Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hamiliyə verilən gənc rəssamlar arasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında rəsm müsabiqəsi keçirilib. Rəssamlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və Texniki Kollecdən 12 istedadlı gənc iştirak edib.
Gənc rəssamların müxtəlif mövzularda və janrlarda işlədikləri rəsmlər maraqla qarşılanıb. Doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb.
Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və tanınmış rəssam Rəfael Qədimovun təmsil olunduğu münsiflər heyəti tərəfindən birinci yerə 1, ikinci yerə 2, üçüncü yerə isə 3 nəfər layiq görülüb. Digər gənc rəssamlar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Gülcamal TAHİROVA