Cəlil Məmmədquluzadə böyük satirik, məşhur Molla Nəsrəddin ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq və publisistdir. Bu il görkəmli yazıçının anadan olmasının 150 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 17 yanvar tarixdə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda da geniş qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Biz də ölkə miqyasında keçirilən yubiley tədbirləri çərçivəsində maarifpərvər və vətənpərvər ədibin həyat yolu, yaradıcılığı barədə daha geniş məlumat almaq üçün filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərovla həmsöhbət olduq.
– İman müəllim, Mirzə Cəlil irsinin tədqiqatçısı kimi böyük ədibi oxucularımıza necə təqdim edərdiniz?
– Mətbuatşünas və ədəbiyyatşünaslarımız, estetik və elmi təfəkkürümüz böyük Mirzə Cəlilin kimliyi və yaradıcılığının elmi-bədii dəyəri ətrafında hələ sovetlər dönəmində düşünüb. Bunu qətiyyətlə demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, jurnalistikası və publisistikasına imza atmış əvəzsiz şəxsiyyətlərdən biridir. Bütün bunların hər birinin arxasında son dərəcə qeyri-adiliklər vardır. Çünki Cəlil Məmmədquluzadə elə böyük ədəbi simalardandır ki, o, hər hansı bir əsəri ilə belə, müəyyən mənada, bir ilkə imza atıb. Onun yaradıcılığı ilə tənqidi realizm, Azərbaycan publisistikası, jurnalistikası və ədəbiyyatı öz yeni mərhələsinə qədəm qoyub. Amma Mirzə Cəlil həm də, sözün əsl mənasında, bizim milli təfəkkürümüzdə hadisə idi.
– Cəlil Məmmədquluzadəni dünya ədəbiyyatında kimlərlə müqayisə edərdiniz?
– Sovet dövrü ədəbiyyatında Mirzə Cəlil yaradıcılığını təhlil edən ədəbiyyatşünaslar onu daha çox rus ədəbiyyatı nümayəndələri – Qoqol, Puşkin, Jukovski, Saltıkov-Şedrin, Tolstoy yaradıcılığı ilə müqayisəyə üstünlük verirdilər. Bu böyük şəxsiyyət dünya ədəbiyyatında görkəmli qələm sahiblərinin gördükləri işləri Azərbaycan ədəbiyyatında təkbaşına yerinə yetirib. Mən vurğulamaq istəyirəm ki, biz bu gün 100 il bundan əvvəl Mirzə Cəlilin bizə öyrətdiyi ədəbi dildə danışırıq. Bu, Mirzə Cəlilin Azərbaycanın milli-mənəvi dəyərləri sırasında olan dil sahəsindəki xidmətidir. Eyni zamanda böyük ədib istədi ki, ədəbiyyat bir-iki şəxsin yox, bütöv xalqın təfəkkür formasına çevrilsin və buna da nail oldu. Ədib Sədi Şirazinin fars ədəbiyyatı qarşısındakı xidmətlərini Azərbaycan ədəbiyyatında yerinə yetirdi. Bəzən Cəlil Məmmədquluzadənin məhz məhəmmədhəsən əmilərdən, novruzəlilərdən yazmasını tənqidlə qarşılayır və millətimizi ifrat şəkildə tənqid hədəfinə çevirməkdə ittiham edirlər. Bəs Viktor Hüqonu fransızlar niyə günahlandırmırlar, o da Fransanın səfilliyindən yazırdı. Əslində, böyük Mirzə Cəlilin “Molla Nəsrəddin”i də məhz Azərbaycanın “Səfillər”idir. Bu səfillik yalnız ictimai həyatın deyil, ümumi mənada, təfəkkürün səfilliyi idi. Bu mənada, o vaxt üçün “Səfillər”in Şərq modelini də Mirzə Cəlil yaradıb. Türk ədəbiyyatında Namiq Kamal haqqında yazırlar ki, o, elə bir şəxsiyyətdir ki, türk ədəbiyyatında əsrlərlə davam edən “Gül və Bülbül” hekayəsini Vətən və millət hekayəsi şəklinə salıb və bununla da ədəbiyyatı kütləviləşdirə bilib. Azərbaycan ədəbiyyatında bu missiyanı Mirzə Cəlilin rəhbərlik etdiyi mollanəsrəddinçilər qeyd-şərtsiz həyata keçirdilər.
Böyük ədib bu fikirdə idi ki, hansısa bir yazıçını qələmi ilə xalqına xidmət etdiyi üçün tərifləmək doğru deyil. “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda mübarizə aparmaqdır, onun yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı” ideyası ilə yazıçı qələmə sarılıb. Kimdənsə tərif və mükafat gözləmədən öz xalqının xoşbəxtliyi yolunda qələmi ilə mübarizə aparıb.
– Bəs Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalının nümayəndələri dünya ədəbiyyatından kimlərə müraciət ediblər?
– Onlar fars ədəbiyyatından Hafiz, Sədi Şirazi, Ömər Xəyyam, türk ədəbiyyatından Namiq Kamal, Xalid Ziya Paşaoğlu, Mahmud Əkrəm Rəcaizadə, Abdulla Cövdət bəyin yaradıcılığına çox, Avropa ədəbiyyatından Fridrix Şiller, Jan Jak Russo, Emil Zolyanın əsərlərinə isə az hallarda müraciət ediblər. Bunun əsas səbəbi isə xalqa xidmətin yeni modellərini tədqiq və təhlil etməkdir. Böyük ədib Şərqdən ayrılıb, Qərbə kor-koranə pərəstiş edən şəxsiyyət olmayıb. O, Şərqin yaralarını, dərdlərini ürəkağrısı ilə qələmə alsa da, ondan imtina etmir. Onu düşündürən əsas məsələ Şərqin inkişaf yoluna düşməsidir. Ona görə nöqsanları dönə-dönə xatırladıb və onlardan xilas olmadan Yer kürəsinin bu qütbünü inkişaf etdirməyin qeyri-mümkün olduğu qənaətinə gəlib.
– Ədəbiyyatımızda məhz Mirzə Cəlilin həyata keçirdiyi missiyalar nədən ibarət olub?
– Akademik İsa Həbibbəyli yazır ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında istiqlaliyyət uğrunda mübarizənin baş sərkərdəsidir. Bu, təsadüfi deyil. İstiqlaliyyət bir xalqın Vətəninin azadlığı uğrunda mübarizəsidir. O göstərdi ki, ədəbiyyat yalnız məhəbbət mövzusundan ibarət deyil. Onun yazdıqlarının da hər biri məhəbbətdən irəli gəlirdi, amma xalqına, məmləkətinə, Vətəninə, vətəndaşına məhəbbətdən... Digər tərəfdən ədəbiyyatımızda elə terminlər var ki, onlar ancaq dahi qələm sahiblərinin adı ilə bağlıdır. Onlardan biri də “ədəbi məktəb” terminidir. Nizami, Füzuli, Vaqif, Mirzə Cəlil ədəbi məktəbi ifadəsi vardır. Mirzə Cəlil dahiliyinin daha bir göstəricisi ondan ibarətdir ki, o həm də əsasını qoyduğu jurnalın adı ilə Molla Nəsrəddin ədəbi məktəbini yaradıb. Yüzlərlə qələm sahibi də həmin məktəbin layiqli davamçısı olub. XX əsrin 30-cu illərindən “Molla Nəsrəddin ədəbi məktəbi” termini jurnalistika, publisistika və ədəbiyyatşünaslığımızda geniş yer tutur. Bu məktəb daim yeni nəsillərə dərs keçəcək məktəbdir.
Bilirik ki, “Molla Nəsrəddin” jurnalında ölməz nəzm əsərlərinin müəllifi M.Ə.Sabir olsa da, ilk satirik şeirlərin müəllifi yenə də Mirzə Cəlildir. Onun “Lisan bəlası” adlı ilk satirik şeiri “Molla Nəsrəddin”in birinci sayında dərc olunub. Bu şeirlə Cəlil Məmmədquluzadə gələcək mollanəsrəddinçi satirik şairlərə nümunə göstərib, istiqamət verib. Bu şeir Azərbaycan türkünü özünüdərkə, oyanışa, hüquqları uğrunda mübarizəyə səsləməkdədir. Mirzə Cəlilin Azərbaycan satirik poeziyasında xidməti bununla hüdudlanmır. Ədəbiyyatımızda elə satirik formalar var ki, onların da ilk və qısa nümunələrini Mirzə Cəlil yaradıb, sonra onun davamçıları bu janrlar əsasında irihəcmli əsərlər yazıblar. Maraqlı və satirik janrlardan biri olan və sonralar Ə.Qəmküsar, M.Ə.Sabir, M.S.Ordubadi yaradıcılığında rast gəlinən təxmis, çaharparə (çarparə) və digər janrlara ilk dəfə o müraciət edib. Böyük ustad fars şairi Hafizin şeirinə təxmis yazıb, özünün “Məktub” felyetonunun sonunda beşmisralıq təxmisi qələmə alıb. Satirik çarparəni isə Əbülqasim Nəbatinin şeirinə xitabən yazıb. Onun yaradıcılığında yenilik bəzən sərlövhə, abzas, misra, söz həcmindədir (“Hacıxana”, “Çuval”). Belə misallar kifayət qədər çoxdur...
– Cəlil Məmmədquluzadə yaradıcılığında sizi cəlb edən əsas cəhətlər haqqında nə deyə bilərsiniz?
– Böyük Mirzə Cəlil yaradıcılığında hər hansı bir əsəri təhlil obyektinə çevirsək, Azərbaycan ədəbiyyatı üçün yeni olan cəhətlər görmək mümkündür. Onun 1889-cu ildə qələmə aldığı “Çay dəstgahı” əsəri ilk qələm təcrübəsi olsa da, bu əsərində belə, bir neçə ilkə imza atıbdır. Bu əsər ədəbiyyatımızda yazılmış ilk alleqorik-mənzum dramdır. Bu əsərlə mənzum dramaturgiyanın əsası qoyulur, “Kimdir günahkar?” sualına cavab axtarılır. 1894-cü ildə qələmə aldığı “Danabaş kəndinin əhvalatları” povesti özünə qədər yazılmış əsərlərdən həm də quruluşuna görə fərqlənir. Həmin əsərin əvvəlində proloq xarakterli “Bir yüngülvarı müqəddimə”, sonunda isə epiloq xarakterli “Xitamə” vardır. Bu, həmin povestin forma yeniliyidir. Elə bir əsər varmı ki, orada Azərbaycan kəndlisi Məhəmmədhəsən əminin, Azərbaycan qadını Zeynəbin, hətta Azərbaycan kəndinin katdası Xudayar bəyin həyatı bu dərəcədə mükəmməl qələmə alınsın? Bu əsər həm özünün strukturuna görə, həm də forma və məzmun, ideya baxımından tamamilə yeni bir hadisə idi.
Ədəbiyyatımızda yeni bir janrın – tragikomediyanın əsası da məhz ədibin “Ölülər” əsəri ilə qoyulub. Cümhuriyyət, Vətən və bütöv bir xalqın istiqlaliyyəti ilə bağlı mövzulara Mirzə Cəlil yaradıcılığında cavab tapa bilirik. Onun əsasını qoyduğu “Molla Nəsrəddin” jurnalı isə Azərbaycan jurnalistikası, mətbuatı tarixində ilk mətbu orqan idi ki, burada satira, karikatura, nəzm və nəsr vəhdət təşkil edir.
– Cəlil Məmmədquluzadə publisistikası barədə nə deyə bilərsiniz?
– Mətbuatda dərc edilən hər bir yazını publisistika adlandırmaq olmaz. İstər bədii olsun, istər elmi, siyasi, bütövlükdə, ən müxtəlif baxışları, prinsipləri əks etdirən publisistika demokratiyanın göstəricisi olmaqla yanaşı, həm də müəllifin yaradıcı təfəkkürünü cəmiyyətin inkişafına, ictimai şüura təkan verən amillər sırasına çıxarır. Bəzən sizə elə gələ bilər ki, Mirzə Cəlil hansısa ötəri hadisədən bəhs edir. Ancaq o, elə bir məsələni gündəmə gətirir ki, bu, xalqın tarixi taleyi ilə bağlı olur. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə ərəb əlifbasının dəyişdirilməsi istiqamətində iş aparıb. Bununla da o, xalqın inkişafına mane olan məsələlərdən birini də əlifbada görürdü. Mirzə Cəlil əsərlərinin bir neçəsi akademik İsa Həbibbəylinin redaktorluğu ilə Pakistanda urdu dilində, ərəb əlifbası ilə dərc edilib. Həmin kitablardan birində yazılır ki, ədib 100 il əvvəl yazsa da, sanki indiki cəmiyyətimizdən yazıb. Xalqda kütləvi savadsızlığın ləğv edilməsi tərəfdarı olan ədib həm də bəzi azərbaycanlıların ruslara meyilliliyini görür, ruslaşdırmanın əleyhinə çıxırdı. Bu günün özündə də soyadların sonundakı “ov”, “ova” ilə əlaqədar o, hələ XX əsrin əvvəllərində özünün “Təzə ufa (ofa-ova) xanımlarımız” adlı felyetonunu yazır. Başlıq əvvəlcə başqa mənanı versə də, əslində, burada həmin məsələyə toxunurdu. Deyərdim ki, onun publisistikasının şah əsəri 1917-ci ildə qələmə aldığı “Azərbaycan” məqaləsidir. Xalqımızı istiqlaliyyətə ruhlandıran bu məqalədəki Vətən ifadəsi vətən qardaşı, vətən oğulları anlamındadır. O, bu məqalə ilə hər bir azərbaycanlını istiqlaliyyəti uğrunda mübarizəyə səsləyir və deyirdi ki, hər bir azərbaycanlı bunu birdəfəlik dərk etməlidir ki, Azərbaycanın istiqlaliyyətindən başqa, özgə nicat yolumuz yoxdur. Biz bu dərsi keçərək öz müstəqilliyimizə qovuşa bildik. Ona görə də Cəlil Məmmədquluzadə müstəqillik uğrunda mübarizənin ön cəbhələrində dayanmaqdadır, – deyəndə də səhv etmirik.
Mən xüsusi vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na Cəlil Məmmədquluzadənin hekayələrinin də salınması bizə bir daha göstərir ki, gənc nəsillər onun əsərlərinə yenidən müraciət etməli, həmin əsərlərdəki qayəni, amalı, məramı, məqsədi yenidən öyrənməli və bütün bunları özlərindən sonrakı nəsillərə çatdırmaqda iş aparmalıdırlar.
Bu işdə ölkə Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubileylə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi ilə əlaqədar sərəncamları da çox mühüm rol oynamaqdadır. Hər iki dövlət sənədi böyük ədibə xüsusi ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Cəlil Məmmədquluzadə irsinə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Sözügedən sərəncamlara əsasən həyata keçirilən tədbirlər böyük ədibin zəngin ədəbi-mədəni irsinin yenidən öyrənilməsi və təbliğində mühüm rol oynamaqla, onun irsinə olan yeni yanaşmaları da ortaya çıxaracaqdır. Mən deyərdim ki, Cəlil Məmmədquluzadə irsi hər dövr üçün aktualdır, dəyərlidir, onun əsasını qoyduğu zəngin yaradıcılıq ənənələri isə ölməzdir.
– Müsahibə üçün çox sağ olun!
Güntac ŞAHMƏMMƏDLİ