22 Dekabr 2024, Bazar

Mütəfəkkir ədibimiz İmadəddin Nəsimi qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələrindən biridir. Onun yaradıcılığı mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə səciyyələnir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamında deyildiyi kimi: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır”. Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir.

İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tutur. Fəzlullah Nəiminin banisi olduğu hürufilik təriqətinə gənclik illərindən qoşulub onun mahiyyət və prinsiplərinə dərindən yiyələnən Nəsimi qısa müddətdə bu hərəkatın aparıcı simalarından birinə çevrilmişdi. İnsanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər. Hürufilər bu fikirdə idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə bilavasitə əlaqədardır. Yaranmışların ən alisi, şərəflisi sayılan insan özünü dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək mənəvi dəyərlərə yiyələnməli, müdrikliyə çatmalıdır. Cəmiyyətdə kamil insanlar nə qədər çox olarsa, bu, həqiqətin, azadlığın, ədalətin təntənəsinə rəvac verər. Bütün bunları ümumiləşdirən Nəsimi yazırdı:
Ey Nəsimi, sən həqqi bil, həqqə iqrar eylə kim,
Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Nəsiminin şeirlərində böyük vəcdlə tərənnüm edilən insan da məhz özünü anlayan, yaranmışların ən qiymətlisi olan ali şəxsiyyətdir. Şair dünyanı sədəfə, kamil insanı isə onun içərisindəki dürr danəsinə, inciyə bənzədir, arifləri ən böyük məhəbbətə, alqışa layiq sayaraq yazırdı:
Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?
Şairin haqlı qənaətinə görə, arifliyə gedən yol insanın özünü dərk etməsindən başlayır. Özünü anlamayan cahil adamlar heç bir ali məqsədə çata bilməzlər:
Kim əzəl tanımadı kəndi vücudu şəhrini,
Ol gədahimmət nə yoldan vara sultan istəyə?
Nəsimi şeirlərində vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdir. “İnsan bu hüsni-lütf ilə gövhər dеgilmidir?” – deyən şair insanı ali varlığın bir zərrəsi sayır, onun qüdrət və əzəmətinə böyük inam və ehtiram bəsləyirdi. Şairin fikrincə, kamil insan elə bir mənəvi zənginliyə malikdir ki, onda hər iki cahan – maddi və mənəvi aləm sığışa bilər, belə insan elə ilahi dəyərə malikdir, məkansız gövhərdir:
Məndə sığar iki cahan, mən bu cahana ­sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.
Arif insanların könlünü “ərşi-həqq” sayan İmadəddin Nəsimi şeirlərində nəzərə çatdırırdı ki, mənəvi cəhətdən naqis olanlar bəlalara, nöqsanlara tuş gələrlər, ona görə də hər bir şəxs idrakın gücü ilə kamilliyə qovuşmağa can atmalıdır:
Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə, kamil ol kim, gəlməz kəmalə nöqsan.
Nəsimi şəxsiyyət azadlığına xüsusi önəm verir, obrazlı şəkildə “müqəddəs bülbül” adlandırdığı insanın qəflətdə qalıb qəfəsə giriftar olmasını məqbul saymır, onu buxovlardan çıxmağa, azadlığa, sərbəstlik məkanı kimi yeni gülüstana səsləyirdi:
Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.
Humanist sənətkar olan Nəsimi insanlarda düzlüyü, doğruçuluğu vacib şərt sayırdı. Hər cür saxtakarlığın, süniliyin əleyhinə çıxan şair əyri dil sahiblərini, yəni könlündəki düşüncələri ilə danışığındakı sözləri bir-biri ilə uyğun gəlməyən riyakarları “dil bazarçısı” adlandıraraq tənqid edirdi:
Dil bazarçısı yalandır, varmazam bazarına,
Gerçək olmaz əgri dil, inanmazam iqrarına.
Sadiq oldur, dilini könlü ilə bir eyləyə,
Əgri dildən nəsnə gəlməz, durmuşam inkarına.
Şairin haqlı qənaətinə görə, hər bir insanın düşüncəsi, sözü və əməli bir-birini tamamlamalıdır və bunların hamısı məhz saf, ülvi mahiyyət daşımalıdır. Humanist sənətkar maddi nemətlər əsiri olan, mənəvi dəyərlərə yox, yalnız mal-mülkə yiyələnməyə can atanları da pisləyir, onları haqq yola çağırırdı:
Dünyəvü mülkü malinəmеylü məhəbbət еyləmə,
Çün gеdisərsən, еy məlik, aхirətin sarayinə.
Mütəfəkkir şair haqq yolunun yolçusu olanların nəfsdən uzaq olmasını da ayrıca nəzərə çatdırırdı. Bildirirdi ki, əsl aşiqliyin sirrini haqqı dərk edənlər anlayar. Nəfsinin əsiri olanlar, həqiqət məfkurəsinin məğzindən bixəbərlər bu feyzdən məhrumdurlar:
Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.
Nəsimi hürufilik təriqətinin müddəalarına uyğun olaraq ustad-şagird, mürşid-mürid münasibətlərinə də xüsusi əhəmiyyət verirdi. Şairin fəlsəfi-poetik qənaəti belədir ki, ariflik yolçuları məramlarına çatmaq, haqqı dərk etmək, mənəvi ucalığa, müdrikliyə qovuşmaq üçün kamil mürşidlərin, böyük ustadların, ağıllı rəhbərlərin ardınca getməli, naqislərdən uzaq durmalıdırlar. Əks halda, onlar xoş aqibətdən məhrumdurlar:
Yoхdur nəsibi еşqi-həqiqətdən, еy könül,
Şol kimsənin ki, mürşidi naqisüqul ola.
Şair onu da vurğulayırdı ki, mənəvi kamillik yolunu seçənlər, həqiqət naminə çalışanlar bu əzablı yolun sınaqlarına mətanətlə sinə gərməli, hər cür bəlaları dəf etməyi bacarmalıdır, əks təqdirdə, onlar məqsədlərinə çata bilməzlər:
Çəkməyən еşqin bəlasın, görməyən hicrin qəmin,
Dərdi dərmansızdır anın, çarə yoх dərmanına...
Nəsiminin fikrincə, ariflik yolunun sədaqətli aşiqi böyük amal naminə lazım gələrsə, şəhidliyə də hazır olmalıdır. Onun ucalığı, mənəvi dəyəri də bununla bağlıdır:
Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,
Həq dеyəni alır anun durmuş anun bəhayinə.
Yaxud:
Canını qurban еdəndir yar içün gеrçək şəhid,
Səd həzaran rəhmət olsun ol şəhidin canına.
Humanist sənətkarın təbliğ etdiyi nəcib ideyaların ifadəsi baxımından haqq yolunun sadiq yolçularına, əsl möminlərə xitabən yazdığı aşağıdakı parçalar da maraq doğurur. Şair həqiqi səadətə qovuşmaq istəyənlərə tövsiyə edirdi ki, incə davranışlı, xoş xasiyyətli, səxavətli olsunlar, ibadəti də unutmasınlar:
Əya, mömin, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.
Əvvəl təbi-lətifü xülqi-niku,
İkinci həm kərəm, cudü səxavət.
Üçüncü, olma hərgiz bivüzu sən,
Yeri, həq buyruğun tut, qıl ibadət.
Nəsiminin şeirlərində gözəllik anlayışı da onun humanizm konsepsiyasının üzvi tərkib hissəsi kimi diqqəti çəkir. Əsl gözəlliyi bilavasitə mənəvi ləyaqətlə əlaqədə qiymətləndirən sənətkar burada da bir ali təzahür görürdü. “Kəbə üzündür, еy sənəm, üzünədir sücudumuz”, – deyən şair kamil insanın simasında haqq nurunun varlığını iddia etməklə müəyyən idealizə və simvolika vasitəsilə mahiyyətcə yenə də yüksək insani dəyərlərin tərənnümçüsü kimi tanınırdı. Hürufi ədibin fikrincə, kamil insanların sifətindəki haqq nurunu yalnız pak, saf nəzər sahibləri görə bilərlər. Beləcə, şair gözəlliyin dərkini də bila­vasitə kamillik konsepsiyası kontekstində mənalandırırdı:
Hüsnü cəmalə baхmağa ari səfa nəzər gərək,
Düşməsin arisiz nəzər ayinənin səfasinə.
Bir çox şeirində məhəbbəti, gözəlliyi hürufilik təliminin mahiyyət və prinsiplərinə uyğun şəkildə, simvolik örtükdə diqqətə çatdıran şairin dünyəvi sevgiyə həsr olunmuş əsərləri də az deyil. Maraqdoğuran cəhət həm də odur ki, İmadəddin Nəsiminin dünyəvi məzmunlu şeirlərində vəsf etdiyi sevgili də məhz doğma xalqın övladıdır, Azərbaycan-türk gözəlidir. Şairin aşağıdakı misralarda könül evini talan edən alagözlü türk gözəlindən söz açması da bu baxımdan təsadüfi deyil:
Şol alı çoх ala gözün könlüm еvin yəğmaladı,
Yəğmaçı türkün adəti hər qandasa yəğma imiş.
Başqa bir şeirdə aşiqi qəmlərə salan gözəlin pəri övladı, türk qızı kimi obrazlı ifadə ilə təqdimi də diqqəti çəkir:
Bu nə adətdir, еy türki-pərizad,
Qəmindən olmadım bir ləhzə azad.
İmadəddin Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da böyük xidmətlər göstərmiş, poetik üslubun təkmilləşməsinə, duyum və deyim tərzinin cilalanmasına mühüm töhfələr vermişdir. Sayru (xəstə), uçmaq (behişt), damu (cəhənnəm), qaranqu (qaranlıq), ayıtmaq (demək), irişmək (yetişmək, çatmaq), tanıq (şahid) və digər çoxsaylı qədim leksik vahidlərə Nəsiminin şeirlərində tez-tez rast gəlinməsi də şairin doğma dilimizin ulu yaddaşına bağlılığının əyani təzahürüdür. Qəzəl, rübai, tuyuq və sair janrlarda yazdığı şeir­lərində onun işlətdiyi rəngarəng bədii təsvir və ifadə vasitələri də dolğunluğu, orijinallığı, semantikası, məntiqi baxımdan sistematikliyi ilə diqqəti çəkir, ana dilimizin poetik imkanlarının genişliyini nümayiş etdirir. Nəsimi müxtəlifməzmunlu şeirlərində bir sıra hallarda bədii deyimə konkretlik çaları qatmaqla həm də vətənimizin bəzi tarixi, coğrafi koloritini də misralarda poetikləşdirir. Məsələn, şair vəsf etdiyi gözəlin gül yanağının həsrəti ilə gözlərindən axan yaşları təşbeh əsasında poetikləşdirərkən onu məhz doğma yurddan axan Araz çayına oxşadır:
Sənin gülgün yanağın həsrətindən,
Aхar çеşmim yaşı həm çün Ərəsvar.
Belə mükəmməl duyum və deyim tərzi şairin şeirlərində çox geniş yer tutur. Ümumiyyətlə, Nəsiminin hər bir əsəri həm mövzu-ideya, həm də sənətkarlıq baxımından dolğun və təsirlidir.
İmadəddin Nəsiminin yüksək humanist qayəli dolğun əsərləri hələ öz sağlığından başlayaraq dillər əzbəri olmuş, əsrlərboyu ədəbiyyatın inkişafına mühüm təsir göstərmiş, mütəfəkkir söz ustadının yaradıcılığı Azərbaycanda və bir sıra xarici ölkələrdə geniş şəkildə tədqiq olunmuş, onun haqqında dəyərli bədii əsərlər də yazılmışdır. Tanınmış alimlərimizdən S.Mümtazın, H.Araslının, M.Quluzadənin, C.Qəhrəmanovun və başqalarının elmi tədqiqatları, həmçinin Nəsimiyə həsr olunmuş çoxsaylı ədəbi nümunələr, o cümlədən çoxsaylı şairlərin şeirləri, eləcə də bir sıra irihəcmli bədii əsərlər – Ə.Salahzadənin “Od heykəli”, Qabilin “Nəsimi”, S.Tahirin“Karvan gedir”, R.Rzanın “Son gecə”, N.Xəzrinin “Mənim babam baxan dağlar”, M.Yaqubun “Şirvan alverçisi və Nəsimi” kimi poemaları, İ.Hüseynovun “Məhşər”, M.İsmayılın “İki od arasında” romanları, H.Mirələmovun “Son səfər” povesti, B.Vahabzadənin “Fəryad”, F.Aşurovun “Nəsimi” pyesləri bu baxımdan xatırladıla bilər. Yeri gəlmişkən onu da qeyd etmək istərdik ki, İmadəddin Nəsimi haqqında ədəbiyyatımızda ilk dramatik əsər Naxçıvanda yazılmışdır. Bu, həmyerlimiz Əkbər Məftunun 1946-cı ildə qələmə aldığı ikipərdəli “Nəsimi” mənzum dramıdır.
Əsrlər öncə İmadəddin Nəsimi insanlara üz tutaraq onları xeyirxah işlər görməyə, xoş əməllərlə, yaxşı adla tanınmağa səsləyirdi:
Bir еyü ad еdin fani cahanda,
Ululardan cahanda qaldı bir ad.
Böyük şairin özü də həqiqət, ədalət və mənəvi kamillik uğrunda mübarizələrdə keçən mənalı ömrü, dərin humanizmdən yoğurulmuş möhtəşəm yaradıcılığı ilə bəşər tarixində silinməz ad qoymuş, mənəviyyat mücəssəməsi kimi tanınmışdır. “Еy Nəsimi, cahanı tutdu sözün”, – deyən şair yenilməz şəxsiyyəti, yüksək ideya-bədii dəyərə malik əsərləri ilə solmayan şöhrət və mənəvi ölümsüzlük qazanmışdır.

Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru,
professor, Əməkdar elm xadimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR