22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 18 may tarixli Sərəncamında deyilir: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır”. Sərəncamda da qeyd olunduğu kimi, Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-1992) çoxəsrlik Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm xidmətləri olmuşdur. Onun, xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı rolu danılmazdır. Tanınmış yazıçının geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri Vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir.

Xalq yazıçısı Hüseyn İbrahimov əsərləri ilə həm də milli ədəbiyyatımızın ideya-estetik və məzmunca zənginləşməsində mühüm xidmətlər göstərib. O, 1919-cu il mayın 23-də “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtı kəndində dünyaya göz açıb. Görkəmli Xalq yazıçısı geniş və əhatəli bir yaradıcılığa malikdir. Yaradıcılığa şeirlə başlasa da, hətta iki pyesi teatr səhnəsində tamaşaya qoyulsa da, o, özünü ədəbiyyat sahəsində görkəmli nasir kimi təsdiq edib. Onun ədəbi irsinə məxsus 100-ə yaxın hekayə, 20-dən çox novella, 8 povest, 3 pyes, 5 roman yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir. Hüseyn İbrahimovun çoxşaxəli yaradıcılığındakı “Bahar yağışı”, “Sabahın sorağında”, “Əsrin onda biri”, “Böhtan”, “Nəciblik”, “Kənd həsrəti” və başqa əsərləri böyük əhəmiyyətə malikdir. Xalq yazıçısının ədəbi aləmdə nüfuz qazanmasında yaradıcılığının ilk illərində yazdığı “Bahar yağışı” və “Sabahın sorağında” əsərlərinin rolu böyükdür. Əbəs deyil ki, akademik İsa Həbibbəyli yazıçını ədəbi tənqiddə “Bahar yağışı”ndan çıxan sənətkar” kimi də təqdim edir.

Ədibi müharibə dövrünün yazıçısı da adlandırmaq olar. 1944-cü ildə, yəni müharibə dövründə ədəbiyyata şeirlə gələn Hüseyn İbrahimov “O qoymadı düşməndə anasının qanını” şeiri, “Məzar daşına yazılan yazı”, “Senanın göz yaşları”, “Qorxmaz kapitan” və digər əsərləri ilə müharibənin gətirdiyi və yaşatdığı problemləri əks etdirib. O, bir yazıçı olaraq təkcə müharibə kimi dəhşətli bir hadisənin qanlı döyüş səhnələrini əks etdirməyib, daha çox insanların qəlb dünyası və ruhunda yaşanan hissi­-psixoloji “savaşı” təqdim etməyə çalışıb. Onun üçün insan əbədi və əzəli bədii məqsəddir. Buna görə də o, məharətlə müharibə dövrünün dəhşətlərindən insan talelərinə, həyatlarına enib, məhz bu ömür dünyalarında baş verən prosesləri diqqət mərkəzinə gətirib. Onun yaradıcılığında ailə mövzusu, ailə problemi çox əhəmiyyətli yer tutur. Hüseyn İbrahimov müharibə mövzulu əsərlərində məhz ailələrin yaşadığı dəhşətləri göstərməyi məqsədəuyğun bilib. Onun təbirincə, müharibəni udan da, uduzan da insan deyil, ailələrdir. Bu mənada, onun döyüşçüləri məhz ailə kontekstində öz yerini tapır, bir döyüşçünün döyüş, mübarizə, savaş yolu onun ailə həyatında təzahür etdirilir. Hər bir döyüşən əsgərin qəhrəmanlıq və rəşadətinin arxasında məhz ailə məhəbbəti və onun həsrəti dayanır. Onun əsərlərində əsgərlər Vətənin azadlığını və ailə xoşbəxtliyinin qorunması üçün düşmən qarşısında sərhəd dirəyi kimi dikilirlər. “Ata məhəbbəti” hekayəsində də yazıçı bir döyüşçünün ailəsini və hələ doğulmamış körpəsinə olan məhəbbətini əks etdirir. Doğulmamış körpəsinin şəklini fəhmlə yaradan Bahadır hamını heyran qoyur. Onun “İnam”, “Şirin xatirə”, “Zərifənin çiçəkləri”, “Sakit axşamlar” və digər əsərlərində də vətənpərvərlik ruhu, dərin məna vardır.
Yazıçı cəmiyyət quruculuğu, sülh və əmin-amanlıq dövründə də insan taleləri ilə ailə talelərini paralel, qoşa qanad olaraq təqdim edir. Əmək, sadəlik, nəciblik onun təsvir və təqdim etdiyi qəhrəmanların əsl simasıdır. Ümumiyyətlə, bu keyfiyyətlər yazıçının insanda görmək istədiyi ən ali keyfiyyətlərdir. “Qoca və dəniz”, “Nazbalış”, “Göyərçinin məhəbbəti”, “Baharın hekayəsi”, “Səhv edəndə” kimi əsərlər insan talelərinin təsviri ilə bərabər, xarakterlərin təqdimi baxımından da diqqətəlayiqdir. Hüseyn İbrahimovun qəhrəmanları əməksevər, vətənpərvər, sədaqətli və vəfalı, bağışlayan və qayğıkeş olmaları etibarilə də xarakterik və mənən zəngindirlər. Fərrux kişi əməksevərliyi (“Qoca və dəniz”), Kərim əmi təbiətcanlılığı (“Kərim əmi”), Nazlı nənə ailəcanlılığı (“Nazbalış”), Vahid müəllim insan­sevərliyi (“Səhv edəndə”) məharətlə təcəssüm etdirir. Yazıçı “Səhv edəndə” əsəri ilə cəmiyyəti yol verdikləri səhvə görə insanları bağışlamağa, onları yeni, doğru bir həyat yaşamağa, bir-birlərinə qayğı göstərməyə səsləyir.
Hüseyn İbrahimovun əsərlərinin bir özünəməxsusluğu da vardır: doğulub boya-başa çatdığı Naxçıvanı bütün varlığı ilə əks etdirmək və bu vəsilə ilə də bütöv Vətənini tərənnüm və təsvir etmək. Onun ucaltdığı qəhrəmanı da, tənqidə məruz qoyduğu mənfi xarakterli tipləri də, məhəbbətini, sədaqət və vəfasını öydüyü, əməksevərliyini, vətənpərvərliyini, qayğıkeşliyini təqdim etdiyi insanlar da gözəlliyini, təravətini, tarixini, mədəniyyətini tərənnüm və vəsf etdiyi doğma Naxçıvanla bağlıdır.
Bu qədim diyarın yetişdirdiyi görkəmli memar Əcəmi Əbubəkr oğlunun taleyi və sənətindən bəhs edən “Əsrin onda biri” romanı isə tarixi mövzuda yazılan qiymətli əsər kimi bədii nəsrimizdə xüsusi yer tutmaqdadır. Həmin əsərin əsas ideya-bədii dəyəri ondan ibarətdir ki, əgər bu möhtəşəm abidənin sifarişinin səbəbi Atabəy Eldənizin ömür-gün yoldaşı Mömünə xatına olan sonsuz məhəbbət və tükənməz vəfasıdırsa, abidənin sənət möhtəşəmliyinin sirrində isə Əcəminin elə, torpağa bağlılığı, sənətə vəfası dayanır. Müəllifin “Əsrin onda biri” adlandırdığı bir dövrdə Naxçıvanın inkişaf və intibahının kökündə el, oba, yurd sevgisi, Vətəninə, elinə, xalqına məhəbbət bəsləyən qeyrətli insanların nəcib fəaliyyətləri yer alır.
Böyük Azərbaycan şairi Hüseyn Cavidin ağrılı-acılı ömür yoluna həsr olunan “Böhtan” əsərində həm də çalxalanan və mürəkkəb, ziddiyyətli, psixoloji gərgin bir tarixi mərhələ əks olunur, dahi şairin yaradıcılıq taleyindən fəxarətlə bəhs edilir. Hüseyn Cavidin şəxsiyyət əzəməti təkcə onun şair, sənətkar qüdrəti ilə müəyyənləşmir, daha çox xalqına göstərdiyi xidmət və Vətəninə bəslədiyi məhəbbətlə ortalığa çıxır, özünə əsl əzəmət, möhtəşəmlik qazanır. Çünki bu qüdrətli söz ustadı şair olmaqla bərabər, həm də ləyaqətli və əzmkar xalq müəllimi, nəhəng bir pedaqoqdur. Hüseyn Cavidin xalqına istiqlal düşüncəsi, maarif, mədəniyyət aşılaması kimi misilsiz xidmətləri əsərin ideya mövzularından birini təşkil edir. Elə ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin əzəmət dolu şəxsiyyətinə və qiymətli yaradıcılığına bəslədiyi ehtiram və məhəbbətin kökündə də məhz dahi liderin xalqına və Vətəninə sonsuz məhəbbəti dayanır.
Hüseyn İbrahimovun konkret olaraq ayrı-ayrı mövzulara həsr olunan əsərlərində yer alan hər bir müsbət qəhrəmanın arzusunda, əməllərində yurd sevgisi, Vətən məhəbbəti qabarıq şəkildə öz əksini tapır. Göyərçinin vəfa və sədaqətində (“Göyərçinin məhəbbəti”), uzaq torpaqlarda döyüşüb yaralanan Vahidin dözüm və qəhrəmanlığında (“İnam”), Yelmar Zərgərlinin insanlığı, təmizliyi və halallığında (“Təmiz adam”), Sabirənin səbir, dözüm və iradəsində (“Xəcalət”), Musa müəllimin məhəbbət və vəfasında (“Köhnə onluq”), Şadiyyənin vəfa və qayğıkeşliyində (“Qadın nəfəsi”), Sənəmin əfsanələşmiş məhəbbətində (“Qızlar bulağı”), Nazlı nənənin kənd həsrətində (“Nazbalış”), Yazgülün qəhrəmanlığı və vəfalılığında (“Şirin xatirə”) məhz yurd sevgisi, xalqa, Vətənə bağlılıq kimi ali insani keyfiyyətlər tərənnüm olunur.
Xalq yazıçısının “Kənd həsrəti” hekayəsi isə bilavasitə yurd sevgisinin ən uca zirvəsi və ən layiqli nümunəsini təşkil edir. Qoşqar Çinarlının uzun illər doğulub, boya-başa çatdığı doğma Kosalı kəndindən uzaq düşməsi onun qəlbində, ruhunda bir yurd nigarançılığı formalaşdırır. Yaşadığı xoşbəxt, firavan və rahat həyat şəraitinə, bütün şüurunu mənimsəmiş elmi fəaliyyət və vaxtını alan beynəlxalq konfranslara baxmayaraq, qəlbinin dərinliyində sızıltılı bir kənd həsrəti onu narahat etməyə başlayır. Bir televiziya kanalından doğma Kosalı kəndindən göstərilən qısa bir süjet isə onu daha da kədərləndirir, bu həsrətə atəşli bir od vurur. Təkliyə qapılan bu yaşlı professoru uşaqlıq xatirələri, keçmiş həyatı ağuşuna alır, ömür-gün yoldaşı Mehri yadına düşür, xəyalən onunla danışır, ata-anasını xatırlayır və artıq keçmişə dönmüş bu xatirələr qoca professoru özü ilə aparır; övladları otağa daxil olub ona baş çəkəndə isə bu qocaman atadan, sadəcə, vəsiyyət ifadə edən bir parça kağız qalmışdı: “Məni Kosalıda dəfn edin”.
Onun əsərlərində xüsusi məhəbbətlə və bir az da həsrətlə təsvir olunan Kosalı kəndi elə yazıçının doğma kəndi olan Şahtaxtının bədii əksidir. Müxtəlif əsərlərində tez-tez adına rast gəlinən müsbət qəhrəman, əzəmətli insan obrazını canlandıran Vahid müəllimi isə ədibin prototipi hesab etmək olar. Bu görkəmli yazıçı insanda hər zaman nəciblik axtardığı kimi öz yaradıcılığı, həyatı və fəaliyyəti boyunca da nəcabətini ləyaqətlə qorumuş, nəcibliyin keşiyində dayanmışdır. Yazıçının “Nəciblik” əsərində təsvir etdiyi hadisələrdən çıxan dərs insanın yaşadığı həyat boyunca nəcib davranmasına çağırışdır. Xalq yazıçısının yaradıcı­lığına çox yüksək dəyər verən görkəm­li akademik İsa Həbibbəyli bu barədə yazır: “Yazıçı hekayələrindən yalnız birini “Nəciblik” adlandırsa da, əslində, bütün yaradıcılığı boyu nəcib insani dəyərləri qələmə almış, yarım əsrdən çox nəcibliyin keşiyində dayanmışdır. “Nəciblik” Hüseyn İbrahimovun təkcə hekayəsinin adı deyil, özünün də yaradıcılıq portreti və mənəvi pasportudur”.
Hüseyn İbrahimovun məhəbbət ruhlu əsərləri içərisində xüsusi yeri ilə seçilən “Qızlar bulağı” hekayəsində Naxçıvanı əfsanələr yurdu kimi təmsil edən Qızlar bulağından bəhs olunur. Bu bulaq özü haqqında rəvayətlərlə adını əfsanələşdirmiş, yazıçı Hüseyn İbrahimovun məharətli qələmi və zəngin intuisiyası ilə sanki yenidən qələmə alınmışdır. Onun məhəbbət mövzulu əsərlərində əzəmətli bir eşq, ilahi bir məhəbbət öz yerini tapır. “Göyərçinin məhəbbəti”, “Şirin xatirə”, “Qadın nəfəsi”, “Qu quşları öləndən sonra oxuyur”, “Baharın hekayəsi”, “Qızlar bulağı” və başqa əsərlərində məhz təmiz, saf məhəbbətin tərənnümü, sədaqət və vəfa dolu sevginin qələbəsi insana nəcib duyğular bəxş edir. Onun əsərlərində vəsf və tərənnüm olunan məhəbbət sadəliyi, saflığı, təmizliyi ilə sevilir.
Xalq yazıçısı Hüseyn İbrahimov böyük ustadı Cəlil Məmmədquluzadədən təsirlənərək bir sıra satirik-yumoristik əsərlər də yazıb. “Yeddinci meyit”, “Nəciblik”, “Zırrama”, “Eyvazovun salamı”, “Day lazım olmadı” və digər əsərlər yeni həyatdakı köhnəlikləri, gerilikləri tənqid və ifşa baxımından çox əhəmiyyətlidir. O, insanların nəcabətinə kölgə salan keyfiyyətləri qırmanc­layaraq mənəvi zənginlik və ali keyfiyyətlər əxz etdirir. Tənqidçi Qulu Xəlilovun təsdiq etdiyi kimi: “Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir”.
Şahin Səfərov haqlı olaraq qeyd edib ki, “Hüseyn İbrahimov düşünən və düşündürən yazıçıdır”. Yaradıcılığında doğma Naxçıvan aləmindən dünyaya boylansa da, Xalq yazıçısı, Süleyman Rəhimovun dediyi kimi: “Hüseyn İbrahimovun yaradıcılığı məhəlli ölçü istəmir... O, bütöv Azərbaycan ­yazıçısıdır”.
Bəli, həyatının əlli ildən artıq bir dövründə bədii yaradıcılıqla məşğul olan Xalq yazıçısı Hüseyn İbrahimovun əsərləri gənc nəslin əxlaqi-mənəvi tərbiyəsi üçün çox əhəmiyyətlidir. Onun bu zəngin yaradıcılığını yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev demişdir: “...Yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, müdrik ziyalı mövqeyiniz Sizə hörmət gətirmişdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 13 may tarixli Sərəncamında deyilir: “Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.
Vətəninə, torpağına bağlı olan, xalqa dərin məhəbbət bəsləyən Xalq yazıçısı Hüseyn İbrahimovun gələcəyə səslənərək dediyi: “Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” kimi dəyərli, müdrik sözlər neçə illər gənc nəsillərin qulağında əks-səda verərək onlara el, oba, yurd cavabdehliyi və vətənpərvərlik ruhu, tərbiyəsi aşılayacaqdır. Eləcə də qoca bir çinar ömrünü xatırladan Xalq yazıçısının zəngin söz sərvəti, müdriklik əxz edən qiymətli əsərləri illərcə insani dəyərlərin və nəcibliyin əhatəsində qol-qanad açaraq onun keşiyində dayanacaqdır.

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR