Almaniyanın “Bild” qəzetində “Fəridənin çantasında 1,5 milyon avro var” başlığı altında dərc olunan məqalədə Almaniyanın Karlsruhe şəhərində təhsil alan Fəridə Rüstəmovanın çıxış etmək üçün digər yerlərə getdiyi zaman çantasının 1,5 milyona bərabər olduğu qeyd olunur.
Belə ki, onun 1,5 milyon avro dəyərindəki skripkanı özü ilə apardığı vurğulanır. Təhsil aldığı müddətdə Frayburq şəhəri tərəfindən F.Rüstəmovanın istifadəsinə verilən skripkanın 1745-ci ildə məşhur skripka ustası Pietro Quarneri tərəfindən hazırlandığı bildirilir. Gənc skripkaçının bu skripkada ifa edə bilmək üçün müraciət etdiyi və digər skripkaçıların da qatıldığı müsabiqədə jüri tərəfindən qalib gələrək skripkada ifa etmək imkanını qazandığı bildirilir. F.Rüstəmovanın sözlərinin sitat gətirildiyi məqalədə onun təyyarədə belə skripkasından ayrılmadığı, onu özü ilə təyyarənin salonuna keçirdiyi, hər bir konsertdən sonra Karlsruhe şəhərinə qayıdandan sonra skripkanı oxuduğu musiqi məktəbinə saxlanca təhvil verdiyi diqqətə çatdırılır. Onun oktyabr ayında doktorluq işini başa çatdıracağı və yanvar ayınadək skripkada ifa edə bilmək hüququnun olduğu bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin