22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli açaraq böyük söz ustadının zəngin yaradıcılığı barədə ətraflı məlumat verib, Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından söz açıb.

Bildirilib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı və müasirliyi ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür. Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyan ədibin dünya romantizm ənənələri əsasında bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
Qeyd edilib ki, ədibin “Ana”, “Uçurum”, “İblis”, “Şeyx Sənan” kimi əsərləri bu günün reallıqları ilə səsləşir. Onun əsərlərinin əsas mövzularından olan müharibəyə nifrət, sülhə çağırış bu gün də aktualdır. Ədibin yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Onun milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərən mənzum faciə və dramları müxtəlif illərdə tamaşaya qoyulub.
Vurğulanıb ki, bütün fəaliyyəti boyunca Azərbaycan xalqının mədəniyyətini yüksəklərdə, xalqımızı isə daim azad, müstəqil görmək istəyən ədib “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə həbs cəzasına məhkum edilib, Sibir buzlaqlarına sürgün olunub və doğma Vətənindən çox uzaqlarda vəfat edib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Uzaq Sibirin əlçatmaz yerlərindən onun nəşinin qalıqları doğma yurdu Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvan şəhərində onun qəbri üstündə ucaldılan möhtəşəm məqbərə təkcə böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidədir.
Bildirilib ki, muxtar respublikamızda böyük ədibin xatirəsi həmişə əziz tutulur, onun irsinin öyrənilməsinə diqqətlə yanaşılır. Hüseyn Cavid sənəti və şəxsiyyəti bu gün də yaşadılır.
Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımovun “Hüseyn Cavidin həyatı və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Hüseyn Cavid təfəkküründə Şərq və Qərb problemi”, dosent Ələkbər Qasımovun “Hüseyn Cavid və ­teatr”, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Hüseyn Cavid və folklor” mövzularında çıxışları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR