22 Dekabr 2024, Bazar

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Yurdoğlunun Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr etdiyi “Naxçıvan dastanı” miniatür kitabının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­diqqət və qayğısı nəticəsində muxtar respublikada Yazıçılar Birliyinin fəaliyyəti, o cümlədən ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, çap olunmuş əsərlərin həm sayı, həm də keyfiyyəti xeyli artıb. Naxçıvanın tarixinə və müasir inkişafına həsr olunmuş onlarla bədii nümunələr yaradılmışdır. Son illər şair və yazıçıların, filoloq alimlərin minə yaxın kitabı nəşr olunmuş, ədəbi almanaxlar oxucuların ixtiyarına verilmişdir. Muxtar respublikada ədəbiyyata göstərilən qayğı təkcə kitab çapı ilə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi, həmin kitabların “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunması, ümumtəhsil məktəblərində və kitabxanalarda onlardan ibarət guşələrin yaradılması Naxçıvanda kitab mütaliəsinin inkişaf etdirilməsinə mühüm töhfə vermişdir.
Muxtar respublikada nəşriyyat işinin günün tələbləri səviyyəsində qurulması da şair və yazıçılar üçün yaradılan hərtərəfli yaradıcılıq şəraitinin daha bir ifadəsidir. Ali Məclis Sədrinin qayğısı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi müasir çap texnologiyaları ilə təchiz olunmuş, ən müasir çap avadanlıqları quraşdırılmışdır. Bütün növ kitabların hazırlanmasında dünyada tətbiq olunan ən müasir çap avadanlıqlarından və texnologiyalarından istifadə olunur. Yüksək poliqrafik keyfiyyətə malik olan bu avadanlıqlar muxtar respublikada nəşriyyat işinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. Şair Elxan Yurdoğlunun “Naxçıvan dastanı” poeması da “Əcəmi” Nəşriyyat-Poli­qrafiya Birliyində ilk dəfə miniatür kitab şəklində yığılmışdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında vurğulayıb ki, şair Elxan Yurdoğlunun “Naxçıvan dastanı” əsəri “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində çapdan çıxmış ilk miniatür kitabdır. Sevindirici haldır ki, nəşriyyat artıq bu cür nəfis tərtibatla miniatür kitablar çap etmək imkanına malikdir. “Naxçıvan dastanı” əsəri qədim diyarımıza sevginin, tükənməz məhəbbətin bariz ifadəsi kimi ərsəyə gəlib. Yaşı min­illiklərlə ölçülən qədim diyarımızın hər daşı, hər qayası poemada övlad sevgisi ilə tərənnüm olunur. Şairin yurd, Vətən sevgisi poemanın hər bir sətrində özünü bariz şəkildə göstərir. Naxçıvanın keçmişi qürurla xatırlandığı kimi, bugünkü inkişafı da poetik dillə vəsf olunur. Asim Yadigar muxtar respublikada yaradıcı insanlar üçün yaradılan hərtərəfli şəraitə görə şair, yazıçı və ziyalılar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
AMEA Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov çıxışında bildirib ki, müəllif poemada bu torpağın hər daşını sözə çevirmək istəyir. Söz isə əbədidir. Minillikləri yorub yolda qoyan qədim diyarımızın hər daşı, hər qayası, hər tarixi abidəsi də söz kimi əbədidir. Buna görə də müəllif əsərdə Naxçıvanın tarixi keçmişini vərəqlədikcə Gəmiqaya ucalığından, Əshabi-Kəhf müqəddəsliyindən ilhamla söhbət açır. Eyni zamanda qədim diyarımızın zəngin tarixindən söhbət açan şair bu tarixin yetirdiyi şəxsiyyətləri də unutmur. Naxçıvanın hüsnünə min bir bəzək vuran Əcəmi də, Baba Nemətullah Naxçıvani də, Heyran xanım da, Cəlil də, Cavid də bu torpağın yaddaşında iz qoyan insanlar kimi anılır. Naxçıvanın bu günündən söhbət açanda isə müəllif son illərdə bu diyarda baş verən müsbət dəyişiklikləri özünə­məxsus poeziya dili ilə vəsf edir. Beləliklə, şair yurda bağlılığını, sevgisini, bu diyarın oğlu kimi əbədi ömrünü də elə bu torpaqda görür.
Miniatür kitabın tərtibatçısı, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı Esmira Heydərova kitabın ərsəyə gəlməsində kollektivin əməyindən danışıb və diqqətə çatdırıb ki, “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində ilk dəfə hazırlanmış “Naxçıvan dastanı” miniatür kitabının təqdimatının keçirilməsi muxtar respublikada yaradıcı insanlara göstərilən diqqətin daha bir ifadəsidir. Miniatür kitablar əl əməyi və zərif iş nəticəsində ərsəyə gəlir. Bu gün “Əcəmi” Nəşriyyat-Poli­qrafiya Birliyində kitab çapı sahəsində istənilən sifarişləri qəbul və icra etmək mümkündür. Miniatür kitab çapı ilə bağlı təcrübəmi həmkarlarıma da öyrədəcək, nəşriyyatda bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, miniatür kitabın rəssamı Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu gün muxtar respublikamızda yaradıcı insanlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunub, fəaliyyətləri üçün lazımi şərait yaradılıb. “Naxçıvan dastanı” miniatür kitabının təqdimatının keçirilməsi də bunun bariz nümunəsidir. Kitabın üz qabığında Elxan Yurd­oğlunun portretinin müəllifi olduğunu bildirən Ülviyyə Həmzəyeva qeyd edib ki, bu, mənim eksperimental əsərlərimdən biridir və həmin portret şairin “Ulduz çoxluğu qədər təklik” adlı şeir toplusu kitabından sonra düşüncələrimdə formalaşdırdığım ideya əsasında yarandı. Həmin portretin muxtar respublikada ilk dəfə nəşr olunan miniatür kitabın üz qabığında yer alması məni də sevindirdi.
Ülviyyə Həmzəyeva muxtar respublikada yaradıcı insanlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.
“Naxçıvan dastanı” kitabının müəllifi, şair Elxan Yurdoğlu muxtar respublikada ədəbi mühitin inkişafına, yaradıcı gəncliyə göstərilən diqqət və qayğıya, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yaradılmış hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı Aytən Cəfərova və müəllifin valideyni Qadir Məmmədov da çıxış etmişlər.
Sonra tədbir iştirakçıları “Naxçıvan dastanı” miniatür kitabının sərgisi ilə tanış olmuşlar.

 Səbuhi HƏSƏNOV

 

 

 

  

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR