Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muxtar respublika ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinin yekun tədbiri olub.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünün önünə gül dəstələri düzüblər.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı və təbliğindəki misilsiz xidmətlərindən danışıb.
Qeyd edilib ki, ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin və Naxçıvan Musiqi Kolleci tələbələrinin muxtar respublika ifaçılıq, rəsm və inşa yazı müsabiqəsi gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşmasını, onlarda vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoymuşdur.
Çıxışda bildirilib ki, ifaçılıq müsabiqəsində müxtəlif musiqi ixtisasları üzrə təhsil alan şagirdlər, həmçinin xalq çalğı və nəfəsli alətlər orkestrləri, skripkaçalanlar ansamblı da öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə 2 turdan ibarət olub. İlk turda 427 fərdi ifaçı və 40 kollektiv iştirak edib. Müsabiqədə iştirakçıların ifaları 10 ballıq sistem üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən II turda 283 fərdi ifaçı iştirak edib. Müsabiqədə bir sıra ixtisaslar üzrə 2 yaş qrupu müəyyən olunub, ayrı-ayrı nominasiyalar üzrə mükafatlar təsis edilib. Nəticə etibarilə, 37 nəfər birinci, 52 nəfər ikinci, 53 nəfər isə üçüncü dərəcəli diplomlara, digər iştirakçılar da diplom və fəxri fərmanlara layiq görülüblər.
Sonra müsabiqənin mükafatlandırma mərhələsi başlayıb.
Müsabiqədə Ordubad Şəhər Uşaq Musiqi Məktəbi I, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi II, Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi isə III dərəcəli diploma layiq görülüb, eyni zamanda “İlin məktəbləri” adını da qazanıblar.
Naxçıvan Musiqi Kolleci isə müsabiqədə fəal iştirakına görə fəxri fərmanla təltif edilib.
Sonra yekun konsert olub.
Əli RZAYEV