22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə muxtariyyətin 95 illiyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilib.

Müsabiqənin aparıcısı bildirib ki, əsrə yaxın bir dövrdə muxtar dövlət statusu daşıyan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə muxtar diyarımızda silsilə tədbirlər keçirilir. Mahnı müsabiqəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən təşkil edilib.
Qeyd olunub ki, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi əvvəlcədən təsdiq edilərək müvafiq mədəniyyət müəssisələrinə göndərilib. Qaliblər iki – professional və həvəskar bəstəkarlar nominasiyaları üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Sonra münsiflər heyəti elan edilib və müsabiqəyə start verilib. İfaçıları Naxçıvan Dövlət Filarmoniyasının Kamera, Estrada və Xalq Çalğı Alətləri orkestrləri, həmçinin Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı müşayiət edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək muxtariyyətin son 20 ildən çox dövrü ərzində bütün sahələr üzrə əldə olunan nailiyyətlərə, xüsusən mədəniyyət sahəsindəki uğurlara görə Naxçıvan Muxtar Res­publikası Ali Məclisinin Sədrinə ­minnətdarlığını bildirib. Nazir 10 nəfər müəllifin 11 əsərinin səsləndirildiyi mahnı müsabiqəsinin iştirakçılarına uğurlu çıxışlarına və münsiflər heyətinə obyektiv qərarına görə təşəkkür edib, qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Muxtar respublikanın Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, bu cür müsabiqələrin muxtar diyarımızda sənət adamlarının yaradıcılıq fəaliyyətinə müsbət təsir göstərdiyini deyib.
Müsabiqənin münsiflər heyətinin yekun qərarına əsasən “Professional bəstəkarlar” nominasiyası üzrə I yerin qalibi Yaşar Xəlilov, “Həvəskar bəstəkarlar” nominasiyası üzrə I yerin qalibi Əkrəm Məmmədli, II yerin qalibləri Nizami Məmmədov, Nazilə Qardaşbəyova, III yerin qalibləri isə Vidadi Heydərov və Hakim Məmmədov olublar.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR