Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək.
Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. BMT-nin himayəsi ilə gerçəkləşən tədbirə UNİCEF uşaq təşkilatı da dəstək verir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirə 52 ölkədən 150-dək yazar qatılacaq. Festivalın prezidenti, avanqard şair Marqarita Al deyib ki, adətən ədəbiyyat festivalları 5-6 yazıçının iştirakı ilə diqqət çəkdiyi halda, Bakı festivalına 30-dan çox tanınmış yazar qatılır. Bu da festivalın çox yüksək reytinqindən xəbər verir.
Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III “LiFFt” festivalında 27 ölkədən müəlliflər arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə festivalın Təşkilat komitəsi builki festivalın İmadəddin Nəsimiyə ithaf olunması barədə qərar qəbul edib.
Festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə 50-dən çox ölkədən yazarların qatılacağı gözlənilir. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edəcək.
Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Natiq Rəsulzadə, akademik Nizami Cəfərov, kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevdi. Tədbirin ölkəmiz üzrə koordinatorları yazıçı, III “LiFFt” festivalının qalibi Varis Yolçuyev, şair, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva və yazıçı, professor Əlibala Məhərrəmzadədir.
Festivalda çağdaş ədəbiyyat məsələləri 7 plenar iclasda müzakirə olunacaq. Eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar və kitab təqdimatları keçiriləcək.
Ədəbiyyat bayramının açılış mərasimi oktyabrın 1-i saat 10.00-da, bağlanışı oktyabrın 3-də saat 19.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Festivalda iştirak etmək istəyənlər özləri haqqında zəruri məlumatları Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməklə Təşkilat komitəsindən dəvətnamə əldə edə bilərlər.