi tələb edirdi.

XXI əsrin Naxçıvanı…

Ötən 24 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qədim diyarın inkişaf mexanizmlərini elə dəqiqliklə işləyib hazırladı ki, indi qarşımızda tarixin yeni Naxçıvanı var. Bu illər ərzində təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat, sahibkarlıq, turizm, hərbi quruculuq, tarix və mədəniyyət abidələrinin bərpa olunması, yol infrastrukturu, ərzaq və enerji təhlükəsizliyi, gələcəyimiz olan gənclərin peşə hazırlığı, düzgün istiqamətləndirilməsi, məhdud fiziki imkanlı şəxslərin yenidən cəmiyyətə qazandırılması və digər sosial layihələr uğurla həll olundu. Nəticə muxtar respublikanın şəhərindən başlamış ən ucqar dağ kəndindəki simasındadır, insanların sosial rifahındadır, yaşayış səviyyəsindədir. Muxtariyyət tarixinin 95 yaşını qeyd edən Nuhun yurdu Naxçıvan tarixin heç bir dövründə son 24 ildə olduğu kimi inkişaf etməyib.  Bu illər ərzində 35 kənd və 1 qəsəbəni əhatə edən Babək rayonu da demək olar ki, başdan-başa yenidən qurulub. Təşkil olunmasının 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Hər il rayonun kəndlərində abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir.

Əgər əvvəllər rayonun sərhəd kəndlərində əlində ov tüfəngi olanlar keşik çəkirdisə, bu gün vətəni qorumaq kimi şərəfli missiya Azərbaycan əsgərinə həvalə olunub.O əsgər ki, torpağını sonsuz sevgi ilə sevən, vətənpərvər, əlində ən müasir atıcı silahı olan, ən yaxşı əsgəri-məişət kompleksinin şəraitindən istifadə edir. Gözdən uzaq yerlərdə mövqe qurub vətənin təhlükəsizliyini təmin edənlər üçün ən müasir yataqxanalar, qərargah binaları istifadəyə verilib. Hərbi xidmətə oğul yola salan valideyn övladını vətənə, vətəni isə övladına əmanət edir.

O yerdə inkişafdan, tərəqqidən danışmaq olar ki, həmin yerdə sabitlik, əmin-amanlıq olsun. Bu gün Yuxarı və Aşağı Buzqova, Gərməçatağa müasir yol uzanırsa, yan-yana sıralanan sosial obyektlər istifadəyə verilirsə, yeni iş yerləri yaradılırsa, bunun başlıca səbəbi o kəndlərdə təşkil edilən etibarlı müdafiədir.Bu gün qədim diyarda inkişaf və tərəqqi kənddən şəhərə doğru aparılır. Nəhəcir, Payız, Gülşənabad kimi kəndlərin abadlaşdırılması ucqar dağ kəndlərində məskunlaşmanın artmasına səbəb olub. Həmin kəndlərin abadlaşdırılması, təbii-coğrafi şəraiti, insanların mehribanlığı, qonaqpərvərliyi, sürətli internetə çıxış, rayon mərkəzi və Naxçıvan şəhəri ilə olan mütəmadi əlaqə turizmin inkişafını da şərtləndirib.

Ulu öndər Heydər Əliyev siyasi xəttinə dərin sədaqət nəticəsində Babək rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri üçün yeni binalar inşa olundu və yaxud yenidən quruldu. Beləliklə təhsil sahəsində yeni bir dövrün əsası qoyuldu. İllər öncə neft sobaları ilə qızdırılan və elə neft qoxuyan sinif otaqlarında titrəyə-titrəyə keçirilən dərslərin hansı keyfiyyətdə olacağını dərk etmək yəqin ki, çətin deyil. Qışda övladını soyuqdan qorumaq üçün qat-qat paltar geyindirən valideyn, ayağı üşüməsin deyə evdən taxta parçasını gətirib döşəmə kimi istifadə edən uşaq üçün həmin məktəblər bu gün acı xatirədən başqa bir şey deyil. Sovet dönəmindən qalan həmin tədris ocaqları bu gün ancaq televiziya və qəzetlərdə müasir dövrün tikililəri ilə müqayisə olunarkən görünməkdədir. Muxtar respublika rəhbəri bu sahəyə o qədər prioritet sahə kimi yanaşdı ki, müstəqillik illərində Naxçıvanda 200-dən çox məktəb binası tikildi və ya yenidən quruldu. Özü də söhbət müasir tədris avadanlıqları – kompüterlərlə, elektron lövhəli siniflərlə, laboratoriyalarla, fənn kabinələri ilə təchiz edilmiş məktəblərdən gedir.

Naxçıvanda bu gün milli dəyərlərə xüsusi önəm verilir, adət-ənənələrimizin qorunub yaşadılmasına qayğı ilbəil artır, xalq sənətkarlığı sahələri inkişaf etdirilir, el sənətkarlarının əsərlərindən ibarət sərgilər təşkil olunur, yaradıcı sənət adamlarının yubileyləri qeyd olunur. İndi qədim diyarın tarixinə güzgü tutulur, tarix və mədəniyyət abidələrinə ikinci nəfəs verilir. Son illər Nehrəm kəndindəki tarixi İmamzadə bərpa olunub, Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən olan I Kültəpə barədə əsaslı elmi tədqiqat işləri və arxeoloji qazıntılar aparılıb, bu barədə yeni kitablar nəşr olunub. Həmin nəşrlər muxtar respublika tarixinə və mədəniyyətinə dəyərli töhfə kimi qiymətləndirilir.

Etiraf edək ki, illər öncə Naxçıvan səhiyyəsinə qarşı bir inamsızlıq buzu var idi və insanlar dərdlərinə olan çarəni xarici ölkələrin xəstəxanalarında axtarırdılar. Bir tərəfdən də səhiyyə müəssisələrindəki şərait, daha doğrusu şəraitsizlik sağlam insanı belə xəstə yatağına yıxmağa “qadir idi”. Bu gün Babək rayonunda bir mərkəzi və iki kənd sahə xəstəxanası, ambulatoriyalar, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Həmin tibb müəssisələrinin hər biri müasir avadanlıqlarla təmin edilib. Ali Məclis Sədrinin tapşırığına əsasən, son illər kəndlərimizdəki doqquz həkim ambulatoriyasına müasir fizioterapiya avadanlıqları verilib, tibb müəssisələrinin kadr təminatı da yaxşılaşdırılıb.    

Kadr demişkən, bu illər ərzində Naxçıvanda gənc nəslə etibarlı gələcək gözü ilə baxıldı. Gənclərin savadlı, dünyagörüşlü, intellektli, bilikli, vətənpərvər, fiziki cəhətdən sağlam yetişmələri üçün bütün güc və qüvvə səfərbər edildi. Ali və orta ixtisas təhsili müəssisələrində yaradılan şərait, peşə məktəblərinin fəaliyyət göstərməsi, gənclərin məşğulluğunun təmin edilməsi, layihələrinin dəstəklənməsi, dövlət idarəçiliyi sahəsində irəli çəkilmələri gəncliyin potensialından səmərəli istifadəyə imkan yaratdı.

Müstəqillik illərində Babək rayonunun mövcud potensialından səmərəli istifadə olundu. Dövlət hər zaman sahibkarın yanında olduğunu bildirəndə, sahibkar da bundan güc aldı. Maliyyə imkanlarını yaxşılaşdırdı, yaxşı ideya ilə çıxış etdi, sahibkar olacağına inandı və artıq nəticə göz önündədir. İndi Babək rayonunda istehsal olunan “Sirab” mineral suyu, müxtəlif ərzaq və sənaye məhsulları ölkəmizdə və onun hüdudlarında rəğbətlə qarşılanır, keyfiyyəti ilə seçilir, nümayiş olunan sərgilərdə öz sözünü deyir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, bu ilin ötən dövrü ərzində Babək rayonunda öz təsərrüfatını qurmaq, məhsul istehsal etmək istəyən 10 nəfərə 108 min manatdan çox kredit verilib. 2019-cu ilin yanvar-oktyabr aylarında rayonda 103 milyon 590 min 900 manat dəyərində sənaye məhsulu istehsal edilib.

Nə zaman ki, dövlət torpağı kəndliyə qaytardı, texnika və texnoloji avadanlığını verdi, subsidiyasını ayırdı, suvarma təminatını yaxşılaşdırdı, o zaman Babək, qədim diyarın qabaqcıl kənd təsərrüfatı rayonu kimi tanındı. Əkinçilik, heyvandarlıq, arıçılıq, tingçilik və başqa sahələrdə ixtisaslaşmış saysız-hesabsız fermerlər, ailə təsərrüfatı sahibləri sinfi formalaşıb. Qəbul olunmuş Dövlət proqramlarının, layihələrinin uğurlu icrası rayon iqtisadiyyatında kənd təsərrüfatının rolunu və çəkisini bir neçə dəfə artırıb.

Tarix heç nəyi unutmur. Köksündə yaxşıya yaxşı, pisə pis , qurucuya qurucu kimi yer ayırıb. Eynilə tarix vətən üçün, xalq üçün, onun rifahı, yaxşı yaşaması, dövlətçiliyin möhkəmləndirilməsi üçün çalışanları da heç vaxt unutmur. Müasir Naxçıvanın MEMARı və QURUCUsu olan Ali Məclisin Sədri cənab Vasif Talıbov da muxtar diyarın tarixinə adını qızıl hərflərlə yazdırıb. Görülən işlərə isə ən yaxşı qiyməti  elə tarix özü verəcək...

  Muxtar Rzazadə

  “Şərqin səhəri”qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR