Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə dahi şair Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edib, Cavidlərin məzarları üzərinə tər güllər düzüblər.
Tədbir Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilib. Əvvəlcə teatrın foyesində Ərtoğrol Cavid həyatına və yaradıcılığına həsr olunmuş sərgiyə baxılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində böyüyən, qısa ömür yaşamasına baxmayaraq, bənzərsiz əsərləri ilə zəngin irs yaradan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri, anadan olmasının 100 illiyi qeyd edilən Ərtoğrol Cavidin çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ərtoğrol Cavid irsinin öyrənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, əsərlərinin uşaq musiqi məktəblərində tədrisinə başlanılıb. Ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolu əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, 2013-cü ildə həmin məktəb yeni bina ilə təmin edilib.
Yaşadığı qısa müddətdə ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolunu, Azərbaycan xalq mahnılarının və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il 18 aprel tarixdə Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edib. Tədbirlər Planına əsasən Ərtoğrol Cavidlə bağlı elmi konfrans keçirilib, onun fəaliyyətinin müxtəlif sahələrinə həsr olunan elmi nəşrlər hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ərtoğrol irsinə böyük qayğısının ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətinə həsr olunan “Natamam ömrün 100 illik təntənəsi” kitabının nəşri həyata keçirilib.
Vurğulanıb ki, Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Ərtoğrol Cavid: Taleyi və sənəti” adlı monoqrafiya nəşr edilib.
Sonra Naxçıvan televiziyasının hazırladığı Ərtoğrol Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq ömrün akkordları” filminə baxılıb.
Tədbir istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.
Gülcamal TAHİROVA