Naxçıvan ərazisi qədim və zəngin tarixə malikdir. Arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri bu diyarın daş dövründən başlayaraq ilkin sivilizasiyalı yaşayış məskəni olduğunu sübut edir. Naxçıvan ərazisinin dünyanın ən qədim yaşayış məskənlərindən biri olmasını təkcə arxeoloji tədqiqatlar deyil, eyni zamanda qədim yazılı mənbələr də sübut edir. Eradan əvvəl 4-cü, 3-cü minilliyə aid Şumer-Akkad, Assur-mixi qaynaqlarında, antik dövrdə yaşamış Klavdi Ptolomeyin, İosif Flavinin əsərlərində Naxçıvan bəşər mədəniyyətinin ilk beşiyi, yəni yer kürəsində həyatın başlandığı müqəddəs məkan kimi təqdim edilir.
Naxçıvan özü qədim tarixə malik olduğu kimi, onun bölgələri də qədimdir. İlk insan məskəni olan mağaralar, möhtəşəm qalalar, qədim yaşayış yerləri bu dediklərimizə əyani sübutdur. Bu sırada Şahbuz rayonunun ərazisi də qədim tarixi sinəsində yaşadan yerlərdəndir. Tarixi eradan əvvəl III-I minilliyə aid edilən tunc və erkən dəmir dövrü abidələri, yadelli qoşunlarına qarşı mərdliklə mübarizə aparan möhtəşəm Şahbuz qalası, ta qədim dövrlərdən insanların sığınacaq yeri olan Fərhad evi, orta əsr yaşayış yerlərində olan kurqanlar, nekropollar, saya-hesaba gəlməyən maddi-mədəniyyət nümunələri ulu yurdun tarixini daha da qədimlərə aparır. Ərazilərdə aparılan tədqiqatlar nəticəsində aşkar olunan yeni tapıntılar isə bu yurdun ilk insanlarından, yaratdıqları mədəniyyətdən xəbər verir.
Şahbuz rayonunun Mahmudoba kəndindən şimal-şərqdə yerləşən, 5200 kvadratmetr ərazini əhatə edən Məzrə yaşayış yeri də qədim tarixə malikdir. Bura tədqiqatçılar tərəfindən 1986-cı ildə qeydə alınıb. Ərazidə uçub-tökülmüş tikinti qalıqları, dəyirman yeri bu gün də qalmaqdadır. Tikililərin əksəriyyəti dağıldığından formasını tamamilə itirib. Bu il qədim yaşayış yerində Azərbaycan-Fransa müştərək arxeoloji ekspedisiyası tərəfindən aparılan kəşfiyyat xarakterli araşdırmalar zamanı tunc dövrünə aid keramika nümunələrinin eyni zamanda kurqanların və 14-18-ci əsrlərə aid sənduqə tipli qəbir abidələrinin aşkarlanması insanların qədim dövrlərdən bu ərazilərdə yaşadığını bir daha təsdiq edir. Yaşayış yerində insanların məskunlaşması ilə bağlı AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirir ki, Azərbaycanda bəşər tarixinin müxtəlif mərhələlərində yaşayış məskənlərinin müxtəlif tip və formaları mövcud olub. Ərazilər landşaft-relyef quruluşuna görə əsasən dağlıq, dağətəyi və düzənlik sahələrdən ibarətdir. Dağlıq ərazilərin təbii-iqlim şəraitinə, flora və faunasının zənginliyinə görə ölkənin ən qədim sakinləri məhz burada məskunlaşıblar. İctimai inkişafın sonrakı mərhələlərində isə əkinçi və maldar qəbilələrin formalaşması nəticəsində Azərbaycanın düzən və dağətəyi ərazilərində yeni-yeni qəbilə məskənləri yaranıb və inkişaf edib. Əkinçiliklə məşğul olan tayfalar süni suvarma qaydalarına yiyələndiyindən çay ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin olan ərazilərdə məskən salıb.
Məzrə kəndi ərazisində aparılan tədqiqatlar zamanı dağətəyi və düzən bölgələrində aşkar olunan yaşayış yerlərinin izləri, kurqanlar və tarixin müxtəlif dövrlərini əhatə edən keramika nümunələri burada yaşayışın qədim tarixə söykəndiyindən xəbər verir. Xalqımızın qədim tarixi haqqında dəyərli mənbə olan təsvirlərin ideya məzmununun açılması üçün folklor nümunələrinin və etnoqrafik materialların böyük əhəmiyyəti var. Bu nümunələrdə dünyanın yaranışı ilə bağlı təsəvvürlər əks olunur. Vəli müəllim onu da bildirdi ki, insanların dünya haqqındakı düşüncələri bəşər cəmiyyətinin özü qədər qədimdir. Bu təsvirlər mifoloji obraz və personajların fəaliyyəti ilə nə qədər mürəkkəbləşdirilsə də insanları tarix boyu düşündürən sadə bir fəlsəfəni dünyanın yaranışı həyat və ölüm anlayışlarını əks etdirir. Qədim yaşayış yerində aşkar etdiyimiz qoç heykəlləri və onların üzərinə işlənmiş süjetli təsvirlər də xüsusilə diqqəti cəlb edir.
1941-ci ildə Məzrə kəndində dünyaya göz açan və ömrünün 20 ilini bu kəndində yaşayan Rəşid Əmənov deyir ki, bu geniş əraziyə malik olan qədim Oğuz yurdunda vaxtı ilə 37 ev, məktəb və dəyirman olub. Burada yaşayan insanlar isə görünən bu geniş ərazilərdə arpa və buğda əkiblər. Suvarma suyu isə Toğluqayanın ətəklərindən qaynayan bulaqların arxlar vasitəsilə buraya gətirilməsi ilə həyata keçirilib. Kəndin yuxarı hissəsində olan qədim kəhrizin suyu bu gün də bu yerlərə həyat bəxş edir. 1960-cı ildə isə bu kəndin əhalisi köçürülərək Mahmudoba və Nursu kəndlərində yerləşdirildilər. Ancaq bu gün burada yaşayış olmasa da ərazilər sakinlər tərəfindən yenə də əkilir, heyvandarlıqla məşğul olanlar isə geniş otlaqlardan istifadə edirlər.
Bəli, tarixin şahidi, həm də iştirakçısı olan bu qədim yaşayış yerləri Naxçıvan tarixi ilə bağlı tapılan yeni faktlar tədqiqatçıların bu yerlərdə yaşayan əkinçi maldar tayfalar haqqında yeni fikirlər deməsinə imkan verir. Ümumiyyətlə, Naxçıvanın arxeoloji abidələri daş dövründən başlayaraq yurdumuzun qədim tarixini öyrənmək üçün olduqca mühüm əhəmiyyəti olan mənbələrdir və qədim yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət abidələrinin araşdırılması göstərir ki, xalqımız qədim dövrlərdən bu ərazilərdə məskunlaşan ulu əcdadlarımızın varisləridir.
Vaqif Ağalarov
Naxçıvan televiziyasının baş redaktoru