22 Dekabr 2024, Bazar

Dünən sakinlər tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 eksponat təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi mədəniyyət nümunələrinin toplanmasının daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Qeyd olunub ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli-mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olunub. Xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılması deməkdir.
Bildirilib ki, bu gün ölkəmizdə xalçaçılıq sənətinin yaşadılması və inkişafına böyük diqqət göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib. Bütün bu tədbirlər Azərbaycan xalçaçılıq sənətinin inkişafı və təbliği ilə yanaşı, xalçaçılıq sənətimizin nüfuzunun daha da artmasına xidmət edir.
Aparılan elmi tədqiqatlardan aydın olur ki, Naxçıvan xalça qrupuna daxil olan xalça və xalça məmulatları muxtar respublikanın bütün rayonlarının ərazisində “Gördəst” üsulu ilə toxunub.
Natəvan Qədimova qeyd edib ki, diyarımızın müxtəlif bölgələrinə aid çoxsaylı xalça nümunələrinin qorunduğu və nümayiş etdirildiyi Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, muxtar respublikada xalça toxuculuğu emalatxanalarının fəaliyyət göstərməsi, bu istiqamətdə sənətkarların yetişdirilməsi məhz Naxçıvanda xalçaçılıq sənətinin yaşadılması və təbliği işinə bariz nümunədir.
Onu da qeyd etmək lazımdır ki, bu gün muxtar respublikada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən 585 ədəd əllə toxunan xalçanın reyestri hazırlanıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilib.
Vurğulanıb ki, bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunan xalçalar, əsas etibarilə, ötən əsrin xalçaçılıq sənəti nümunələri olmaqla, əllə toxunub. Xalçaçılıq sənətinin xalça, kilim və palaz növlərinə aid bu toxuculuq məhsulları öz ecazkar naxış ornamentləri ilə diqqəti cəlb edir.
Nazir çıxışının sonunda maddi mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, eksponatları muzeyə hədiyyə edənlərdən Şərur şəhər sakini Dilbər Baxşəliyeva çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davamlı olaraq həyata ­keçiriləcək.
Sonda tədbir iştirakçıları təqdim edilən yeni eksponatlarla və muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR