22 Dekabr 2024, Bazar

Müasir Naxçıvan, sözün əsl mənasında, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün muxtar respublikada hansı sahəyə baxsaq, geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarıq. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların 30 ilə yaxındır davam edən blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanda əldə edilən bu nailiyyətlər düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

 Bir zamanlar Naxçıvan...

Keçmiş həmişə xatırlanmalıdır ki, bu günə düzgün qiymət verilə bilsin. Bir vaxtlar Naxçıvanda ağır blokada şəraitinin yaratdığı çətinliklər muxtar respublikanın mətbuat bayraqdarı “Şərq qapısı” qəzetində “İşsizlik”, “Su həsrəti”, “Kəndin çətin günləri”, “Şəhər və kəndlərimizi abadlaşdıraq”, “Torpağı sahibsiz qalmağa qoymayaq”, “Təhsil qayğı istəyir”, “Təbiətə qəsd edilir”, “İşə münasibət kökündən dəyişilməlidir” kimi sərlövhəli yazılara tez-tez müraciət olunmasını vacib edirdi. Bu da səbəbsiz deyildi. Çünki qeyd olunan bütün məsələlər həmin dövrün acı reallığına çevrilmişdi. Gündən-günə artan problemlər isə öz həllini gözləyirdi... 

Hələ 1996-cı ildə keçirilən müşavirələrin birində “Yaxşı bəhanə tapıblar, hər nöqsanı, hər çatışmazlığı və özlərinin fəaliyyətsizliyini blokada ilə əlaqələndirirlər”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov blokadanın inkişaf üçün əngəl olmadığını açıq-aydın bəyan etdi. İnsanların ümidləri doğruldu, gələcəyi təhlükədə olan bir regiondan parlaq gələcəyi olan bir muxtar respublika yaradıldı. Naxçıvanın hərtərəfli inkişafına nail olmaq üçün nizam-intizam gücləndirildi, işə münasibət kökündən dəyişildi, işsizlik problemi aradan qaldırıldı, şəhər və kəndlərimiz abadlaşdırıldı, iqtisadiyyat inkişaf etdirildi, sahibkarlığa geniş meydan verildi, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafı təmin olundu.

Müasir Naxçıvan bugünkü xoşbəxt günlərinə asanlıqla nail olmayıb

Bəli, müasir Naxçıvan bugünkü xoşbəxt günlərinə asanlıqla nail olmayıb. Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvanda genişmiqyaslı tikinti və quruculuq işlərinin aparılması, yolların və körpülərin salınması, istehsal müəssisələrinin yaradılması, on minlərlə yeni iş yerinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, kənd və xidmət mərkəzlərinin, inzibati binaların inşası, yaşayış binalarının yenidən qurulması, elektrik, qaz və su təminatının yaxşılaşdırılması həyata keçirilən tədbirlərin yalnız görünən tərəfidir. Bu işlər muxtar respublikanın daha çox bu gününə xidmət edir. Yeni cəmiyyətin qurulması, müasir düşüncəli, vətənpərvər gəncliyin yetişdirilməsi isə Naxçıvanın işıqlı gələcəyinə hesablanıb.

Muxtar respublikada əldə olunan ən böyük uğurlardan biri, bəlkə də, ən başlıcası regionun enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Vaxtilə enerjiyə olan tələbatını idxal hesabına ödəyən Naxçıvan indi elektrik enerjisi ixrac edir. Muxtar respublika 100 faiz qazlaşdırılıb. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev deyib: “Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da, deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir”.

Muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur. Sənaye müəssisələrinin təkcə Naxçıvan şəhəri daxilində yerləşdirilməməsi, bütün rayonlarda belə müəssisələrin istifadəyə verilməsi muxtar respublikanın tarazlı inkişafını təmin edib. Naxçıvan-Sədərək magistral yolu ilə irəlilədikcə qarşımıza çıxan yeni sənaye şəhərcikləri yaxın gələcəkdə Naxçıvanın iri sənaye mərkəzinə çevriləcəyindən xəbər verir.

Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Strateji ərzaq məhsulu olan taxıl istehsalının artırılması ilə yanaşı, taxıl ehtiyatı anbarlarının qurulması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Aqrar sahədə məhsul istehsalının artırılması sənaye müəssisələrinin xammalla təchizatını təmin edir, nəticə etibarı ilə, idxaldan asılılıq aradan qaldırılır.

Əhalinin həyat şəraiti müasir standartlar səviyyəsinə çatdırılıb

Kənd adamının rifahının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərə paralel olaraq əhalinin həyat şəraiti müasir standartlar səviyyəsinə çatdırılıb. Muxtar respublikanın kənd yaşayış məntəqələrində tikilib istifadəyə verilən müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri, yenidən qurulan avtomobil yolları şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə şəhər rahatlığının yaradılmasına gətirib çıxarıb.

Muxtar respublikadakı yeniləşmədə elm, təhsil və mədəniyyətin xüsusi çəkisi vardır. Elm və təhsil quruculuğu Naxçıvanda yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən məktəb binaları fəaliyyət göstərir. Naxçıvanın ən ucqar dağ kəndində təhsil alan məktəbli dünyanın inkişaf etmiş ölkələrinin şagirdləri kimi kompüterdən və internetdən istifadə etmək imkanına malikdir. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv əlaqələrin yaradılması isə ilk dəfə məhz Naxçıvanda tətbiq olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir. Naxçıvanda istifadəyə verilən səhiyyə müəssisələrində dünyanın ən müasir tibbi avadanlıqları quraşdırılıb. Əgər bu gün ən çətin cərrahiyyə əməliyyatı hesab olunan açıq ürək və mürəkkəb beyin əməliyyatları muxtar respublikada yerli həkimlər tərəfindən həyata keçirilirsə, Naxçıvan səhiyyəsinin inkişafı barədə əlavə fikir söyləməyə ehtiyac yoxdur.

Elmin inkişafı təmin edilir, mədəni həyat öz qaynarlığı ilə seçilir

Muxtar respublikadakı yeniləşmə və inkişaf yalnız tikinti-quruculuq işləri ilə məhdudlaşmır. Buna paralel olaraq, Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq olunmasına da ciddi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması Naxçıvan tarixinin kompleks şəkildə araşdırılmasına və tədqiq olunmasına şərait yaradıb. Ali Məclis Sədrinin bilavasitə dəstəyi, qayğısı və himayəsi ilə Naxçıvan Muxtar Respublikasının tarixinin, abidələrinin, folklorunun, ədəbi-mədəni mühitinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılıb, bir sıra ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilib. Naxçıvanlı tədqiqatçıların yaxından iştirakı ilə 2002-ci ildə “Naxçıvan Ensiklopediyası” nəşr olunub. “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan: tarixi və abidələri” (iki dildə), “Naxçıvan tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (üç cilddə), “Naxçıvan teatrının salnaməsi” (1883-2008-ci illər), Naxçıvan Muxtar Respublikasının flora və faunasının “Qırmızı kitabı” (iki cilddə), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: mövcud vəziyyəti və perspektivləri”, “Naxçıvan dialektləri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (Azərbaycan və rus dillərində), “Naxçıvan arxeologiyası”, “Naxçıvan tarixi” (üç cilddə), “Naxçıvan coğrafiyası” (iki cilddə), “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Naxçıvan tarixi” və “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitab və monoqrafiyası Naxçıvan Muxtar Respublikası mükafatına layiq görülüb. 

Muxtar respublikanın mədəni həyatı da bu gün öz qaynarlığı ilə seçilir. Mədəniyyət müəssisələri üçün yaradılan şərait yeni-yeni uğurlara aparır. Bu gün muxtar respublikada Xalq Çalğı Alətləri, Kamera, Estrada orkestrləri fəaliyyət göstərir. Zəngin ənənələrə malik Naxçıvan teatrının inkişafı üçün mühüm qərarlar qəbul olunub, teatrın binası yenidən qurulub. Muxtar respublikada fəaliyyət göstərən xalq teatrları, musiqi kollektivləri, muzeylər insanların asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayırlar.

Naxçıvanda milli dəyərlərə, tarixi-mədəni irsə qayğı ilə yanaşılır. Bəşəriyyətin yaşıdı olan tarixi abidələrə yeni həyat verilir, xalq yaradıcılığı günləri keçirilir, qədim sənətkarlıq sahələri bərpa olunur, sərgilər təşkil edilir. Bu gün Nuhun türbəsindən Gəmiqayaya, Naxçıvanqaladan Əlincəyə soraq verən tariximiz yenidən yazılır.

Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülüb

Muxtar respublikada ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Ölkə rəhbəri Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində hərbi quruculuq sahəsində burada görülən işləri yüksək qiymətləndirərək deyib: “Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülür. Bu hərbi hissə Azərbaycandakı hər bir hərbi hissə üçün nümunə, örnək ola bilər. Burada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycan Ordusu məhz bu cür olmalıdır”.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına xidmət edən çox mühüm tarixi qərardır. Dövlət başçısının da dediyi kimi, indi Naxçıvan ordusu nəinki muxtar respublikanın sərhədlərini etibarlı müdafiə edir, həm də istənilən hərbi vəzifəni icra etməyə qadirdir.

Yaşıllıqların həcmi 0,6 faizdən 20 faizə çatdırılıb

Muxtar respublikanın gələcəyinə göstərilən böyük qayğının bir ifadəsi də burada yaşıllıq sahələrinin artırılmasıdır. Bu sahədə həyata keçirilən nəhəng işlər barədə tam dolğun təəssürat yaratmaq üçün “Şərq qapısı” qəzetinin 1994-cü il 16 mart tarixli sayında dərc olunan “Söyüdlü arxın harayı” adlı yazıya nəzər salaq: “Son iki ildə muxtar respublikanın ərazisində təbiətə yamanca qəsd edilir. Buna bir səbəb vaxtında camaatın yanacaqla, təbii qazla, istiliklə təmin edilməməsidirsə, digər səbəb isə cəzasızlıqdan doğan özbaşınalıqdır. Onsuz da muxtar respublikada təbii meşələr olduqca azdır. Hər nəfərə düşən yaşıllıq sahəsinə görə respublikamız dünyada axırıncı yerlərdən birini tutur. Ötən ilin sərt qış günlərində soyuqdan donmamaq üçün nəinki kəndlərdə, şəhərlərdə belə bağlarda, parklarda, həyətlərdə, küçə və meydanlarda ağacların kütləvi surətdə kəsilib yandırılmasına yol verilib. Təəssüf ki, yaz aylarında yeni tinglərin salınmasına lazımi qayğı göstərilməyib, yaxşı ənənələrə malik olan iməcilik tədbirləri yaddan çıxıb. Əvvəllər bu mühüm işə rəhbər təşkilatlar başçılıq edir, həyata keçirilən tədbirlərlə ciddi surətdə maraqlanırdılar”.

Bu sətirlərdən məlum olur ki, o dövrdə Naxçıvanda ekoloji vəziyyət acınacaqlı olub. Ekoloji vəziyyətin yaxşılaşdırılmasının, iməciliklərin keçirilməsinin mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılması nəticəsində 1990-cı illərin əvvəllərində bu göstərici 0,6 faiz həddində idisə, bu gün həmin rəqəm artıq 20 faizə çatıb.

Bu dövrdə muxtar respublikanın ərazisində Şahbuz Dövlət Təbiət Qoruğunun, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının, “Arazboyu” Dövlət Təbiət Yasaqlığının və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması flora və fauna ehtiyatlarının qorunmasına müsbət təsir göstərib.

İnsan amili daim ön plandadır

İnsan amilinin daim ön planda olduğu muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlar da diqqətdən kənarda qalmayıb. Qaçqın və məcburi köçkünlərə, mənzilə ehtiyacı olanlara mənzillərin verilməsi, müxtəlif dövlət qurumları tərəfindən mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilməsi, müxtəlif dövlət proqramlarının qəbul edilərək həyata keçirilməsi muxtar respublika əhalisi tərəfindən minnətdarlıqla qarşılanır.

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, yeni istehsal müəssisələrinin, dövlət orqanlarının yaradılması əhalinin məşğulluğuna öz təsirini göstərib, minlərlə iş yeri yaradılıb.

Naxçıvan sürətlə inkişaf edən təmiz və təhlükəsiz diyardır

Öz müasirliyi ilə dünyanın inkişaf etmiş ölkələrinin müasir şəhərləri ilə rəqabətə girən, bəzi elementlərə görə onlardan belə, üstün olan Naxçıvan şəhərində aparılan quruculuq işləri, tikilən binalar memarlıq quruluşuna, şəhərsalma mədəniyyətinə görə seçilir. Fəaliyyət istiqamətlərinə görə bir-birinə yaxın sahələrin eyni məkanda qruplaşdırılması müasir şəhərsalmada mühüm amillərdən biridir. Naxçıvan şəhərinin tarixinə xələl gətirilmədən məhz bu istiqamətdə qurulması şəhərin mükəmməl baş planından və memarlıq quruluşundan xəbər verir.

Görülən işlər nəticəsində Naxçıvan Muxtar Respublikası blokadanı çoxdan yarıb. Şəhər və kəndləri sürətlə yeniləşən, beynəlxalq tədbirlər və idman yarışları keçirilən, ildə 400 min turisti qəbul edən, beşulduzlu otellər fəaliyyət göstərən, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılan, ixrac imkanları getdikcə artan, əhalisinin bütün sosial ehtiyacları ödənən Naxçıvan üçün, sadəcə, sözdə blokada anlayışı var. Muxtar respublikamıza gələn qonaqların əksəriyyətinin yekdil fikri belədir: Naxçıvan sürətli inkişaf yolundadır, bura çox təmiz və təhlükəsiz regiondur.

Müasir Naxçıvan ümummilli lider Heydər Əliyevin görmək istədiyi kimi qurulur

Müasir Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi kimi qurulur. Ulu Öndərimiz hələ 1996-cı il oktyabrın 30-da muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşündə Naxçıvanda işlərin düzgün qurulduğunu bildirərək demişdi: “Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər şəxsən məni sevindirir. Onların müsbət nəticəsi sizin gözünüz qarşısındadır. Mən bu barədə mütəmadi olaraq məlumatlar alıram və bu işlərə nəzarət edirəm. Amma eyni zamanda dünən də, bu gün də Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəhbərliyi düzgün yoldadır. Siz birlikdə bu yolla böyük nailiyyətlər əldə edə biləcəksiniz”.

Bu tarixi çıxışdan 23 il sonra – 2019-cu il noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev deyib: ““Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Qurucu rəhbərin şah əsəri

Bu il Naxçıvan muxtariyyətinin 95 yaşını qeyd edir. Tarixi min illərlə ölçülən bu diyarın son 95 ili bir çox istiqamətlərdə qazanılan nailiyyətlərlə, uğurlarla əlamətdar olub. Lakin muxtariyyətin ötən 24 ili sürətli inkişaf, tərəqqi dövrü kimi səciyyələndirilir. Naxçıvanda görülən işlərin hər qarışında əsl vətənpərvərlik bariz şəkildə hiss edilməkdə, duyulmaqdadır. Bu vətənpərvərlik kiçikdən böyüyə hər kəsin əməlində, işindədir. Torpağını əkən əkinçinin alın tərində, yaxşı təhsil alaraq peşə öyrənən gəncin arzularında, tarixi vərəqləyən alimin qələmində, yollar çəkən, binalar tikən mühəndisin işində, düşmənə sinəsini sipər edən əsgərin qələbə əzmində və ən nəhayət, tarixi yenidən yazan, kərpic-kərpic bərpa edən, qədim Naxçıvanı müasir inkişafa qovuşduran qurucu rəhbərin əməlində, işindədir vətənpərvərlik.

AZERTAC-ın Naxçıvan bürosu

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR