22 Dekabr 2024, Bazar

Böyük və şərəfli bir nəslin adını özündə yaşadan Kəngərli rayonu bu gün digər bölgələrimiz kimi özünün yeni inkişaf mərhələsindədir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, rayon mərkəzi Qıvraq qəsəbəsi və 10 kənddən ibarət olan Kəngərlinin bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilib, tarixi abidələrə yeni həyat bəxş olunub, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.

Onu da qeyd edək ki, rayonda istifadəyə verilən bəzi obyektlərin açılış mərasimlərində ölkə başçısı cənab İlham Əliyev iştirak edib, həyata keçirilən tədbirlərə görə razılığını bildirib. Bütün bunlar isə rayon sakinləri tərəfindən onlara göstərilən böyük dövlət qayğısı kimi dəyərləndirilib və kəngərlililərin qurub-yaratmaq əzmini yüksəldib. Bunu rayonun ictimai həyatında mühüm rol olan mədəniyyət işçilərinin fəaliyyətində də görmək olar.
Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyevlə söhbət zamanı öyrəndik ki, bu gün Qıvraq qəsəbəsində bir Mədəniyyət Sarayı, Böyükdüz, Qarabağlar, Qabıllı, Şahtaxtı, Çalxanqala kənd­lərində mədəniyyət evləri, Yurdçu, Xıncab, Xok, Təzəkənd yaşayış məntəqələrində klub, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində uşaq kitabxanası və 11 kənd filialı fəaliyyət göstərir. Rayon mərkəzində və Çalxanqala kəndində yaradılmış uşaq musiqi məktəbləri bu sahədə istedad və bacarığı olan uşaqları öz ətrafına cəlb edib.

Tarix-Diyarşünaslıq Muzeyi bu qədim yurd yerinin ulu keçmişindən qalan yadigarları özündə hifz etməklə, qapıları həmişə Kəngərli sakinlərinin və buraya gələn qonaqların üzünə açıq olan mədəniyyət müəssisəsidir.
Xalqımızın tarixində mühüm rol oynayan Şahtaxtinskilərə böyük hörmət və ehtiram əlaməti olaraq yaradılmış Şahtaxtinskilər Muzeyi də həmişə ziyarətçilərlə dolu olur.
İlkinliyi qorunub saxlanılmaqla yenidən qurulan Qarabağlar Türbə Kompleksi isə Azərbaycan memarlıq məktəbinin ən gözəl inciləri sırasındadır. Bu möhtəşəm abidəni ziyarət etməyə dünyanın hər yerindən qonaqlar gəlir.
Şöbə müdirinin sözlərinə görə, ayrı-ayrı mədəniyyət müəssisələrində ansambllar, musiqi qrupları yaradılıb. Onlar rayonun və muxtar respublikanın mədəni-kütləvi tədbirlərində fəallıq göstərirlər. Bu baxımdan Mədəniyyət Sarayının nəzdində yaradılmış “Kəngər” instrumental ansamblı, qızlardan ibarət “Gülüm, hey” folklor qrupu, “Yallı”, Şahtaxtı kənd mədəniyyət evinin uşaqlardan ibarət “Yallı”, Çalxanqala kənd uşaq musiqi məktəbinin “Sazçalanlar” və “Nağaraçalanlar” ansamblları, Qabıllı kənd mədəniyyət evinin dram dərnəyi rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə çalışır, tez-tez əsgərlərin qonağı olurlar. Cari ilin 9 ayı ərzində bu kollektivlərin rayonda keçirilən bütün mədəni-kütləvi, həmçinin bayram, əlamətdar günlərlə bağlı təşkil olunan tədbirlərdə iştirakı təmin edilib, onların rəngarəng repertuar­larla çıxışları rəğbətlə qarşılanıb. Qeyd edək ki, bəhs olunan dövrdə 80-dən çox belə tədbir keçirilib.
Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncama əsasən bütün klub, kitabxana və mədəniyyət evlərində, uşaq musiqi məktəblərində sərgilər təşkil olunub. “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan nümunələrin bir çoxunun müzakirəsi keçirilib və qrafik əsasında müzakirələr davam etdirilir. Bu günədək “Nizaminin hikmət və nəsihətləri”, N.Tusinin “Əxlaqi-Nasiri”, M.S.Ordubadinin “Qılınc və qələm”, uşaq ədəbiyyatından “Təmsillər”, Y.Balasaqunlunun “Qutadqu bilik”, T.Drayzerin “Dahi”, C.Londonun “Həyat eşqi” və başqa kitabların müzakirələri keçirilib. Müzakirələrdə ona nail olmağa çalışılır ki, insanın daxili-mənəvi aləminin zənginləşdirilməsində mühüm vasitə olan mütaliə mədəniyyəti formalaşdırılsın.
Məhərrəm Əliyev onu da diqqətimizə çatdırdı ki, rayonda fəaliyyət göstərən muzeylərdə açıq dərslərin, muzey günlərinin keçirilməsi, sərgilərin və sair tədbirlərin təşkil olunması diqqət mərkəzində saxlanılıb. Mədəniyyətimizin böyük himayədarı, ulu öndər Heydər Əliyevin ad və anım günləri bütün mədəniyyət müəssisələrində yüksək səviyyədə qeyd olunub, sərgilər təşkil edilib.
Muxtariyyətimizin 95 illiyi ilə bağlı keçirilən tədbirlər də yadda­qalan olub.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycan Dili və Əlifbası Günü, Azərbaycan Milli Kino Günü, Tarixi Abidələrin Mühafizəsi Günü, Beynəlxalq Muzeylər Günü, Ümumdünya Kitab və Müəllif Hüquqları Günü və digər əlamətdar və bayram günləri ilə əlaqədar keçirilən tədbirlərdə mədəniyyət işçiləri ilə yanaşı, rayon ziyalılarının, fəal kitabxana oxucularının, mütaliə həvəskarlarının da iştirakı təmin edilib. Bu isə həmin mədəniyyət müəssisələrinə ziyarətçilərin gəlişini xeyli artırıb. Belə ki, ilin ötən dövrü ərzində Tarix-Diyarşünaslıq Muzeyini 426, Şahtaxtinskilər Muzeyini 577, Qarabağlar Türbə Kompleksini isə 4689 nəfər ziyarət edib. Bunlardan 363 nəfəri əcnəbi vətəndaş olub. Ekskursiyaların təşkilinə də ciddi önəm verilməsinin nəticəsidir ki, 9 ay ərzində adıçəkilən mədəniyyət müəssisələrinə təşkil edilən belə tədbirlərin sayı 120-ni keçib.
Muzeylərə yeni tapılmış eksponatların təqdim olunması isə davamlı xarakter alıb. Bu ünvanlara gələn insanlara göstərilən xidmətin səviyyəsini yüksəltmək üçün görülən tədbirlər davam etdirilib, keçirilən seminar-treninq­lərdə muzey bələdçilərinin iştirakı təmin olunub.
İlin ötən dövrü ərzində Mərkəzləşdirilmiş Kitabxana Sistemi və kənd kitabxana filiallarında bir sıra tədbirlər keçirilib. Nağıl, mütaliə günləri, yubiley tədbirləri, kitab təqdimatlarında oxucular fəal­lıq göstərirlər.
Rayonun musiqi məktəblərinin kollektivləri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ustad dərslərin keçilməsi, hesabat konsertlərinin təşkili diqqətdə saxlanılır. Rayonda keçirilən bütün mədəni­-kütləvi tədbirlərdə məktəblərdə yaradılmış musiqi kollektivlərinin çıxışları təşkil olunur. Onu da qeyd edək ki, Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbinin şagirdləri “Lira” intellektual oyununda fəal­lıq göstəriblər.
Bu gün rayon mədəniyyət müəssisələrinin qazandıqları uğurlar, şübhəsiz ki, muxtar respublikada bu sahənin inkişafına göstərilən qayğı ilə bağlıdır. Mədəniyyətə qayğı isə insanlara qayğıdır. Əminik ki, bunu unutmayan mədəniyyət işçiləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bundan sonra da fəallıq göstərəcəklər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR