Naxçıvan ictimaiyyəti ötən ay mühüm və əhəmiyyətli bir mədəni tədbirin keçirilməsinə şahidlik etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvanda Duz Muzeyi istifadəyə verildi. “Duzdağ” otelində Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan bu muzey bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.
Aprelin 25-də Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.
Bəli, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu unikal muzeyin yaradılması muxtar respublikamız, eləcə də ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki şəhər mədəniyyətinin formalaşması ölkəmizdə qədim yaşayış məskənlərinin hamısı üçün xarakterik deyil. Bu mədəniyyətin formalaşması üçün eyni bölgədə kütləvi əmək məşğuliyyətinin təmin olunması və bunun da əsasında ictimai yaşayış şərtlərinin zəruriliyini doğuran səbəblər olmalıdır. Şəhərləşmə isə məhdud bir ərazidə birgəyaşayış tələblərini doğurur ki, bu da ictimai şüurun inkişafından irəli gəlir. Bu baxımdan Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda bəşəri əhəmiyyət daşıyır. Çünki söhbət 5000-7000 illik davamlı bir fəaliyyət sahəsindən gedir. Elə bu muzeyin unikal olmasını şərtləndirən amil də odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub. Bildiyimiz kimi bu gün bir çox ölkələrdə elə muzeylər mövcuddur ki, turist cəlbi baxımından qeyri-adi maraqların məcmusu kimi çıxış edir. Naxçıvanda yeni açılmış bu muzeyi qeyri-adi edən isə təbiətin bizə bəxş etdiyi sadə bir nemətin minilliklər boyu qədim bir mədəniyyətin daşıyıcısı rolunda çıxış etməsidir.
Burada bir məqamı qeyd etmək istərdik. Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından üç obyekt daha çox diqqətçəkicidir: Əshabi-Kəhf mağarası, Duzdağ, Nuh Peyğəmbərin türbəsi. Bu obyektlər ona görə əcnəbi turistlərin marağındadır ki, onlar mahiyyət etibarı ilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Hər üç obyekt haqqında digər ölkələrin vətəndaşları da məlumatlıdırlar. Muxtar diyarımıza gələn turistlərin bu ünvanlara daha çox yönəlməsi də qədim diyarımızın zəngin tarixinə hədsiz marağın nəticəsidir. Ancaq burada diqqətçəkən məqam odur ki, Duz Muzeyində Nuh Peyğəmbərin heykəlinin qoyulması bura gələn tamaşaçıları Naxçıvanı Nuhla bağlayan cəhətlər haqqında bir daha düşünməyə sövq edir. Bu da ondan irəli gəlir ki, turizmdə vizual görüntü şifahi və yazılı məlumatlardan daha çox təsiredici gücə malikdir. Bütün bunlar Naxçıvanın qədim Nuh diyarı kimi təbliğində əhəmiyyətli rol oynayır. Ümumilikdə isə Naxçıvan Duz Muzeyi dünyada duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin, eləcə də bəşər insanının ilkin istehsal mədəniyyətinin formalaşmasını tamaşaçılarına əyani şəkildə təqdim edən mədəniyyət müəssisəsidir.
Səbuhi HƏSƏNOV