22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalqımızın tarixi-mədəni irsinin toplanılması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 2 avqust tarixdə imzaladığı Sərəncam muzeylərimizə göstərilən dövlət qayğısından, muzey işçilərinə olan böyük hörmət və ehtiramdan xəbər verən mühüm dövlət sənədidir.

Qeyd etmək yerinə düşər ki, 25 ildən artıq Naxçıvan Dövlət Tarix Muzeyində muzey işi, muzey quruculuğu sahəsində müxtəlif vəzifələrdə çalışan biri kimi muzeyin əsl tərbiyə, maarifçilik məktəbi olduğunu daim hiss etmişəm. Muzeyin fəaliyyətini araşdırarkən çoxlu dəyərli faktlara və maraqlı məlumatlara rast gəlmiş, bu tarixi mənbələrdən 30-a yaxın elmi-tədqiqat məqaləsinin yazılması zamanı bəhrələnmişəm.
Araşdırmalardan məlum olur ki, 1924-cü ildən başlayaraq tariximizin öyrənilməsi və təbliğində mühüm rol oynayan Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə, Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də nəinki mədəni-xidmət ocağı, həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərməyə başlayır, muzeyin digər elmi-tədqiqat müəssisələri ilə əlaqələri genişləndirilir. Həmin dövrdən etibarən muzeyin fəaliyyətində bir çox yaddaqalan hadisələr və əlamətdar günlər baş verir. Belə ki, Azərbaycan SSR Elmlər Akademiyası yaradıldıqdan sonra onun tərkibinə daxil edilən bu mədəniyyət müəssisəsi elmi-kütləvi, elmi-nəzəri konfransların keçirildiyi mərkəzə çevrilir. İlk dəfə olaraq 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana elmi ekspedisiya təşkil olunur və Naxçıvan Dövlət Tarix Muzeyində ekspedisiyanın ilk elmi-nəzəri konfransı keçirilir. Həmin konfransda diyarımızın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilir və müzakirələr aparılır.

Məlumdur ki, bəşər tarixinə böyük töhfələr bəxş edən qədim Naxçıvanın tarixi uzun illər yad ölkələrdən, xüsusilə çar Rusiyası tərəfindən göndərilən müxtəlif əqidəli insanların səthi və yanlış məlumatları əsasında öyrənilməyə çalışılıb. Onlar real faktları, tarixi həqiqətləri bir kənara qoyaraq özlərinə sərf olunan şəkildə məlumatlar verir, əldə etdikləri maddi sübutları öz ölkələrinə daşıyıb aparırdılar. Ötən əsrin əvvəllərinə qədər çar üsul-idarəsinin, sonralar isə Sovet hökumətinin yürütdüyü ideoloji siyasətin nəticəsi idi ki, yerli mütəxəssislərin yetişməsinə imkan verilməyib, nəticədə, Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq edilməsinə daha çox yad qüvvələr müdaxilə ediblər.
XX əsrin 20-30-cu illərindən etibarən Sovet hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə siyasi təbliğat aparılır, sosialist ideologiyası tüğyan edirdi. Buna baxmayaraq, 60-cı illərin sonunda Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana siyasi rəhbər seçilməsi ilə Vətən tarixində yeni inkişaf dövrünün əsası qoyuldu. Nəticədə, qədim tarixi və mədəni irsimizin yenidən öyrənilməsi və tədqiqi sahəsinə də yaşıl işıq yandırıldı. Elmi potensialın inkişaf etdirilməsi, xüsusilə yerli mütəxəssislərin hazırlanması və onların elmi-tədqiqat işlərinə cəlb olunmaları üçün şəraitin yaradılması tariximizin köklü şəkildə araşdırılmasına və yeni tarixi faktların üzə çıxarılmasına zəmin yaratdı.
Həmin dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən Naxçıvan tarixinin yenidən araşdırılması məqsədilə 20 gün müddətinə Naxçıvana elmi ekspedisiya təşkil olunur. Əsas məqsəd isə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illik və Naxçıvanın muxtariyyətinin 45 illik yubileyləri ilə əlaqədar keçiriləcək dövlət tədbirlərinə qədim diyarın tarixi haqqında elmi məruzələr təqdim etməkdən ibarət idi. Tanınmış tədqiqatçı-alim Osman Həbibul­layevin rəhbərliyi ilə akademiyanın elmi əməkdaşlarından Məhəmməd Nəsirli, Rəbiyyə Qasımova və ekspedisiyanın digər üzvləri 1969-cu ilin oktyabrında Naxçıvana ezam olunurlar. Həmin elmi ekspedisiya Naxçıvanın tarixinin yenidən tədqiqində yerli kadrların da imkanlarından geniş istifadə edir. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan Filialının direktoru, tarix elmləri namizədi Əli Əliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Əbülqasım Sultanov, həmçinin həvəskar tədqiqatçılardan muzeyin elmi katibi Məmməd Məmmədov, baş elmi işçi Kamal Qasımov və başqaları ekspedisiya işlərinə cəlb olunaraq Naxçıvan ərazisində, o cümlədən Şahbuz rayonunda birgə tədqiqat işləri aparılır.
1969-cu ilin noyabrında Naxçıvan Dövlət Tarix Muzeyində Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu elmi-tədqiqat işlərinin yekunu olaraq elmi-nəzəri konfrans keçirir. Konfransda Naxçıvanın qədim tarixinin öyrənilməsinin aktual problemləri, Azərbaycanda antropologiya elminin inkişaf məsələləri, muxtar respublikanın etnoqrafiya tarixinin və sovet dövrünün tədqiqi məsələləri geniş müzakirə edilir.

Məruzələrin icmallarından məlum olur ki, elmi ekspedisiyanın rəhbəri O.Həbibullayev Naxçıvanın tarixi ilə bağlı maraqlı faktlara söykə­nərək bildirib ki, şəhərlərin yaranması tarixini yazılı məlumatlarla dəqiqləşdirmək mümkün deyildir. Naxçıvanın qədimliyini sübuta yetirmək üçün şəhərin maddi mədəniyyət qalıqları ilə zəngin olan abidələrini qoruyub saxlamaq və onların ətrafında geniş arxeoloji qazıntılar aparmaq lazımdır. Ekspedisiya rəhbəri qeyd edib ki, XIX əsrin 90-cı illərində Naxçıvan ərazisində təsadüfən aşkara çıxarılmış qədim maddi mədəniyyət nümunələri sonralar Naxçıvanın tarixinin daha dərindən öyrənilməsinə maraq doğurub. 1926-cı ildə sovet alimlərindən İ.İ.Meşşaninov, A.A.Miller, 1934-cü ildə Azərbaycan arxeoloq-etnoqrafı Ə.Ələkbərov, 1950-1964-cü illərdə akademiyanın Tarix İnstitutunun əməkdaşları qədim diyarın ərazisində tədqiqat işləri aparıb, eramızdan əvvəl ikinci minilliyin birinci yarısında Naxçıvan şəhəri ərazisində yüksək mədəniyyətin təşəkkül tapdığı sübut edilib. Ekspedisiya rəhbəri onu da bildirib ki, 1968-ci ildə Naxçıvan şəhərinin şimal hissəsində torpaq işləri apararkən 2 metr dərinlikdən çıxarılmış arxeoloji materiallar böyük əhəmiyyətə malik olmaqla bərabər, tapılmış 59 ədəd rəngli boyalı qab, tunc bəzək əşyaları, muncuqlar Naxçıvan mədəniyyətinin eramızdan əvvəlki XVII-XV əsrlərə aid olduğunu göstərir.
Ekspedisiya üzvü, tədqiqatçı-alim Məmməd Nəsirlinin məruzəsində bəzi Qərb alimlərinin Qafqaz ərazisində ilk insanların – Paleolit dövrü insanlarının mövcud olmamaları fikirlərinə aydınlıq gətirərək sübut edib ki, bəşər övladının ilk yaşayış məskəni kimi Naxçıvan bütün tarixi dövrlərdən, o cümlədən Qədim Daş dövründən üzübəri ardıcıl olaraq insanların yaşadığı yurd yeri kimi tanınıb.
Naxçıvan Dövlət Tarix Muzeyində keçirilmiş elmi-nəzəri konfransda ekspedisiya üzvü, bioloq-alim R.Qasımova bildirib ki, sovet antropologiya elmi ən qədim dövrlərdə yaşamış insanla müasir insanın kəllə sümüklərində baş verən bioloji dəyişiklikləri öyrənib. Məlum olub ki, Qafqazda dörd əsas antropoloji qrup mövcuddur. Naxçıvan kaspi antropoloji tiplərin ən çox müşahidə edildiyi ərazilərdən biridir. Ona görə də buranın şəhər mədəniyyətinin dərindən öyrənilməsi tarix elmi üçün böyük əhəmiyyət kəsb edir.
Naxçıvanlı tarixçi-alim Əli Əliyev həmin konfransda Naxçıvan tarixinin çox mühüm məqamlarına toxunub, kiçik əraziyə malik, lakin böyük tarixi hadisələrə şahidlik edən Naxçıvanın muxtariyyət statusuna sahib olmasını böyük tarixi hadisələrin nəticəsi kimi qiymətləndirib. O qeyd edib ki, 1917-ci ildə çar Rusiyasının devrilməsindən istifadə edən Naxçıvanın demokratik qüvvələri – Mirzəlibəy Bəktaşi, Hacı Mirbağır Mirheydərzadə, Məmməd Rəhimov, Məşədi Əhməd Əzimov və başqaları əhalini demokratik hərəkata qaldırıb, imperialist təcavüzkarlarına və daşnaklara qarşı 1918-ci ildə ciddi müqavimət göstəriblər. Ölkəyə yeridilən ingilis-amerikan hərbi qüvvələri Naxçıvan ölkəsinin “bitərəf zona” adı altında müstəmləkələşdirilməsinə cəhd göstərsələr də, həm onlara, həm də erməni daşnaklarına qarşı Naxçıvanda, Ordubadda özünümüdafiə hərəkatı başlanıb, silahlı müdafiə dəstələri təşkil edilib. 1919-1920-ci illər hərəkatında sıravi əhalinin, o cümlədən Hüseyn və Rəcəbalı Salman oğlanlarının, Heydərqulu Həsənovun, Həsən Şahverdioğlunun, Qasım Hüseynovun, Ələkbər Sadıqovun, İbrahim Fərzəliyevin, Yetimqulu Əkbərin,Yusif Seyidovun, Yusif Salayevin, Həsən Əliyevin, Fərəməz Mahmudbəyovun və başqalarının böyük xidmətləri olub. “Qırmızı tabor” və “Naxçıvan polku” Şahtaxtı, Xok, Oğlanqala məntəqələrində yerləşən daşnak qoşunlarının məhv edilməsində xüsusi hünər göstəriblər.
1969-cu ilin oktyabr ayında Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən konfransda iştirak edən muzeyin əməkdaşlarından Kamal Qasımov və Məmməd Məmmədov öz çıxışlarında Şahbuz rayonuna təşkil edilmiş elmi ekspedisiya işlərindən danışıb, rayonun kəndlərinin tarixini, mədəniyyətini, iqtisadi və məişət həyatını, həmçinin qədim, orta və yeni dövrə aid olan təpələrin, abidələrin, qədim yaşayış məskənlərinin yerini öyrənmək, gələcəkdə tədqiq etməkdən ibarət olduğunu bildiriblər. Qeyd olunub ki, tədqiqatlar Kükü kəndində əhalinin əsas məşğuliyyətinin maldarlıq olduğunu müəyyən edib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Ə.Sultanov Azərbaycanda Sovet hakimiyyətinin 50, Naxçıvan muxtariyyətinin isə 45 illiyi ərəfəsində Naxçıvana təşkil edilən elmi ekspedisiyanın əhəmiyyətindən danışıb, ekspedisiya müddətində qədim insanların məişətini, təsərrüfatını, peşə mənsubiyyətlərini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri əldə etdiyini bildirib. Bu mənbələrin həm də muzey tamaşaçılarının xalqımızın qədim mədəniyyət xəzinəsinə nüfuz etmələrini asanlaşdıran ən qiymətli sərvət olduğunu qeyd edib.
Göründüyü kimi, diyarşünaslıq tariximizin öyrənilməsində, əhəmiyyətli arxeoloji və etnoqrafik tədqiqatların aparılmasında Naxçıvan Dövlət Tarix Muzeyi elmi-tədqiqat müəssisəsi kimi də mühüm rol oynayıb. Milli tariximizin təbliği və nümayişi zəminində Azərbaycanda muzey işinin yenidən qurulması, geniş muzey şəbəkəsinin yaradılması istiqamətində görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin davamı olaraq ölkə Prezidentinin bu sahənin inkişafı ilə bağlı imzaladığı qərar və sərəncamlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gördüyü ardıcıl işlər nəticəsində qədim diyarımızdakı muzeylər nəinki muxtar respublika səviyyəli tədbirlərin, hətta 1996-cı ildən bu günə qədər ayrı-ayrı dövlət başçılarının, səfirlərin, Naxçıvanda keçirilən beynəlxalq simpozium, konfrans və seminar iştirakçılarının, çoxsaylı turistlərin və beynəlxalq idman yarışı nümayəndələrinin maraqla ziyarət etdikləri məkana çevrilib. Muzeylərimizin nüfuzunun artması, muzey sərvətlərinin araşdırılması, tədqiqi əsasında xarici dillərdə müxtəlif elmi kitabların nəşr edilərək yayımlanması dünya xalqlarının tariximizlə yaxından tanış olmalarına şərait yaradıb.

95 illik muxtariyyətimiz dövründə tariximizin öyrənilməsi, təbliği və tanıdılması istiqamətində bütün muzeylərimizlə bərabər, muxtariyyət yaşıdı Naxçıvan Dövlət Tarix Muzeyinin də xüsusi rolu olub. Həmin mədəniyyət müəssisəsinin 95 illik yubileyinin Ali Məclis Sədrinin tarixi ­Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunması diyarşünaslıq və muzeyşünaslıq tarixinin, bütövlükdə isə milli-mədəni irsimizin tədqiqi və təbliğinə öz layiqli töhfəsini verəcək.

Nəzakət ƏSƏDOVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və
Açıq Səma Altında Muzey Kompleksinin direktoru,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR