Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Memarlıqla rəssamlığın vəhdəti” adlı sərgi təşkil edilib. Muxtar respublika Memarlar Birliyi ilə birgə təşkil olunan sərginin açılışında Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Naxçıvan memarlıq mühiti tək Azərbaycanda deyil, Şərq memarlığında da seçilib, Yaxın və Orta Şərqdə təsir dairəsinə malik olub. Təqdirəlayiq haldır ki, bu gün Naxçıvanda tikilən binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubu ilə də fərqlənir. Bu binalar yerləşdikləri ərazilərə xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Qabaqcıl dünya təcrübəsini və milli ənənələri mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.
Qeyd olunub ki, tarixboyu rəssamlıqla memarlıq vəhdət təşkil edib. Həm memarlıq nümunələrində, həm də rəsm əsərlərində bu bağlılıq özünü açıq şəkildə göstərir. Yaxşı rəssam, peşəkar memar olmaq istəyənlər hər iki sənətin incəliklərini dərindən mənimsəməlidirlər. Bunun üçün muxtar respublikada hər cür şərait yaradılıb. Təşkil olunan belə sərgilər sənət baxımından və ruhən yaxın olan rəssamlarla memarların yaradıcılıq əlaqələrini daha da möhkəmləndirir və onların sənət uğurlarına stimul yaradır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin layihə-smeta qrupunun rəhbəri Qabil Cəfərov, Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək gənc rəssam və memarları sərgi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Rəssamlar Birliyi tərəfindən gənc memarlara Azərbaycan memarlığını özündə əks etdirən kitablar təqdim edilib, sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə naxçıvanlı rəssamların əl işləri ilə bərabər, memarlıq nümunələri, rəngkarlıq və qrafika, maket və kompüter qrafikası ilə işlənmiş əsərlər də yer alıb. 27 rəsm əsərinin və 27 memarlıq layihəsinin nümayiş olunduğu sərgi aprelin 30-dək davam edəcək.
Nail ƏSGƏROV