22 Dekabr 2024, Bazar

Müdriklərin belə bir kəlamı var: Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdir. Bəli, biz kitablarla öyrənir, kitablarla öyrədirik. Bu yazıda sizə maraqlı nəşr nümunələri olan miniatür kitablardan bəhs edəcəyik.

Qədim zamanlarda texniki proseslər kitab həcminin həddindən artıq böyük, nüsxə sayının isə çox az olmasını şərtləndirirdi. Zamanla elmin və texnikanın inkişafı kitab nəşrində işin sürət və keyfiyyətini artırdı, kitabların ölçü­ləri dəfələrlə kiçildildi. Günümüzdə isə bir ­saatda yüzlərlə nüsxə kitab nəşr etdirməyə imkan verən texnologiyalar mövcuddur.

Qədimdən bəri inkişafda olan kitabların miniatür formaları da bir çox cəhətinə görə diqqəti cəlb edir. Miniatür formanın yaranması nəticəsində insanlar dəyər verdikləri əsərləri özləri ilə rahat daşımaq imkanı əldə etdilər. Beləliklə, miniatür kitablardan daha çox istifadə olunmağa başlandı. Günümüzdə isə belə kitablar daha çox şəxsi və dövlət kitabxanalarını, muzeyləri bəzəyir.
Maraqlı bir faktı da qeyd edək ki, Bakı şəhərində 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın kolleksiyası əsasında dünyada ilk olan miniatür kitab muzeyi fəaliyyət göstərməyə başlayıb. Zərifə xanımın şəxsi təşəbbüsü əsasında yaradılan muzey gərgin əmək nəticəsində zənginləşdi və dünyanın ən böyük miniatür kitab kolleksiyasına çevrildi. Nəticədə, bu kitabxananın adı “Ginnesin Rekordlar Kitabı”na yazıldı.
Naxçıvanda da miniatür kitablardan ibarət maraqlı kolleksiyanın şahidi ola bilərsiniz. Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın dəstəyi ilə 2014-cü ilin 18 dekabrında Naxçıvanda Miniatür kitab muzeyinin filialı fəaliyyətə başladı. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının ikinci mərtəbəsində fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasında 1025 kitab nümayiş etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan saraya yolunuz düşsə, buradakı miniatür kitablarla da tanış ola bilərsiniz. Həmin vaxt sizin daha çox marağınızı çəkəcək amillərdən biri 31 ölkənin bayrağı olacaq. Bunun rəmzi mənası isə odur ki, muzeydə 31 ölkədən gətirilən kitablar nümayiş olunur. Vitrinlərə yaxınlaşdıqda çeşidli, rəngarəng, müxtəlif mövzularla bağlı kitablara rast gələ, dahi Nizami, ustad Füzuli, bəşər carçısı Nəsimi, maarif fədaisi Mirzə Fətəli Axundov kimi Azərbaycan ədəbiyyatının klassiklərinin kitablarını görə bilərsiniz. Həmçinin “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Kor­oğlu” kimi dəyərli kitablar da muzeyin diqqətçəkən inciləri sırasındadır.
Təbii ki, müxtəlif xalqlara məxsus kitabların nümayiş etdirilməsi həm də turistlərin diqqətini cəlb edir. Muxtar respublikaya səfər edən xarici turistlər öz ölkələri ilə bağlı vitrinlərə baxır, öz dillərində olan rəngarəng miniatür kitablara böyük maraq göstərirlər.

Şəhərimizdə fəaliyyət göstərən bu maraqlı muzeyin ekspozisiyası bundan sonra daha da zənginləşəcək. Buna isə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində miniatür kitabların nəşrinə başlanması əsas verir. Xatırlatmaq yerinə düşər ki, dünya standartlarına cavab verən müasir çap texnologiyalarının quraşdırıldığı nəşriyyatda müxtəlif poliqrafik dizaynda, nəfis tərtibatda və keyfiyyətdə qəzet, jurnal, kitab və digər çap məhsullarının nəşri mümkündür. Burada mövcud olan imkanlar, həmçinin istənilən ölçüdə, o cümlədən miniatür kitabların nəşr olunmasına şərait yaradır.
Bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən muxtar respublikada ilk dəfə olaraq miniatür kitab nəşr olunub. Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Elxan Yurd­oğlunun Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan dastanı” poeması miniatür kitab formatında hazırlanıb. 9x7 santimetr ölçüdə olan kitab 64 səhifədən ibarətdir. Yaxın günlərdə həmin miniatür kitabın təqdimatı olub.
“Naxçıvan dastanı” poeması muxtar respublikada çap olunan ilk miniatür kitab olaraq qədim diyarımıza sevginin, tükənməz məhəbbətin bariz ifadəsidir. Yaşı minilliklərlə ölçülən doğma yurdumuzun hər daşı, hər qayası poemada övlad sevgisi ilə tərənnüm olunur. Şairin yurd, Vətən sevgisi poemanın hər bir sətrində özünü bariz şəkildə göstərir. Naxçıvanın keçmişi qürurla xatırlandığı kimi, bugünkü inkişafı da poetik dillə vəsf olunur. Kitabda qədim diyarın 5 minillik tarixə malik olan şəhər mədəniyyəti poetik şəkildə təsvir edilir. Poemada Nuh tufanı və tufandan sonrakı insanların bu qədim diyarda məskən salıb yaşamasından, Nuhun nişanəsi olan Gəmiqayadan, “Əshabi-Kəhf” əfsanəsindən, Naxçıvanın Duzdağ möcüzəsindən, Araz yanğısından, muxtar respublikanın yetirdiyi görkəmli şəxsiyyətlərdən bəhs olunur.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı, miniatür kitabın tərtibatçısı Esmira Heydərova ilə söhbət zamanı dedi ki, ənənəvi kitab formatından fərqli olaraq kiçik həcmdə kitabların hazır­lanması daha çox diqqət, səbir və zəhmət tələb edir. Miniatür kitablar əl əməyi və zərif iş nəticəsində ərsəyə gəlir. Kitabın ərsəyə gəlməsində bütün kollektivin əməyi var. Buradakı texnoloji avadanlıqlar işin sürətini və keyfiyyətini xeyli artırıb. Bu gün nəşriyyatımızda kitab çapı sahəsində istənilən sifarişləri qəbul və icra etmək mümkündür.
Esmira xanım qeyd etdi ki, miniatür kitabın çapı üçün iş prosesini Bakı şəhərindəki mətbəədə öyrənmişəm, bu sahədə təcrübəni Əməkdar mədəniyyət işçisi Zərifə Salahovadan mənimsəmişəm. Təcrübəmi həmkarlarıma da öyrədəcək, nəşriyyatda bu sahədə üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam. Bundan sonra gələcək sifarişlər əsasında miniatür kitabların nəşri həyata keçiriləcəkdir. Kollektivimiz üçün qürurvericidir ki, bizim nəşriyyatın çap məhsulu Miniatür Kitab Muzeyində öz yerini alacaq.
“Naxçıvan dastanı” miniatür kitabının nəşri muxtar respublikada kitab çapına daha bir töhfə, yaradıcı adamlara əlavə stimuldur. Şair və yazıçılarımız, alimlərimiz digər nəşriyyatlara müraciət etmədən, əlavə vaxt və xərc sərf etmədən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində əsərlərini miniatür şəkildə çap etdirə biləcəklər. Çünki miniatür kitablar həm də yaxınlarımıza, sevdiklərimizə gözəl və mənalı hədiyyə ola bilər.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR