22 Dekabr 2024, Bazar

Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb.

Yeni mövsümün açılışı münasibətilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yarandığı gündən indiyə qədər dünya dramaturgiyasından 100-ə yaxın əsəri səhnəyə qoymuş Naxçıvan ­teatrı millilik və bəşəriliyi vəhdətdə saxlayaraq həmişə zəngin və rənga­rəng repertuar yaratmağa diqqət yetirib, zamanın sərt sınaqlarından çıxaraq xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında əhəmiyyətli rol oynayıb.
Vurğulanıb ki, Naxçıvan teatrı milli dramaturgiyamızın klassik nümunələrinə geniş meydan verməklə soykökümüzə, qan yaddaşımıza, milli şüurun formalaşmasına, Azərbaycançılıq ideyasının yayılmasına öz töhfəsini verib.
Naxçıvan Muxtar Respublikasında mədəniyyətin, eləcə də teatr sənətinin inkişafına göstərilən qayğıdan bəhs edən nazir bildirib ki, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, ötən teatr mövsümündə tamaşaçılara “Xəyyam”, “Ehsan xan Kəngərli”, “Ölülər və dəlilər” kimi maraqlı və ideya-bədii müxtəlifliyi ilə seçilən tamaşalar təqdim edilib. Yeni teatr mövsümündə də Naxçıvan teatrı öz ənənələrini davam etdirərək maraqlı, ideyaca aktual mövzulardan bəhs edən səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlməyi nəzərdə tutur.
Muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova çıxışının sonunda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini və teatrsevərləri 137-ci teatr mövsümünün açılışı münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra “Ehsan xan Kəngərli” tamaşası göstərilib. Tamaşada XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələrdən bəhs olunur. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir. Tamaşada professional aktyor heyəti təmsil olunur.
Tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR