Bəli, Yaradanın nəsibini gözəl Naxçıvanımıza yazıb Haçadağla Nəhəcir dağının arasına sığdırdığı, “Qurani-Kərim”də də adıçəkilən bu abidə müqəddəs ocaq sayılır. Hətta 70 il əsarətində yaşamağa məhkum edildiyimiz Sovet hökumətinin qadağaları da insanları bu ibadətgaha pənah aparmaqdan çəkindirə bilmədi. Həmin dövrdə də ilin bütün fəsillərində yüzlərlə insan Əshabi-Kəhfə yolçuluğa çıxırdı. Elə o zamanlar buranı ziyarət edən insanlar ibadətgaha aparan yollardan tutmuş abidənin nə vəziyyətdə olduğunu da yaxşı xatırlayarlar. Bu ziyarətgaha gedən insanlar sübhçağı evdən çıxardılar. Çünki kələ-kötür, daşlı-çınqıllı, yazda-payızda isə zığlı-palçıqlı yollar günortayadək onları ancaq mənzilbaşına çatdırırdı. Əshabi-Kəhfdə nə indiki pilləkənlər var idi, nə yorularkən istirahət etdiyimiz oturacaqlar. Nə təmizlik, səliqə-sahman bu gün gördüyümüz səviyyədə idi, nə də buradakı mədəni xidmət. İnsanlar uca bir dağın zirvəsinə sığınan ibadətgaha saatlarla, həm də böyük əziyyətlə uzaq yol qət edərək çatırdılar. Bu insanlar arasında yaşlılar da var idi, xəstələr də, uşaqlar da. “Cənnət bağı”na çıxanlar həyatlarını riskə atırdılar. Burada qurbanlıqlar harada gəldi kəsildiyindən, tullantılar hara gəldi atıldığından xoşagəlməz qoxu və mənzərə yaranırdı.
Tarixi-mədəni, dini abidələri, ziyarətgahları, məscidləri, pirləri ilə yer üzündə İslam mədəniyyətinin beşiyi kimi tanınan Naxçıvanın insanlarını da Tanrı bu diyara bəxş olunan dəyərlərin, gözəlliklərin qoruyucusu, yaşadanları olaraq yaratmışdır. Son illər muxtar respublikamızda abidələrin, ziyarətgah və məscidlərin bərpası bunun bariz nümunəsidir. Əshabi-Kəhf dini abidəsində isə ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırıq və himayəsi ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına əsasən bura ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil edilib. 2006-cı ildə burada “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb. Həmin ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Burada maşınlar üçün dayanacaq, inzibati binalar, qonaq evi, mağazalar tikilib. Ziyarətgaha içməli su xətti çəkilib, ətrafında bağ salınıb, işıqlandırma sistemləri yenidən qurulub, zəvvarlar üçün hərtərəfli şərait yaradılıb.
Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu fəaliyyətə başlayıb. Həmin marşrut üzrə işləyən avtobuslar hər gün 2 reys olmaqla, saat 830 və 1400-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 1200 və 1700-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks-istiqamətə yola düşür. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçirilir. Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.
İndi illər öncəkindən fərqli olaraq bu müqəddəs ziyarətgaha gözəl, abad, geniş yollar aparır. Bu günlərdə həmin abad yollarla rahat avtobusda Əshabi-Kəhfə yolçuluğa çıxarkən yuxarıda sadaladıqlarımın hər biri yolboyu gözlərim önündə canlanırdı. Avtobusun pəncərəsindən Günəşin şüalarından parıldayan asfalt yolları, ətrafda göz baxdıqca uzanan yaşıllıqları seyr edərkən, bir də mənzil başında insanların rahatlığı üçün yaradılanların hər birini bir daha gözdən keçirərək, sadəcə, bunları düşünürəm: O illər, bu illər… O yolçuluq, bu yolçuluq…
Mətanət MƏMMƏDOVA