22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda milli dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı xalq yaradıcılığının müxtəlif sahələrinin yaşadılması və inkişaf etdirilməsinə mühüm töhfələr verir. Həmin sərəncamda milli dəyərlərimizin digər sahələri ilə yanaşı, milli mətbəxin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirmək də əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il ­ 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqaməti də xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması, unudulmaqda olan mətbəx nümunələrimizə yeni həyat bəxş edilməsindən ibarətdir. Bunun üçün əsasını təbii qidalar təşkil edən milli mətbəx nümunələrimizin sistemli və dolğun şəkildə tanıdılması həm də kulinariya turizminin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə bildirdi ki, Naxçıvanın ­əlverişli-coğrafi şəraiti, uzaq qərinələrə gedib çıxan böyük keçmişə və yüksək inkişaf etmiş mədəniyyətə malik olması onun mətbəxində də öz əksini tapıb. Muxtar respublikamızda zəngin tarixə malik mətbəx mədəniyyətimizin mühüm tərkib hissəsi olan süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb.

Mərkəzin direktoru söhbət zamanı onu da bildirdi ki, milli mətbəximizin qorunub saxlanılması, onun elmi-tarixi əsaslarla lazımınca inkişaf etdirilməsi, milli yeməklərimizin başqaları tərəfindən özününküləşdirilməsinin qarşısının alınması istiqamətində əsaslı addımlar atılır. Naxçıvan mətbəxinə məxsus olan müxtəlif yemək reseptləri tarixi faktlara dayanaraq kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələr vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təbliğ edilir.
Qeyd edək ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər son illər ərzində milli və mənəvi, maddi və mədəni sərvətlərimizi özününküləşdirmək istəyən, xalqımıza məxsus bir sıra milli yeməklərimizi, o cümlədən plovu, dolmanı, basdırmanı, kababı, dovğanı öz adlarına çıxmağa çalışan bədnam qonşularımıza da tutarlı bir cavabdır.
Direktor qeyd etdi ki, mərkəzin əməkdaşları muxtar respublikanın müxtəlif bölgələrinə səfərlər etməklə, unudulmaqda olan mətbəx nümunələri haqqında məlumatların toplanması və bərpası, təbliği, mətbəxlə bağlı folklor nümunələrinin əldə olunması ilə müntəzəm məşğul olurlar. Mərkəz unudulmaqda olan bir sıra mətbəx nümunələrimizə də yeni həyat bəxş edib. Belə mətbəx nümunələri içərisində Şahbuz bölgəsinə məxsus “Şıppır qovurması” adlı yemək növünü, Ordubad rayonuna aid kömbə kökə və digər rayonlarımıza məxsus qurud əzməsi, çörək növlərindən biri olan cad və başqalarını göstərmək olar.
Türkay Səfərzadənin sözlərinə görə, mərkəz tərəfindən qədim mətbəx əşyaları və onların istifadə qaydaları da öyrənilir. Milli mətbəxlə bağlı folklor nümunələri toplanılır, qədim mətbəx nümunələrimizi tanıtmaq məqsədilə müsabiqələr, festivallar təşkil edilir. Kulinariya sahəsində bacarıqlı və istedadlı mütəxəssisləri müəyyən etməklə onlara hərtərəfli yardımların göstərilməsində və bu sahədə ixtisaslı kadrların hazırlanmasında əsaslı işlər görülür. Mərkəz milli mətbəxlə bağlı buklet və kitabların nəşrə hazırlanmasını da diqqətdə saxlayır. Belə ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” adlı, 2017-ci ildə isə Naxçıvan folklorunda mətbəx elementlərindən bəhs edən kitablar hazırlanıb.
Mərkəz muxtar respublikada milli mətbəximizə aid olan bütün tədbirlərdə, o cümlədən “Yaradıcı əllər”, “Çörək”, “Plov”, “Kətə” festivalları çərçivəsində təşkil edilən müsabiqələrdə münsiflər heyəti kimi milli yeməklərin qiymətləndirilməsində yaxından iştirak edir.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi hər həftənin 5-ci günü Naxçıvan Qızlar Liseyində təhsil alan şagirdlərə də milli mətbəximizin müxtəlif nümunələrinin hazırlanma qaydası ilə bağlı dərslərin tədrisini təşkil edir. Bu, gələcəkdə kulinariya sahəsində peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir. Gələcəkdə belə dərslərin muxtar respublikamızın digər ümumtəhsil məktəblərində keçilməsi də nəzərdə tutulur.
Mərkəz Naxçıvan mətbəxinin təbliğ olunması sahəsində bir sıra işlər görüb, beynəlxalq kulinariya festivallarında da muxtar respublikamızı təmsil edib. 2011-ci ildə “Naxçıvan” komandası Türkiyədə keçirilən IX Beynəlxalq İstanbul Kulinariya Festivalında 20-yə yaxın ölkə ilə yarışıb, 4 gümüş medalla, 3 diplomla təltif olunub. Həmçinin Bakıda Novruz mətbəxinin təşkilində yüksək səviyyəli iştirakına və Naxçıvan mətbəxinin, təbliğinə görə, Beynəlxalq Kulinariya Günü münasibətilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən diplom­larla təltif olunub.
Milli dəyərlərimizi qorumaq, illərin sınağından çıxmış mədəniyyətimizə sahib çıxmaq, onu müasir tələblər səviyyəsində zənginləşdirmək və nəsildən-nəslə ötürmək һәr birimizin borcudur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR