23 Dekabr 2024, Bazar ertəsi

Yaşıl dona bürünmüş uca və əzəmətli dağlar, durnagözlü ­bulaqlar, gursulu çaylar uzun yola körpü salmışdı. Bu mənzərənin sehrinə düşə-düşə üz tutduğum ünvana yetişdim. Yaz öz gəlişi ilə Ordubad rayonunun Bist kəndinə bir başqa gözəllik bəxş etmişdi. 

Uzaq yol gəlsəm, bir az yorğun olsam da, bu füsunkar mənzərəni seyr etməkdən doymurdum. Axşam­üstü idi... Göbələk, əsasən, səhər tezdən yığıldığından həmin günü xala­qızımgildə gecələdim. İkimiz də göbələyin bitdiyi yerləri uşaq vaxtlarından çox yaxşı tanıyırdıq. Hələ o zamanlar yaz aylarında heç olmasa, həftədə bir dəfə nənəmlə birlikdə gedərdik göbələk yığmağa. Həmin yerlərə piyada getmək üçün bir neçə saat vaxt sərf etməli idik. Elə bu səbəbdən ertəsi gün sübh tezdən üz tutduq Tillək meşəsinə, Gəmiqayanın ətəklərinə... Meşəyə çatanda Günəş dağların arxasından yenicə boylanırdı. Belə sübh tezdən düşünmürdüm ki, bu yerlərdə bizdən başqa göbələk axtaranlar olmaz. Ancaq bizdən öncə meşəyə göbələk yığmaq üçün gələn bir neçə ortayaşlı qadın və bir də nurani bir ağsaqqalla rastlaşdıq. Otların üzərindəki şehdən hiss olunurdu ki, gecə bu tərəflərə xeyli yağış yağıb. Həzin-həzin yağan yağışdan sonra Günəşlə birlikdə torpağın təbiətə bəxş etdiyi göbələk isə yağışı sevdiyindən bu yerlərdə onu tapmaq o qədər də çətin deyildi. Hələ balaca ikən nənəm bizə necə göbələk yığmağı öyrətmişdi. Elə bu səbəbdən onu yığmağın qaydalarını bilirdik. Çoxları bilir, göbələyi necə gəldi yığmaq olmaz. Çünki belə olduqda torpağın ana təbiətə bəxş etdiyi bu ləziz və fayda­lı “başıpapaqlı”nın kökünə, necə deyərlər, daş atmış oluruq. Onu gövdəsinin torpağa, təqribən, 2-3 santimetr yaxın hissəsindən iti alətlə kəsmək lazımdır. Bu zərif neməti kobudluqla torpaqdan dartıb-qopardıqda ovulub əlinizdə qalacaq. Bu isə həm onun kökünə zərər verəcək, həm də yığılan məhsul zay olacaq. Ona görə də onu zərifliklə toplamaq lazımdır. Göbələyi polietilen torbalara yığmaq onun tərləməsinə, əzilməsinə səbəb olur. Əzildikdə isə qida dəyəri azalır və daha tez xarab olur. Elə bu ­səbəbdən göbələk yığarkən həsirdən toxunmuş səbətlərdən ­istifadə olunur.

Yaxınlıqda böyük sal daşın üstündə əyləşib, dincini alan baba: “Kənd adamına oxşamırsan, amma göbələyi o qədər səliqə ilə yığırsan ki, nə torpaq inciyir, nə göbələk, sanki onların dilindən anlayırsan”, – dedi. Gülümsəyərək cavab verdim: “Düzdür, burada yaşamıram, amma uşaqlığım bu dağda-daşda keçib. Göbələk yığmağı da nənəmdən öyrənmişəm”. Ehtiyatla səbətimi ­götürüb, adını az əvvəl öyrəndiyim İsmayıl babanın yanında əyləşdim. Ona göbələklərlə bağlı suallar verdim, xüsusilə də zəhərli göbələkləri tanımağın yolları, üsulları barədə...
Hələ uşaqkən nənəm bizə 2 cür göbələyi yığmağı məsləhət görürdü. O deyirdi ki, bu yerlərdə çoxlu göbələk növü olsa da, onların zəhərli olma ehtimalı var. Ona görə də elə dədə-babadan onlar bu iki göbələyi yığar, onlardan yemək hazırlayarmışlar. Bu göbələklər “dağ” və “çəmən” göbələyi adlanır. Bu adlardan da məlum olduğu kimi dağ göbələyini yalnız dağda, çəmən göbələyini isə çayətrafı çəmənliklərdə tapmaq mümkündür. Dağ göbə­ləyinə ildə yalnız yaz mövsümünün aprel-may aylarında, çəmən göbələyinə isə həm yaz, həm payız, hətta əgər hava nəm keçibsə, yay aylarında da rast gəlinir. Dağ ­göbələyi ildə bir dəfə bitsə də, çəmən göbələyindən daha dadlı olur və çəmən göbələyinə nisbətən torpağın səthində daha çox qalır. Elə mənim tanıdığım, hələ uşaqkən nənəmin öyrətdiyi də yalnız bu iki göbələk idi. Onu yığarkən qarşıma bir çox başqa göbələklər çıxsa da, zəhərli ola biləcəyini düşünüb heç birini dərməzdim.
Bunları İsmayıl babaya danışarkən söhbətimə o da qoşulur, deyir ki, bu dağlarda zəhərli göbələklərin yeməlilərə nisbətən çox az olmasına baxmayaraq, onlara hər yerdə rast gəlmək olar. Bu səbəbdən bəzən təcrübəsiz göbələk həvəskarlarının qazanında zəhərlilər də bişirilir. Bəzən belə fikir yürüdülür ki, guya zəhərli növləri yeməlilərdən ayırmağın xüsusi üsulları var. Məsələn, göbələk kəsildikdə rəngi göyərirsə, guya bu növ mütləq zəhərlidir. Belə bir fərziyyə də var ki, zəhərli göbələklər yeməli növlərdən fərqli olaraq südü çürüdür, həm də belə göbələklərlə bir qazanda bişən baş soğan və sarımsağın, habelə bu qazana salınmış gümüş qaşığın rəngi qaralır. Ən təhlükəlisi isə budur ki, onlara əməl edilməsi ağır zəhərlənmələrin baş verməsi ilə nəticələnir. Buna görə də ən etibarlı üsul tanış olmayan göbələkləri yığmamaqdır. İsmayıl baba deyir ki, bu yerlərdə, əsasən, sənin tanıdığın zəhərli olmayan dağ və çəmən göbələklərinin yığımına üstünlük verilir. Ancaq yerin səthinə diqqət etsən, torpağın altında böyüyən şampinyon göbələyinə də rast gələ bilərsən. Bu göbələklər yerin altında gizlənərək torpağı cadarladıb, onun səthini şişirir. Həmin göbələk barədə məlumatı olmayan adam çətin bu göbələyi tapıb, toplaya bilsin. Hazırda aran kəndlərində ən çox yığılan və istifadə olunan göbələk növü də şampinyondur. O kəndlərdə bu yerlərdə bitən dağ göbələyinə çətin rast gəlmək olar. İsmayıl kişi deyir ki, adını sadaladığımız göbələklərdən başqa, yaz aylarında ağaclarda, xüsusilə qələmə, cəviz, gilas ağaclarında da yeməli göbələklərlə qarşılaşa bilərik. Ancaq ağacda bitən göbələklərin əksəriyyəti zəhərli olduğundan ağac göbələyindən istifadə edənlər yalnız onları peşəkarcasına tanıyanlardır. Həm də ağac göbələyinə ona görə üstünlük verilmir ki, bu göbələklər ağac üzərində çox az sayda bitir.
İsmayıl kişi ilə maraqlı söhbətimizdən sonra onunla sağollaşıb, zənbilimizi götürüb, yol alırıq kəndə... Və mən səbirsizliklə evə çatıb, zənbildəki göbələklərdən yağ-­soğanla çığırtma hazırlamağa səbirsizlənirəm.
Çöldən qayıdanda nahar vaxtı çoxdan çatmışdı. Sübh tezdən saf, bol oksigenli təbiət qoynunda ­olduğumdanmı, göbələk yemək arzusundanmı yamanca iştaha gəlmişdim. Tez-tələsik yığdığım göbələkləri səliqə ilə həyətdəki bulağın buz kimi suyu ilə yuyub xırda-xırda doğradım. Qaynar suda azacıq pörtlədib qara suyunu atdıqdan sonra soğanı yağda dağ edib, duz və istiot vurub hər ikisinin bir yerdə həzin odda bişməsini gözlədim. Xalaqızım da yeməyin üstünə yumurta çırpdıqdan sonra yığışdıq süfrə başına.
Nahar zamanı elə sözümüz-söhbətimiz də yediyimiz göbələyin faydasından oldu. Qohumlarımız dedi ki, yeməklərə xüsusi ləzzət qatan, vitamin mənbəyi hesab olunan göbələyin sağlamlıq faydaları tükənməzdir. Orqanizmin müqavimətini artıran göbələk bir çox xəstəliyə qarşı immunitet yaradan və həmin xəstəliklərdən bizi qoruyan bir qida növüdür. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk ət yeməklərini əvəz edən ən sağlam qida hesab olunur. Göbələk artıq çəkidən azad olmaq istəyənlər üçün də əhəmiyyətli, şəkərli diabet xəstə­lər üçün ideal bir qidadır. Çünki göbələk həm də təbii insulin və ferment saxlaması baxımından qanda şəkərin miqdarını tənzimləməyə kömək edir. Göbə­lək həm də həzmi asanlaşdırır.
Bir sözlə, ana təbiətimizin bizə bəxş etdiyi göbələklər insan orqanizmi üçün bir çox faydaları ilə tanınır. Ancaq qeyd etdiyimiz kimi, göbələyi tanıyaraq toplamaq, həm də tükənməməsi üçün bunu qaydalara uyğun etmək lazımdır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR