Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı davam edir. Oktyabrın 10-dək davam edəcək sərgiyə maraq böyükdür. İstər fərdi şəkildə, istərsə də ayrı-ayrı kollektivlər sərgi-satışda fəal iştirak edir, maraqlı əl işləri və rəsm əsərləri ilə tanış olurlar.
Ötən gün muxtar respublikanın nazirlik, komitə, idarə, təşkilat və müəssisələrinin kollektivləri sərgilənən və satışı təşkil olunan sənətkarlıq nümunələrinə baxıblar. Məlumat verilib ki, sərgi-satışa, ümumilikdə, 305 müəllifin 3 min 926 əl işi çıxarılıb. Burada istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların da əl işləri sərgilənir.
Naxçıvanın qədim memarlıq abidələri və Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı əl işləri sərgi iştirakçıları tərəfindən rəğbətlə qarşılanır. Sərgiyə gələnlər bu diqqətçəkən əsərlərdən çoxlu hədiyyələr alırlar. Ümumilikdə, sərgi-satışda oktyabr ayının 1-dən başlayaraq 250 şəxsin 11020 manat dəyərində 928-dən çox əl işi satılıb.
Gülcamal TAHİROVA