Hər bir xalqın yaradıcılıq nümunələri onun tarixi taleyini, psixoloji xüsusiyyətlərini və həyat şəraitini özündə əks etdirir. Azərbaycan xalqının da tarixən özünəməxsusluğu ilə seçilən müxtəlif yaradıcılıq nümunələri olub ki, bunlardan biri də xalçalarımızdır. Azərbaycan xalçaları içərisində öz qədim tarixi, zəngin rəng çalarları və üzərində işlənmiş müxtəlif ornamentləri ilə seçilən Naxçıvan xalçaları xüsusi yer tutur. Həmin xalçaları tədqiq etməklə burada yaşayan insanların tarixi psixologiyası, onların xarakter xüsusiyyətləri və həyat şəraiti haqqında da mühüm məlumatlar əldə etmək mümkündür.
Belə ki, Naxçıvan xalçalarında bu sənətin təşəkkül tapdığı ilkin dövrlərdə – İslam dininin Azərbaycanda qəbul olunmasından əvvəl daha çox qədim türklərə məxsus təsvirlər və naxışlar təsvir olunub. Bu naxış və təsvirlərdə qədim türklərə məxsus xüsusiyyətlərin əksi olduqca ustalıqla verilməklə yanaşı, həm də o dövr yerli əhalinin hansı xüsusiyyətlərə daha çox üstünlük verdiklərinin şahidi oluruq. Bunlar mərdlik, igidlik, birlik, insansevərlik kimi xüsusiyyətlərdir ki, bu xüsusiyyətlər günümüzdə də milli psixologiyamızda mühüm xarakterik keyfiyyətlər kimi qiymətləndirilir. Qədim türklər bu xüsusiyyətlərin rəmzi olaraq öz möhürlərində və bayraqlarında əksini tapan şəkillərdə – qoç başı, boz qurd, qartal və digər təsvirlərdə ifadə etməyə çalışıblar.
İkinci dövr İslam dininin Azərbaycanda qəbul edilməsindən sonrakı dövrə təsadüf etməklə bu zənginliyə İslam mədəniyyəti nümunələrinə aid təsvirlərin də əks olunması ilə səciyyələnir. Belə ki, həmin dövrlərdən başlayaraq daha çox mavi, sürmeyi, qırmızı rəngli kolorit həlli, naxışların bədii quruluş üslubu, günbəzlərin təsviri ilə İslam mədəniyyətini əks etdirən “Namazlıq” xalçaların daha çox toxunduğunun şahidi oluruq.
Üçüncü dövr rus imperiyasının Azərbaycanı işğal etməsindən sonra başlayır ki, keçmiş sovet rejiminin qadağaları bu sənətdə də müəyyən deformasiyaların yaranmasına səbəb olub. Həmin dövrün təsiri altında qədim türklərə aid, eyni zamanda İslam mədəniyyətini özündə əks etdirən təsvir və naxışlar da müəyyən mənada görünüşü dəyişdirilmiş şəkildə müxtəlif naxışların arasında gizlədilib, sanki mənası aydın olmayan naxışlara bənzədilib.
Dördüncü dövr müasir dövrümüzdür ki, bu dövrdə xalqımız öz müstəqilliyini təkrar bərpa etdi və bununla da bütün sahələrdə olduğu kimi, xalçaçılıqda da yeni milli inkişaf mərhələsi başladı.
Naxçıvan xalçalarının üzərindəki təsvirləri rənglərin xüsusiyyətləri və onların insan psixologiyasına təsiri məsələlərini nəzərə almaqla iki istiqamətdə psixoloji təhlilə cəlb etmək olar.
Həmin xalçaların üzərindəki təsvirlərə fikir versək, görərik ki, daha çox həndəsi, antropomorf, zoomorf, nəbati naxışlardan istifadə edilib.
Gəlin bu naxışların tarixi və psixoloji xüsusiyyətlərini tədqiq etməklə naxçıvanlıların xalçalarımızda gizlənən xarakter xüsusiyyətlərini açmağa çalışaq.
Həndəsi fiqurlar. Müasir psixologiya elmi sübut edir ki, insanların çəkdikləri həndəsi fiqurlara görə onların psixoloji xüsusiyyətləri haqqında məlumat vermək mümkündür. Bu elmi biliklərə əsaslanaraq demək olar ki, Naxçıvan xalçaları üzərindəki konkret həndəsi fiqurlar bu xalçaları toxuyan insanların konkret adamlar olduğunun göstəricisidir.
Konkret adam dedikdə sözü ilə işi arasında heç bir ziddiyyət olmayan şəxslər başa düşülür. Cəmiyyətdə hər kəs ona inanır. Çünki o, verdiyi sözə əməl edir. Bu mənada, vaxtilə Qafqaza səyahət etmiş fransız səyyahı Aleksandr Düma ölkəsinə qayıtdıqdan sonra Qafqazda yaşayan millətlər haqqında yazaraq bildirirdi ki, azərbaycanlılardan sənəd almağa ehtiyac yoxdur, onlarda bir kişi sözü var. Onlar söz verdilərsə, qurtardı. Amma ermənilərdən sənəd alsan da, ehtiyatlı ol, sənəd də bəzən işə yaramır. Qədim türklərə məxsus olan bu keyfiyyətləri xalqımızın psixoloji xüsusiyyətlərində günümüzə qədər qorunub saxlanılır.
Eyni zamanda naxçıvanlıların xarakterində olan konkretlik onların yaşadıqları coğrafi mühit və iqlim şəraiti ilə də bağlıdır. Hamımıza məlumdur ki, Naxçıvanın çox kəskin coğrafi iqlim şəraiti var. Hər bir etnosun tarixi keçmişi ilə yanaşı, yaşadığı coğrafi şəraiti, iqlim xüsusiyyətləri onun şəxsiyyətinin əsas xüsusiyyətlərində, qabiliyyətlərində, yaradıcılıq ünsürlərində və məişətində öz əksini tapır. Bu mənada, kəskin kontinental iqlim şəraiti biz naxçıvanlıların xarakterlərində konkretlik kimi yüksək keyfiyyətləri formalaşdırmışdır ki, bunun nəticəsi olaraq Naxçıvan xalçalarında onların əks olunduğunu görürük.
Antropomorf təsvirlər. “Antropomorf” yunanca insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi mənasını verir. Naxçıvan xalçaları üzərində insana məxsus şəkillərin təsvir olunması məhz təbiətin ən ülvi və ali varlığının insan olması, qarşılıqlı münasibətlərin təcəssümü, dünyanı və kainatı dərketmənin insanın özünüdərki nəticəsində mümkünlüyü ismarıclarının gələcək nəsillərə ötürülməsi kimi də qiymətləndirmək mümkündür. Eyni zamanda Naxçıvan xalçaları üzərində qadın, uşaq, ailəni ümumilikdə təsvir edən şəkillərin olması burada yaşayan insanların psixologiyasında hələ çox qədim zamanlardan ailəyə bağlılıq, övlad sevgisi və qadına hörmətin üstün mövqedə olduğunu sübut edir.
Zoomorf təsvirlər. Bu təsvirlər adından da göründüyü kimi, qədim naxçıvanlıların məşğuliyyət və həyat şəraiti haqqında əsaslı məlumatlar verir. Naxçıvan xalçalarındakı zoomorf təsvirlər iki böyük qrupa bölünür: ev və yırtıcı heyvanlar. Onların içərisində isə ən çox təsadüf edilən qoç təsviridir. Bütün bunlar isə qədim naxçıvanlıların öz yaşam ehtiyaclarını heyvandarlıqla məşğul olaraq həmişə halal zəhmətlə gündəlik tələbatlarını ödədiklərinə işarədir. Ulu babalarımız “Halallıq olan yerdə hər zaman xeyir-bərəkət olar”, – deyiblər. Deməli, müasir dövrdə milli, eləcə də naxçıvanlı psixologiyasında özünü göstərən halallıqla nəyəsə nail olmaq, özgəsinin malına göz dikməmək, yalnız özünə deyil, ümumilikdə, bəşəriyyətə xeyir vermək kimi gözəl xarakter xüsusiyyətlərin hələ qədim zamanlardan bəri daşıyıcıları olduğumuzu, əslində, xalçalarımızdakı təsvirlərdə açıq-aydın görmək mümkündür.
Nəbati təsvirlər. Nəbati təsvirlər xalçalardakı naxışların təbiətlə əlaqəsini birbaşa əks etdirir ki, bu da naxçıvanlılarda təbiəti sevmək kimi estetik hisslərin inkişaf səviyyəsinin əsas göstəricisidir. Belə ki, ictimai təcrübə əsasında dünyanı dərk edən naxçıvanlılar ətraf aləm haqqındakı estetik təsəvvürlərini məhz xalçalarda əks etdirməyə çalışıblar.
Xalçalarımızdakı füsunkar təbiət mənzərələri, yaşıl çəmənlər, güllü-çiçəkli yamaclar, şır-şır axan bulaqlar, aylı gecələr, quşların nəğməsi kimi ecazkar təsvirlər insanda estetik hisslər doğurur. Bu nəbati təsvirlər Naxçıvan təbiətinin zənginliyindən, gözəlliyindən xəbər verir ki, burada yaşayan insanlar bu təbiət zənginliyi içərisində mənəvi zənginliyin yüksək zirvəsinə çatıblar ki, bunları öz yaradıcılıq nümunələrinə köçürə biliblər. Naxçıvanlıların bu qabiliyyəti onların qədimdən günümüzə kimi gəlib çatan estetik duyumlarının və mənəvi zənginliklərinin göstəricisidir.
Yüksək estetik zövqə sahib olan naxçıvanlılar təbiətin gözəllik və rəngarəngliyini duyaraq oradakı rənglərdən bir-birinə bağlı şəkildə istifadə etməyə başlamışlar. Naxçıvan xalçalarındakı rənglərə nəzər salsaq, əsasən, əlvan rənglərdən istifadənin şahidi oluruq. Psixologiya elmi sübut edir ki, insan əlvan rənglərin əhatəsində olanda onda həyat enerjisini yüksəldən hisslərin yaranması baş verir. Bunun nəticəsində insan özünü daha yaxşı hiss edir. Onun psixoloji sağlamlığı bərpa olur, ətrafında baş verənlərə daha sağlam düşüncə ilə yanaşır, onlara obyektiv münasibət bəsləyir. Bütün bunlar isə şəxsiyyətlərarası münasibətlərin daha səmimi və işgüzar istiqamətdə formalaşması üçün əsas amil rolunu oynayır.
Naxçıvan xalçalarında istifadə olunan ağ rəng, əsasən, təmizlik, məsumluq, düzgünlük, səliqəlilik və aydınlıq rəngi kimi xarakterizə olunur. Xalçalarımızda bu rəngdən istifadə insanların xarakter əlamətlərində məhz həmin rəngin xarakterik cəhətlərinin çoxluğunun işarəsidir. Bunu bizim milli bayramımız olan Novruz bayramı adət və ənənələrində də görmək mümkündür.
Yaşıl rəng təbiətin əsas rənglərindən biri olub daha çox rahatlıq və sağlamlıq rəngi kimi qiymətləndirilir. İnsan yaşıl rəngin əhatəsində özünü olduqca sakit və rahat hiss edir. Eyni zamanda bu rəngi sevən insanlar prinsipiallıqları ilə də fərqlənirlər. Yəni onlarda xüsusi bir qələbə əzmi müşahidə olunur.
Naxçıvan xalçalarında rast gəlinən qırmızı rəng həyat rəngi olmaqla yanaşı, həmçinin güc, dinamizm, mətanət, əzm və məhəbbət rəmzi kimi də götürülür.
Mavi rəng isə təbiətdə daha çox üstünlük təşkil edən rənglərdəndir. Həm psixologiyada, həm də el arasında məsumluq, dürüstlük, sülhsevərlik, firavanlıq, sakitlik deməkdir.
Naxçıvan xalçalarındakı bu əlvan rənglər naxçıvanlıların xarakter xüsusiyyətlərində həyatsevərlik, gümrahlıq, yüksək enerji, sağlamdüşüncəli və səmimi, şəxsiyyətlərarası münasibətlərə sahib xüsusiyyətlərin üstünlük təşkil etməsinin sübutudur. Bütün bunlar təsdiq edir ki, xalçalarımız gözoxşayan zənginliyi ilə naxçıvanlıların psixoloji xüsusiyyətlərinin dərinliyini də özündə təcəssüm etdirir.
Çapay QULİYEV
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, psixoloq