22 Dekabr 2024, Bazar

Tarixi uzun minilliklərə dayanan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Bu dəyərlər xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Himni, gerbi, bayrağı, dili, dini, musiqisi, folkloru, dünya şöhrətli şəxsiyyətləri onun milli-mənəvi genofondunu təşkil edir. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, bütün milli keyfiyyətlər bu dəyərlər sisteminə aiddir. Azərbaycan xalqının milli dəyərlərinin qorunub saxlanması ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Ulu öndərin bu dəyərlərə verdiyi önəmin mahiyyətini onun bütün çıxışlarında görmək olar: “Milli dəyərlər daim qorunmalı, yaşadılmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik”. 

 Yeni əsrin tələblərinə uyğun olaraq Azərbaycanın ictimai-siyasi, ­sosial-iqtisadi və mədəni həyatında baş verən uğurlu yeniliklər ölkəmizin müstəqil dövlətçilik siyasətinin millilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri əsasında inkişafına şərait yaradır. Milli dəyər mənəviyyat əsasında inkişaf edir, dəyər alır. Milli dəyərlərin mənəvi dəyərlərlə sintezi milli-­mənəvi dəyərlər sistemi yaradır ki, bu da məsələyə kompleks yanaşma tələb edir. 

Naxçıvan Muxtar Respublikasında milli ideoloji siyasət dövlətçilik və Azərbaycançılıq ənənələri əsasında inkişaf edir. Bu gün qədim diyarımızda milli dəyərlər sistemli şəkildə araşdırılır, təbliği istiqamətində nəzərəçarpacaq işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli dəyərlərin təbliğini dövlət siyasətinin prioritet istiqaməti kimi belə dəyərləndirir: “Bu gün ulu öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir”.
Ulu öndər Heydər Əliyevin milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində miras qoyduğu ənənələrə uyğun bu gün muxtar respublikamızda ardıcıl fəaliyyət planı icra olunur, tarixi sərəncamlar imzalanır. Naxçıvanın milli dəyərlər sistemi yeni dövrün tələblərinə uyğun beynəlxalq mədəni irs siyahısında yeni səhifələr açır.
2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan olunması haqqında imzalanan tarixi Qərar isə dövlətin mədəni irsə, tarixi köklərə bağlılığını təsdiqləyən tarixi addım kimi əhəmiyyətlidir. Həmin qərarın əhatə etdiyi tədbirlər çərçivəsində artıq neçə illərdir ki, diyarımızda beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi-bədii tədbirlər, yaradıcılıq təşkilatlarında müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil edilir. Uşaq və gənclər xalq sənəti sahələrinə cəlb olunur, “Milli dəyərlərimizi öyrənək və yaşadaq!” rubrikası ilə teleradio verilişləri və qəzet materialları hazırlanır. Aparılan ­tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir, qədim milli musiqi alətlərində ifalara və milli geyimlərimizin təbliğinə diqqət artırılır. Bununla yanaşı, elm, təhsil və mədəniyyət müəssisələrində gənclərə xalçaçılıq, boyaqçılıq, papaqçılıq, misgərlik, dəmirçilik, taxta üzərində oyma kimi qədim xalq sənəti nümunələri öyrədilir. Bədii yaradıcılıq prosesində milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqəti artırmaq məqsədilə kitablar, jurnallar, kataloqlar çap edilir, televiziya filmləri hazırlanır. Xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti bərpa olunur. “Toxucular və xalçaçı qızlar” qrupunun, “Qızıl əllər” dərnəyinin, şifahi xalq ədəbiyyatı nümunələrini toplayan “Elimizin söz boğçası” adlı maraq klublarının fəaliyyəti gənc nəsildə xalq sənətinə marağı artırır.
Görülən mühüm işlərdən biri də muxtar respublikada xalq yaradıcılığı sahələrində fəaliyyət göstərən sənətkarlar barədə məlumat bazasının yaradılmasıdır. Xalq yaradıcılığı və milli dəyərlərin müxtəlif portallarda internet üzərindən təbliği işinə önəm verilir və genişləndirilir.

Hazırda muxtar respublikada misgərlik və şüşə üzərində işləmə sənəti, taxta üzərində oyma və nəqqaşlıq sənəti üzrə emalatxanalar, xalçaçılıq, milli musiqi alətlərinin istehsalı və təmiri emalatxanaları fəaliyyət göstərir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində toxucu, xalçaçı, keçəçi, aşpaz köməkçisi və qalayçı peşələri üzrə kurslar təşkil edilir. Naxçıvan şəhərində keramika və dulusçuluq sənəti ilə məşğul olan dulusçuluq emalatxanasında hədiyyəlik gil əşya istehsalının təşkili, əl işlərinin “Xalq yaradıcılığı nümunələri” adlı kataloqa daxil edilməsi həyata keçirilir, sənətin bu növü öyrədilir və təbliğ edilir. Naxçıvanda “Milli mərasimlərimiz”, “Heydər Əliyev və milli dəyərlər”, “Müstəqil dövlətçilik və milli dəyərlər”, “Naxçıvan Muxtar Respublikasında mövcud olan qədim memarlıq abidələrinin bərpasına və qorunmasına dövlət qayğısı”, “Milli dəyərlər və müasir gənclik”, “Müstəqil dövlətçilik və ümummilli dəyərlər” mövzularında elmi konfransların keçirilməsi milli dəyərlərin tədqiqata cəlb olunması və bu sahədə elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət daşıyır.
Naxçıvan Mətbuat Şurasının “Milli dəyərlərimizi qoruyaq və yaşadaq” mövzusunda keçirdiyi yaradıcılıq müsabiqələri gənc jurnalistlərin mətbuatda bu mövzularda mütəmadi çıxışına səbəb olur. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi əsasında hazırlanan “Yallı” kompakt-diski yallılarımızı təbliğ edir, yaşadır, gələcək nəsillərə ötürür. Milli dəyərləri yaşadan “Naxçıvan tikmələri” adlı kitab isə tikmə sənətimizin müxtəlif növləri haqqında geniş məlumat verir. Tikmə sənəti haqqında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumatlar yerləşdirilən kitabda muxtar respublikada hazırlanmış XIX əsrə və hazırkı dövrümüzə aid müxtəlif tikmə növlərinin fotoları da əks olunub.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti nəzdində Milli Dəyərlər Muzeyinin yaradılması isə ötən dövr ərzində görülən işlərin sistemləşdirilməsi, milli dəyərlərimizin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində uzun illər davam edən dövlət siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Dövlət Bayrağı, Gerbi və Dövlət Himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz, milli sənətkarlıq nümunələri, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklo­pediyaların nümayiş olunduğu muzey vasitəsilə milli dəyərlərin təbliği bundan sonrakı fəaliyyətlər üçün ciddi və əhəmiyyətli mərhələnin əsasını qoyur.

Əminik ki, muxtar respublikada milli dəyərlər dövlət qayğısı ilə bundan sonra da öyrəniləcək, qorunacaq, yaşadılacaq, tədqiq və təbliğ ediləcək, dünya mədəniyyətinin bir parçası kimi tarixdə öz yerini qoruyub saxlayacaqdır. Ümummilli liderimizin dediyi kimi: “Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik”.

Surə Seyid
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR