22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Sabir Məmmədovun Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş 65 illik yubiley sərgisi keçirilib.

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək yubilyarın özünə­məxsus yaradıcılıq yolundan danışıb. 

Bildirilib ki, Naxçıvan rəssamlıq məktəbinin əvəzsiz sənətkarlarından olan Sabir Məmmədov həm güclü kolorist, həm heykəltəraş, həm də Naxçıvan Döymə Sənəti Məktəbinin ilk yaradıcılarındandır. O, daim dinamik və məhsuldar çalışan rəssamdır. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ustad dərsləri daxil olmaqla, hər tədbirində böyük həvəslə, sənətkara xas olan təvazökarlıqla fəal iştirak edən rəssam yeni gələn gənc nəsil rəssamlarımıza sənətin sirlərini öyrədərək öz adını daha da ölümsüzləşdirir. Sabir Məmmədovun çoxsəpkili əsərlərinin içində doğma yurdu Naxçıvana aid olan silsilə əsərlər mövcuddur, bu mövzu rəssama daha yaxın və doğmadır. Sabir Məmmədov Rusiya, Ukrayna, İran, Türkiyə və sair ölkə­lərdəki sərgilərdə fəal iştirak edib. Onun xarici ölkələrdə, eləcə də Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi sərgiləri açılıb.
Ülviyyə Həmzəyeva rəssamı 65 illik yubileyi münasibətilə təbrik edib, ona Naxçıvan Rəssamlar Birliyinin fəxri diplomunu təqdim edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, muxtar respublikada rəssamlıq və təsviri sənət hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalının keçirilməsi haqqında” 2019-cu il 25 may tarixli Sərəncamı bu qayğının bariz ifadəsidir. Naxçıvanda rəssamlar üçün yaradılan şəraitin nəticəsidir ki, onlar yaradıcılıq imkanlarını daha da genişləndirir, fərdi sərgilər təşkil etməklə yanaşı, beynəlxalq festival və müsabiqələrdə də iştirak edirlər. Sabir Məmmədovun 65 illik yubiley tədbirinin Naxçıvanın muxtariyyət tarixinin 95-ci ildönümünə təsadüf etməsi yubilyar və sənətsevərlər üçün ikiqat əlamətdardır.
Qeyd edilib ki, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2013-cü ildə “İlin sənətkarı” adına layiq görülüb, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının inkişafında xidmətləri nəzərə alınaraq “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
Sabir Məmmədovun özünəməxsus yaradıcılıq potensialı olduğunu qeyd edən Surə Seyid bildirib ki, rəssamın əsərləri onun ecazkar sənət dünyasından xəbər verir. Bu əsərlər mövzu və tematika baxımından zəngin və rəngarəngdir. Rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlərində Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, təbiəti, mədəniyyəti, eləcə də görkəmli şəxsiyyətlərinin portretləri öz əksini tapıb. Surə Seyid rəssamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Tədbir iştirakçılarından Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digərləri yubilyarı təbrik ediblər.
Sabir Məmmədov çıxışında sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra sərgiyə baxış olub. Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi 95 rəsm əsəri nümayiş olunur.
Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR