22 Dekabr 2024, Bazar

Hər bir xalqın bədii-estetik zövqünün, mədəniyyətinin ilkin göstəricisi onun musiqisidir. Dünyada elə bir xalq yoxdur ki, onun musiqi mədəniyyəti olmasın. Elə buna görə də musiqi xalqlararası mənəvi körpü rolunu da oynayır. Azərbaycan musiqi mədəniyyəti də çoxəsrlik inkişafın məhsulu kimi bu gün dünya xalqları arasında xüsusilə seçilir.

 Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı da tarixən mədəniyyətin, incəsənətin, ədəbiyyatın beşiyi olub. Musiqi mədəniyyəti Naxçıvanda daim inkişaf edib, yetirdiyi görkəmli incəsənət adamları, sənətkarları ilə bu günümüzdə də inkişafın zirvəsini yaşayır.

Naxçıvanda musiqinin çiçəklənməsində müstəsna rola malik olan Naxçıvan Dövlət Filarmoniyası da yarım əsrdən artıq bir vaxtda böyük inkişaf yolu keçib. Belə ki, 1959-cu ilin sentyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı bu torpağın istedadlı müğənnilərini, rəqqaslarını öz ətrafında birləşdirir. Ansambl tez-tez ölkəmizin bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə tamaşaçıların rəğbətini qazanır. 1984-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılır. Filarmoniyanın tərkibində xalq çalğı alətləri və kamera orkestrləri, bir də mahnı və rəqs ansamblı fəaliyyət göstərməyə başlayır. 2012-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Estrada Orkestri də yaradılır. Çəkilən zəhmət hesabına muxtar respublikamızda bu gün festivalların, konsertlərin təşkili artıq ənənə halını almış şəhərimizdə səhnədə çox zaman bu il 60 yaşını qeyd edən Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin çıxışlarını sevə-sevə izləyirik.
Digər tərəfdən musiqi mədəniyyətinin inkişafında istedadlı kadrların yetişdirilməsi ən vacib məsələlərdən biridir. Bu sahəyə qədəm qoyan uşaqların potensial kadr kimi hazırlanması diqqətdə saxlanılır. Çünki bu gün yetişdirilən hər bir istedadlı uşaq sabahın peşəkar musiqiçisinə çevriləcəkdir.
İstedadlı uşaqların üzə çıxarılması və gənc kadrların hazırlanması işinə öz töhfəsini verən, Naxçıvan Dövlət Filarmoniyasının kadr bazasına çevrilən Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə uşaqların yaradıcılıq potensialından daha səmərəli istifadə edərək onları peşəkar səhnə üçün hazırlayır.
Bu gün 100 nəfərdən çox kollektivə malik filarmoniyanın fəaliyyəti üçün hər bir şərait vardır. Filarmoniya musiqi alətləri, xüsusi geyim dəstləri ilə təmin edilib, kollektivin zəhməti nəticəsində istedad və qabiliyyəti ilə seçilən uşaqlar buraya cəlb ediliblər.
Naxçıvan Dövlət Uşaq Filarmoniyasında hazırda xalq çalğı alətləri orkestri, kamera ansamblları, xanəndəlik, vokal və rəqs qrupları, xor kollektivi fəaliyyət göstərir. Yeniyetmə musiqiçilərlə vokal üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, rəqs üzrə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, xanəndəlik üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi, xanəndə Əbülfəz Məmmədov, xalq çalğı alətləri üzrə isə gənc tarzən Kənan Feyzullayev məşğul olurlar.
Repertuarı Tofiq Quliyevin “Vals”, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından “Müqəddimə” və başqa əsərlərlə zəngin olan xalq çalğı alətləri orkestri yeni əsərlər üzərində işləyir.
Bəstəkar əsərlərinin, muğam və xalq mahnılarımızın ifasına üstünlük verən xalq çalğı alətləri ansamblı isə Rauf Hacıyevin “Azərbaycan”, Üzeyir Hacıbəylinin “Ey Vətən”, Ramiz Mirişlinin “Doğma diyarım” və “Naxçıvan süitası” kimi bəstəkar əsərlərini, muğam və təsniflərimizi məharətlə ifa edir.
Filarmoniyanın vokal qrupu da daim öz üzərində işləyir. Qrupun solistləri Fuad Məmiyev, Mikayıl Nəsirov Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edərək “Santalucia”, “Sole Mi O” kimi əsərləri öz repertuarlarına daxil ediblər.
Elmira Hüseynovanın rəhbərlik etdiyi xor kollektivi isə öz repertuarındakı Qənbər Hüseynlinin “Cücələrim”, Tofiq Quliyevin “Bizim bağ”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə”, Nailə Mirməmmədlinin “Salam, üçüncü era” və başqa əsərləri konsert proqramlarında ustalıqla ifa edir.
Filarmoniyanın direktoru Ariz Ağayev deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılması haqqında” 2010-cu il 19 aprel tarixli Sərəncamı istedadlı uşaqların yaradıcılıq potensialından daha səmərəli istifadə olunmasında mühüm addım idi və bu gün öz nəticəsini ­verməkdədir.
Artıq əminliklə deyə bilərik ki, həmin filarmoniya Naxçıvan Dövlət Filarmoniyası və digər mədəniyyət müəssisələri üçün baza rolunu oynayır. Bizim üçün hər bir şərait yaradılıb. Göstərilən etimadın qarşılığında çalışırıq ki, tapşırılan vəzifələri layiqincə yerinə yetirək. Muxtar respublikamızdakı istedadlı uşaqları aşkara çıxaraq, düzgün istiqamətləndirərək böyük səhnəyə hazırlayaq. Onu da qeyd edim ki, Naxçıvanda istedadlı uşaqlar çoxdur. Həmin uşaqları filarmoniyaya cəlb etmək üçün mütəmadi olaraq orta məktəblərdə, uşaq musiqi məktəblərində olur, maarifləndirici söhbətlər aparır, filarmoniyamız haqqında məlumatlar veririk.
Biz hər zaman repertuarımızın zənginləşməsi üçün səy göstərir, ilk növbədə, milli musiqimizin təbliğinə daha çox önəm veririk. Çünki bu həm mədəni tarixiliyin yaşadılmasında, həm də uşaqların bədii-estetik zövqünün formalaşdırılmasında mühüm rol oynayır.
Müsahibim bildirdi ki, kollektiv muxtar respublikada təşkil edilən mədəni-kütləvi tədbirlərdə də fəal iştirakı ilə seçilir. Naxçıvanın bölgələrində konsert proqramları ilə uğurlu çıxış edir. Məlumat üçün bildirim ki, bu il paytaxt Bakı şəhərində keçirilən “Nəqşicahan sədaları” adlı konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xanəndəlik kollektivi də fəal iştirak edib. Xanəndə Əbülfəz Məmmədovun istedadlı yetirmələri Əli Mehrəliyev, Həsən Babazadə, Ələkbər Sadiqov və Təyyar Mədətli uğurlu çıxışları ilə yadda qalıblar. İstedadlı uşaqların solo konsertlərinin təşkil olunması da diqqət mərkəzində saxlanılır. Üzvlərimizdən Rəna Mehrəliyeva və Ataxan Quliyevin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil edilən solo konsertləri maraqla qarşılanıb.
– “Bu il muxtar respublikamızın yaradılmasının 95 illiyini qeyd edirik. Filarmoniya bu istiqamətdə hansı tədbirləri həyata keçirir?” – sualımıza Ariz müəllim belə cavab verdi ki, rayon və şəhərlərimizdə bir neçə konsert proqramı ilə çıxışlar etmişik. Bu əlamətdar ilə öz töhfəsini vermək üçün kollektivimiz səylə çalışır. İlin sonuna qədər bu münasibətlə bir çox konsert proqramları da planlaşdırmışıq.
Filarmoniyanın uğurları bunu deməyə əsas verir ki, kollektiv dövlət qayğısından bəhrələnərək bu gün də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvəsini əsirgəməyərək peşəkar kadrların hazırlanmasına çalışır.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR