Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı ildən belə sərgi-satışların keçirilməsi ənənə halını almışdır.
Vurğulanıb ki, artıq neçə illərdir, muxtar respublikada beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə festivallar təşkil edilir.
Qeyd olunub ki, muxtar respublikamızda fəaliyyət göstərən sağlamlıq imkanları məhdud şəxslərin və qadınların yaradıcı əməyi yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülürlər. Yaradıcı insanlara dövlət dəstəyi bu gün bütün yaradıcılıq sahələrini əhatə edir. Bütün bunların nəticəsidir ki, əvvəlki illərlə müqayisədə növbəti sərgidə nümayiş olunacaq əl işlərinin sayında nəzərəçarpacaq artım müşahidə edilir. Sərgidə 35 sağlamlıq imkanları məhdud şəxsin və 2 ahıl rəssamın 283 işi və 268 yaradıcı qadının 3643 əl işi sərgilənir.
Surə Seyid bildirib ki, keçirilən sərgilər, festivallar, respublika və beynəlxalq səviyyəli tədbirlər sağlamlıq imkanları məhdud insanların və qadınların sosial-mədəni həyata daha fəal inteqrasiyasına, öz potensiallarının geniş təbliğinə şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada digər fəaliyyət sahələri ilə yanaşı, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi kimi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, onlar tərəfindən yeni yaradıcılıq nümunələri hazırlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, muxtar respublikanın bütün sakinləri kimi, sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib.
İstedadlı və yaradıcı qadınlar adından çıxış edən Lalə Əliyeva yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgi-satışa, ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.
Sərgidə nümayiş olunan bir-birindən maraqlı, rəngarəng əl işləri qadınların bədii təxəyyülünün məhsuludur. Doğma Naxçıvanımızın qədim memarlıq abidələri istedadlı qadınların rəsm və əl işlərində məharətlə əks olunub. Toplanılan əl işləri arasında milli geyim nümunələri, yağlı boya ilə çəkilən təbiət mənzərələri, quramalar, toxuma xalçalar, vitraj, rəsm işləri, dekorativ və muncuqla, həmçinin ağac üzərində yanma üsulu ilə hazırlanan əsərlər, suvenirlər və digər maraqlı əl işləri sərgilənir. Məhdud fiziki imkanlı qadınların əl işləri sərgi iştirakçılarının daha çox diqqətini cəlb edir.
Sərgi-satış 10 gün davam edəcək.
Gülcamal TAHİROVA