22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı­nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı nəşr edilib.

Kitabın ilk səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeylərimiz haqqında “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır” dəyərli fikri yer alıb.
Yeni nəşrdə “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı oxuculara təqdim olunur. Sərəncamda deyilir: “Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-­mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur”.
Bu sərəncama əsasən təsdiq edilən “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” da ­tanıtım kitabında yer alıb.
Kitabda Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun “Naxçıvan Dövlət Tarix Muzeyinin yaranması, təşəkkülü və inkişafı”, arxeoloq-alim V.M.Sısoyevin “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı Balabəy Əlibəyov (Əlixanov) haqqında bəzi qeydlər”, Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “Əsrə yaxın tarix və ya bir ekspedisiyanın izi ilə”, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən epiqrafik abidələr”, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətinə dair bəzi sənədlər”, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova və tarix müəllimi Şəhla Talıbovanın birlikdə yazdıqları “Mirbağır Mirheydərzadə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından biri kimi” irihəcmli məqalələri muzeyin tarixini əks etdirən fotoşəkillərlə birgə özünə yer tapıb. Məlumat üçün onu da bildirək ki, bu mədəniyyət müəssisəsinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar yuxarıda adıçəkilən elmi-tədqiqat xarakterli məqalələrin əksəriyyəti “Şərq qapısı” qəzetində də dərc olunub.
Yeni nəşrdə Naxçıvanda muzey işinin təşəkkülündə və inkişafında mühüm rolu olan Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında nümayiş etdirilən, Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı fotoqalereya bölməsi də vardır. Bu, bir əsrə yaxındır ki, tarixi-mədəni irsimizin yaradılması və təbliği ilə məşğul olan bu mədəniyyət müəssisəsinin fototəqdimatı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tanıtım kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla nəşr edilib. Bu nəşrdə təqdim edilən tarixi və elmi məqalələr, eləcə də fotolar həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün zəngin məlumat mənbəyi rolunu oynayacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR